"Nədən bəni yalnız bıraktın?" - Murad Köhnəqala yazır...

"Nədən bəni yalnız bıraktın?" - Murad Köhnəqala yazır...
10:19 3 Fevral 2017
34 Digər
Ölkə mətbuatı
A- A+

 

Məsələ çox sadədi, xalqımızın böyük əksəriyyəti türkcədən başqa bir xarici dili babat səviyyədə bilmir. Ona görə də xarici dillərdə kitab oxumaq, filmə baxmaq, musiqi dinləmək imkanları məhduddu. Bir zamanlar ölkəmizdə hakim rolunu oynamış rus dili də artıq öz hegemonluğunu itirməkdə, bu dili bilən nəslin nümayəndələri yavaş-yavaş seyrəlməkdədi.
 

Üz tutduğumuz bir yer qalır: Türkiyə. Türk dili, türk mədəniyyəti.
 

Türkiyə az qala ayaqqabımızın ipini bağlamaq qaydasını belə örnək götürdüyümüz böyük qardaşımızdı. Qardaş ölkənin mədəniyyəti, ədəbiyyatı, musiqisi bizim cəmiyyətdə həmişə rahat qəbul edilib və təsirsiz ötüşməyib. 
Bu təsirin nəticəsində şairlərimiz “nədən bəni yalnız bıraktın”, “kalbimin issızlığı” kimi şeirlər yazır, aktyorlarımız filmlərdə bağıra-bağıra danışır, türk serialları ilə nəfəs alan evdar qadınlarımız osmanlı ağzı ilə “konuşuyorlar”.
 

Qonşuluqda yaşayan qadının məktəbli oğluna “Əliş, çık, əlbisəni dışarıda təmizlə, həmən də öyə gəl” tapşırığını öz qulağımla eşitmişəm.


Bir dəfə təsadüfən türk pop musiqisinin “xodgedən” mahnılarından birinə qulaq asmalı oldum. Əslində, qulaq asa bilmədim, deməli, klip belə başladı:
Səssiz, yarıqaranlıq otaq görüntüsü bir neçə saniyə davam etdikdən sonra qəfil ekranda ağ sütuna bərkidilmiş qapqara dəyirmi bir şey peyda oldu. Bu dəm zarıltılı musiqi aləmi götürdü. Başım qara, dəyirmi əşyanın qulpları yoxsa qulaqları olduğunu ayırd etməyə qarışmışdı ki, birdən dəyirmi şey gözlənilmədən sərt hərəkətlə geri çevrildi, bomboz və heç nə ifadə etməyən, mimikasız sifət bütün ekranı tutdu və oxumağa başladı. Səviyyəsiz kədərdən tezcə can qurtarmaq üçün pultu qapıb kanalı çevirdim.
Çevirdiyim kanalda da şıdırğı klip gedirdi.
Qaşları ilə Ebru Gündəşə meydan oxuyan cavan bir oğlan arxası üstə divanda uzanaraq, əllərini sinəsində çarpazlayıb yanıqlı-yanıqlı gileylənirdi:
“Ah bitmezmi şu dertlerim
ımm dertlerim
yaktı yaktıkca gözlerin
off gözlerin
ölümmü, kalımmı bilmem ki
vay bilmem ki
ne yapım şu dertlerimi
ahh dertlerimi!”

“Dertlerim” sözünü də dərdsizlərə acıq verirmiş kimi ləzzətlə deyirdi. Müğənni ağzını açıb-yumduqca, kameraman onun kəmərinin bahalı dəmirini tez-tez ekrana gətirirdi. Bu gəncdən, onun oxuduğundan ağlım bir şey kəsmədiyinə görə kanalı yenidən dəyişəsi oldum.

Burda da bizim gənclərin sevimlisi İsmayıl YK ağlaya-ağlaya sevgilisinə qarğış edirdi:
“Allah bəlanı versin,
allah səni qəhr etsin,
mənə gələn sənə gəlsin!”

Bu mahnıların qaramatı məni divana çökdürdü. Türk abilərimizin sənətinin bu günlərə düşməsinə xeyli acıdım. 

Yeniyetmə oğlumun öz dostu ilə kompüterdən telefonuna mahnılar köçürməsi yadıma düşdü. Onların musiqi zövqünə bələd olmaq marağı ilə söhbətlərini dinləməyə başladım.
Türk musiqisi aha...
“Sənsizlik”, “Yaralı kalbim”, “Dertli başım”, “Acılı günlerim”...
 
 

Hər şey mənə aydın oldu. Metroda, avtobusda qulaqcıqla musiqi dinləyib bu dünyadan ayrılan qız-oğlanların sifətindən niyə zəhrimar yağdığının səbəbini onda anladım.
Demə, bu binəvalar türk mərsiyələrinin qurbanıymış. Səhəri mərsiyə ilə açan, dərsə və ya işə gedərkən, ağı dinləyən adam ətrafa necə müsbət aura, pozitiv enerji ötürə bilər ki?

 

Həmin gün oğluma və dostuna Qərbin ünlü rok qrupları haqda söz salıb, onları dinləməyi tövsiyə etdim. İndividual azadlıq, iradə, özgür ruh və enerji ötürən musiqi ilə tanış olmalarının vacibliyindən danışdım. Söhbət həm də təkcə rokdan getmir. İstənilən növ pozitiv, üsyankar, dinamik musiqi sizi gənclik enerjisindən maksimum istifadə etməyə və doğru hədəfə istiqamətləndirməyə qadirdi.  Fikrim budu ki, belinə qəm-kədər şələsi almış neqativ adamlardan cəmiyyət heç vaxt xeyir tapmaz.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR