AMEA-nın İnstitutu həyətindəki tarixi ağacları niyə kəsir? - QƏRİBƏ SƏBƏB - FOTO

AMEA-nın İnstitutu həyətindəki tarixi ağacları niyə kəsir? - QƏRİBƏ SƏBƏB - FOTO
13:18 3 Fevral 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun həyətindəki yarım əsrdən çox yaşı olan nar və əncir ağacları kəsilir.

Ağacların kəsilmə səbəbinə aydınlıq gətirən İnstitutunun direktoru Zeynal Əkpərov Publika.az-a açıqlamasında hazırda ərazidəki mövcud şəraitin ağacların genetik ehtiyatlarının qorunması üçün əlverişsiz olduğunu deyib. Z.Əkpərov ağacların kəsilməsini də məhz bununla əlaqələndirilib: “Genetik ehtiyatların idarə edilməsi “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunla tənzimlənir. Həmin qanuna görə, onların genetik ehtiyatlarının qorunması üçün əlverişli şərait yaradılmalıdır. Bizim instititutun həyətində kəsilən nar və əncir ağacları 1957-ci ildə əkilib. 9-cu mikrorayondan başlayan kanalizasiya xətləri həyətdəki təcrübə sahəsindən keçərək Azadlıq Prospektindəki çirkab suları kəmərinə birləşir. Əhalinin sayı artdığından kanalizasiya xətti normadan artıq yüklənib, nəticədə bütün yağış, qar, kanalizasiya suları institutun həyətinə dolur. 20 ildir bu proses müşahidə edilir. 60 il yaşı olan bu ağaclar artıq quruyub, Elmi Texniki şuranın qərarı ilə qurumuş ağaclar kəsilir. Kanalizasiya xətləri 100-dən çox ağacı məhv edib.

Artıq kanalizasiya sularının ağacların qorunması üçün əlverişsiz şərait yaratdığını nəzərə alaraq onların köçürülməsi barədə qərar qəbul etdik. 2002-ci ildən başlayaraq ağacların tinglərini hazırlayıb institutun həyətində nisbətən hündür hissədə yeni seleksiya bağı yaratdıq. Eyni seleksiya bağının dublikatı Saray qəsəbəsində də yaradılıb”.

Z.Əkbərov bildirib ki, kanalizasiya xəttinin təmiri keçən il üçün planlaşdırılsa da, proses ləngiyir: “Problemlə bağlı “Azərsu”ya rəsmi müraciət etmişik. Lakin hələ ki, problem həllini tapmayıb. Su institutu basmaq üzrədir. Bundan başqa, su quruyanda qalan çirkablar antisanitariya vəziyyəti yaradır. İnstitutun həyətinə dolan suyun tərkibində ağır metallar ağaclar üçün təhlükəlidir. Təxminən 20-30 sot torpaq sahəsi artıq zərər görüb. Kanalizasiya xətti çıxarılmasa, şam, küknar ağacları üçün də təhlükəli vəziyyət yaradacaq. Bu, digər ağacları da quruda bilər. Həm də biz qurumuş ağacları çıxartmalıyıq ki, kanalizasiya xəttinin kənara çıxarılmasına imkan yaradılsın. Bundan başqa, ərazidə təmizləmə işləri aparılandan sonra burada zeytun bağları salmağı planlaşdırırıq”.

Zeynal Əkpərovun iddiaları ilə bağlı “Azərsu” ASC-yə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Publika.az bu məsələ ilə bağlı aidiyyəti şöbəyə müraciət etdiyini dedi: “Əməkdaşlarımız məsələni araşdırır. Araşdırmadan sonra məlumat verə bilərik”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları BBC Azərbaycancaya bildirib ki, ərazidə araşdırma və yerində baxış həyata keçirib.

"Hər hansı qanunsuz ağac kəsilməsi faktı yoxdur, ora yaşılllıq ərazisi kimi getmir, ora mədəni bitkilərin genetik ehtiyatları fondudur, ağaclardan seleksiya, çalaq etmək, iqlim şəraitinə uyğunlaşdırmaq, artırmaq məqsədilə istifadə olunur. Bu il o boru kəməri oradan çıxarılmalıdır və ora zərərsizləşdirilməlidir ki, epidemiya mənbyinə çevrilməsin. Hazırda havaya görə iş dayanıb".

Gülxar



Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/186296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR