“Moskva Rusiya vətəndaşlarının üçüncü ölkəyə
verilməsinin yolverilməzliyində israr edərək, bloqer Andrey
Lapşinin Azərbaycana verilməsinə qarşı çıxır”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi
nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi Belarus Xarici İşlər Nazirliyi
və bu ölkənin digər səlahiyyətli orqanları ilə bu məsələ ilə bağlı
intensiv danışıqlar aparır.
Qeyd edək ki, Rusiya və İsrail vətəndaşlığına malik olan A.Lapşin
haqqında Azərbaycan tərəfindən cinayət işi açılıb. Lapişin
Belarusda saxlanılıb, onun Azərbaycana ekstradisiyası nəzərdə
tutulur.
Azərbaycanın Baş prokurorluğunun məlumatına görə, Aleksandr Lapşin
Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycan Respublikasının
işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir
olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət
sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası
Qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan
Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş
sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda
keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal
olunmuş ərazilərə daxil olub. O, qanunsuz rejimin beynəlxalq
səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində
özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət
etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq
Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin, 6 aprel və
29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə
qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi
bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar
və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib
əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər
üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və
318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz
olaraq keçmə) maddələri ilə cinayət işi başlayıb və barəsində
dövlətlərarası axtarış elan edilib.
Xatırladaq ki, A.Lapşin etdiyi hərəkətə görə Azərbaycan Prezidenti
İlham Əliyevdən üzr istəyib.
Asif