Ərzaq təhlükəsizliyimiz nə dərəcədə təmin edilib? - TƏHLİL

Ərzaq təhlükəsizliyimiz nə dərəcədə təmin edilib? - TƏHLİL
18:53 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətidir. 2000-ci ilin iyun ayında Azərbaycan hökuməti Avropa komissiyasının ərzaq təhlükəsizliyi proqramına qoşulmaq üçün memorandum imzalayıb. Beləliklə, ölkədə Ərzaq Təhlükəsizliyi Proqramı hazırlanıb. Ölkə prezidenti tərəfindən 2001-ci il 2 mart tarixli sərəncamla təsdiqlənib. Ötən müddət ərzində proqram çərçivəsində hökumət çoxsaylı tədbirlər həyata keçirib. Ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları qəbul edib.

Dünyada ərzaq qıtlığı gözlənilir

Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artımı, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu ərzaq məhsullarının dünya bazarlarında qiymətlərini artırıb. Hətta bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq. Beynəlxalq Ərzaq Təşkilatı ekspertlərinin qənaətinə görə, dövlətin ərzaq təhlükəsizliyinin əsas ölçüləri ölkədə taxıl ehtiyatlarının ümumi həcmi, növbəti məhsul yığımına qədər onun saxlanması və əhalinin hər nəfərinə düşən taxıl istehsalı hesab edilir. Dünya təcrübəsində o ölkənin ehtiyatı təhlükəsiz sayılır ki, ölkə əhalisinin illik istehlakının 17 - 20% -i həcmində taxıl ehtiyatı mövcud olsun. Başqa sözlə, taxıl resursu illik istehlakdan əlavə, ölkə əhalisinin daha 2 ay müddətinə taxıla olan tələbatını təmin etmək imkanı versin. Xatırladaq ki, təkcə 2015-ci ildə Azərbaycanda 2,9 milyon ton taxıl istehsal olunub. Onun 1,7 milyon tonu buğdanın payına düşüb. Daxili istehsal hesabına tələbat 70-80 faiz ödənilib. Azərbaycan 2015/2016 kənd təsərrüfatı ilində Rusiyadan idxal edilən taxılın həcmini 5,7%-dən 3,6%-ə endirib.

Sektorun inkişafına yönələn dövlət proqramları

Ekspertlər deyir ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında aqrar sektorun rolu böyükdür. Bu səbəbdən də ölkədə aqrar sektorun inkişafının əsası ötən əsrin 90-cı illərinin ortalarından qoyulub. Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq Təşkilatı (FAO) ilə birlikdə, bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılıb. Rəsmi rəqəmlərə görə, son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində 871 yeni təsərrüfat subyekti yaradılıb. Bu isə təxminən 3 milyon əhalinin işlə məşğuliyyəti deməkdir. 3 milyon nəfərin aqrar sektorda çalışması həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Aqrar sahənin inkişafı, yoxsulluğun azaldılması regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında da aparıcı yer tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002—2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı” da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır.

Dövlət dəstəyi

Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə subsidiya ayrılır və güzəştli kredit verilir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələr 70 faiz güzəştli qiymətlərlə satılır. Satıcı tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin yuxarı həddi hər hektar əkin sahəsinə görə 80 manat müəyyən məbləğində edilib. Bundan başqa, hər hektar buğda və çəltik səpininə görə 40 manat məbləğində yardım verilir. İstehsalçılara eyni zamanda, yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat məbləğində yardım ayrılır. Pambıq və tütün istehsalçılarına gəlincə, istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir.

Nəzərə çatdıraq ki, 2016-cı ildə dövlət büdcəsindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 32,0 milyon manat, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə kreditlərin verilməsi üçün Kənd Təssərüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5,0 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Kənd təsərrüfatı rəqəmlərdə

Hazırda Azərbaycanda aqrar sektorun inkişafı əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatı (bəzi məhsullara görə artıqlaması ilə, bəzi məhsullara görə isə böyük ölçüdə) ödəməyə imkan verir. Belə ki, 2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5632,1 milyon manat təşkil edib. Bunun da 3055,2 milyon manatı heyvandarlıq, 2576,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki illə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 2,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 2,8 faiz artıb. Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 60,5 faizini (1854,0 min ton) buğda, 7,3 faizini (223,9 min ton) qarğıdalı, 0,2 faizini (5,6 min ton) çəltik, 32,0 faizini (981,6 min ton) isə digər dənli və dənli paxlalı bitkilər təşkil edib. 2016-cı ildə 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5 faiz çox kartof, 1269,3 min ton (0,5 faiz az) tərəvəz, 464,6 min ton (4,1 faiz az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 4 sentner, bostan məhsulları üzrə 2 sentner artmış və uyğun olaraq 140 və 176 sentner olmuş, tərəvəz üzrə isə 2 sentner azalaraq 156 sentner olub.

Azərbaycanda adambaşına istehlak

Ərzaqtəhlükəsizliyi - bütün insanların aktiv öz sağlam həyatını təmin etmək üçün lazımı həcmdə təhlükəsiz və qidalı ərzaq məhsullarına fiziki və iqtisadi əlçatanlığının mümkünlüyüdür. 2015-ci ilin rəsmi statistikasına əsasən, Azərbaycanda çörək və çorək məhsullarının istehlakı adambaşına 138,4 kiloqram, kartof istehlakı 71,8 kiloqram, tərəvəz və bostan bitkiləri istehlakı 106,5 kiloqram, ət və ət məhsulları 33,8 kiloqram, balıq və balıq məhsulları 7,2 kiloqram, süd və süd məhsulları 274, 3 kiloqram, meyvə, giləmeyvə 77,2 kiloqram, qənd və qənnadı məmulatları 30,6 kiloqram, bitki yağı, marqarin 10,3 kiloqram təşkil edib. Bu da əvvəlki illərin göstəricilərindən yüksəkdir.

Görüləcək işlər

Dövlət başçısının Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransında səsləndirdiyi fikirlərə əsasən, 2017-ci ildə 100-120 min hektarda pambıq əkiləcək və 200 min ton pambığın yığılması gözlənilir. Bu il 120 ton, 2019-cu ildə isə 1300 ton barama tədarük ediləcək. Baramaçılıq 37 rayonda inkişaf etdirilir.

Fındıqçılıq 13 rayonda inkişaf etdirilir və fındıq bağlarının sahəsi 80 min hektara çatdırılacaq. Abşeron və Bakıətrafı qəsəbələrdə badam bağlarının salınması nəzərdə tutulur. Zeytunçuluğun inkişafı üçün əlavə tədbirlər görülür, yeni bağlar salınacaq. Tütünün istehsalı üç dəfə artmalı, 10 min tona çatdırılacaq. Bununla bərabər, üzümçülük və şərabçılıqla bağlı tədbirlər nəzərdə tutulur. Prezident deyib ki, bu sahədə ixrac həcmi 10-20 dəfə artırmalıdır.

O da məlum oldu ki, ölkədə gübrə zavodu tikilir və ən geci gələn il istifadəyə veriləcək. Yun tədarükü ilə bağlı daha 10 tədarük mərkəzi yaradılması, aqroparkların sayını ən azı 10-a çatdırılması nəzərdə tutulub.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/tehlil/186206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR