PA rəsmisindən bəzi diaspora təşkilatları və səfirliklərimiz haqqında SƏRT TƏNQİD

PA rəsmisindən bəzi diaspora təşkilatları və səfirliklərimiz haqqında SƏRT TƏNQİD
15:23 3 Fevral 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyevin Publika.az-a müsahibəsi:

- Bilirsiz ki, Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu çərçivədə İslam ölkələrində diaspora təşkilatları ilə hansı işlərin görülməsi nəzərdə tutulur?

- Bu il Azərbaycanda dövlətin həyata keçirdiyi bir çox ictimai-siyasi xarakterli tədbirlər əsasən müsəlman həmrəyliyi çərçivəsində təşkil olunacaq.

Bilirsiz ki, bu ilin mayında Bakıda Dördüncü İslam Həmrəyliyi Oyunları da keçiriləcək. Əsas məqsəd budur ki, İslam ölkələrində fəaliyyət göstərən diaspora təşkilatları və orada yaşayan azərbaycanlılarla işi daha çox gücləndirək. Yeni metodlardan istifadə etməklə qarşıda dayanan vəzifələrin həyata keçirilməsində İslam ölkələrinin gücündən istifadə edərək daha səmərəli addımlar ataq. Hazırda bizim qarşımızda dayanan əsas məsələlərdən biri məhz budur.

İslam ölkələri deyəndə, ilk növbədə Türkiyə, İran, Pakistan, Ərəb və Orta Asiya ölkələrini nəzərdə tuturuq. Həmçinin, Rusiya, Filippin, İndoneziya və digər ölkələrdə yaşayan müsəlmanla da diaspora işi qurmağı planlaşdırırıq. Bütün bunlarla bağlı tədbirlər planı hazırlanıb. Əsas məqsədimiz diaspora sahəsində görüləcək işlərin ağırlıq mərkəzini həmin İslam ölkələrinə yönətməkdir. Cənab Prezident də dəfələrlə bəyan edib ki, Azərbaycan diasporu öz fəaliyyətində türkdilli dövlətlərin və İslam ölkələrinin həmrəyliyindən bəhrələnməlidir. Biz bu işləri əməkdaşlıq şəraitində həyata keçirməliyik.

Azərbaycanın əleyhinə olan erməni diasporu, bəzi dövlətlər və qüvvələr qondarma erməni soyqırımı məsələsini dünyanın gündəminə gətirməyə çalışır. Bununla da onlar dünyada türklərə qarşı qarayaxma kampaniyaları həyata keçirirlər. Erməni lobbisi və bəzi xarici dairələr guya türklərin ermənilərə qarşı soyqırımı törətməsi barədə yalan məlumatlar yayırlar. Bu cür təbliğatın da əsas məqsədi Türkiyədən müəyyən güzəştlər qoparmaqla yanaşı, Xocalı soyqırımına bəraət qazandırmaqdır. Ermənilərin bu cür təbliğatı nəticəsində müəyyən insanlar elə düşünür ki, guya vaxtilə türklər erməniləri öldürdüyü üçün ötən əsrin 90-cı illərində də ermənilər Xocalıda və digər Azərbaycan torpaqlarında bunun intiqamını alıblar. Erməni diplomatiyasının və yalançı təbliğatının güddüyü məqsədlərdən biri məhz budur. Bizim əsas məqsədimiz isə tutarlı arqumentlərlə erməni yalanlarını və təxribatlarını dünyada ifşa etməkdir. Xüsusilə də bunu İslam ölkələrində həyata keçiririk.

- İslam ölkələrindən biri olan İran dövləti bu gün Ermənistanla çox yaxın əməkdaşlıq əlaqələri qurur. İranın bu siyasətini necə zəiflətmək mümkündür?

- Son dövrlər İranın işğalçı Ermənistanla əlaqələrini gücləndirməsi bizi çox narahat edir. İranla Ermənistan arasında əməkdaşlıq müqavilələrinin imzalanması və dövlət rəhbərlərinin görüşləri Azərbaycanı narahat etməyə bilməz. İslam həmrəyliyinin baş tutması üçün müsəlman ölkələrinin bir-birini dəstəkləməsi lazımdır. Bu gün müsəlman ölkəsi olan Azərbaycanın ərazisinin 20 faizdən çoxu işğal edilib, bir milyondan çox müsəlman əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bütün bu proseslərə İran dövləti şahidlik edib. Belə olan təqdirdə İranın işğalçı Ermənistanla yaxşı əlaqələr qurması birmənalı qarşılana bilməz. Azərbaycan Dağlıq Qarabağ məsələsində Türkiyə və Pakistan kimi İrandan da dəstək gözləyir. İran bizim torpaqlarımızın işğalına, müsəlman əhalisinin soyqırımına məruz qalmasına və məcburi köçkün vəziyyətinə düşməsinə göz yummalı deyil. İran Dağlıq Qarabağın Azərbaycanın əzəli və tarixi torpağı olduğunu açıq şəkildə bəyan etməlidir.

Bu gün İran əhalisinin yarıdan çoxu azərbaycanlılardır, digərləri isə müsəlmandır. Əgər biz İslam həmrəyliyindən danışırıqsa, ilk növbədə bu həmrəyliyi qonşu İrandan gözləyirik. Çox təəssüf ki, qardaş Türkiyənin və Pakistanın Dağlıq Qarabağla bağlı Azərbaycana verdiyi dəstəyi İran dövləti vermir. Qardaş Türkiyə və Pakistanın bu məsələ ilə bağlı mövqeyi birmənalı və açıqdır. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər bu kimi ölkələr də Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə bağlı dəstəklərini nümayiş etdirir. Çox yaxşı olardı ki, bu ölkələrin Azərbaycana verdiyi dəstəyi digər İslam ölkələri də göstərsin. Biz İslam həmrəyliyini təkcə İrandan deyil, Birləşmiş Ərəb Əmirliyi, İraq, Suriya, Misir, Fələstin, Səudiyyə Ərəbistanından da gözləyirik. Çünki Dağlıq Qarabağla bağlı İslam Konfransı Təşkilatının müvafiq qətnaməsi var. Həmin qətnamədə Azərbaycan torpaqlarının erməni silahlı dəstələri tərəfindən işğal olunduğu və bu işğala dərhal son verilməsi qeyd olunur. İslam Gənclər Təşkilatının da Qarabağla bağlı müvafiq qətnamələri mövcuddur. Bu təşkilatlar Xocalı soyqırımını da tanıyan qərarlar qəbul ediblər. Doğrudur, İslam ölkələrindən Azərbaycana dəstəklər var, ancaq bu kifayət etmir.

- Qarşıdan Xocalı faciəsinin növbəti ildönümü gəlir. Bununla bağlı hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?

- Biz bu il nəzərdə tutulan proqram üzrə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bütün dünyada geniş tədbirlər təşkil edəcəyik. Dünyanın 50-dən çox ölkəsində Xocalı ilə bağlı mitinqlər, nümayişlər, konfranslar, müzakirələr təşkil olunacaq.

Xocalı soyqırımının 25-ci ildönümünün qeyd olunması ilə bağlı cənab Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələn məsələlərlə bağlı Prezident Administrasiyasının (PA) rəhbəri, hörmətli akademikimiz Ramiz Mehdiyev tərəfindən isə müvafiq tədbirlər planı təsdiq olunub. Sadaladığım bütün tədbirlər də həmin planda əks olunub. Biz onu müvafiq dövlət qurumları ilə bir yerdə il ərazində həyata keçirməyə çalışacağıq. Əvvəlki illərə nisbətən indi əlimizdə daha çox kitablar, bədii və sənədli filmlər, təbliğat materialları və sairə var.

Heydər Əliyev Fondu tərəfindən başladılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işləri biz də uğurla davam etdirəcəyik. Xocalı soyqırımı ilə bağlı Belçikada Avropa Parlamenti qarşısında, Strasburqda Avropa Şurası qarşısında mitinq və konfranslar keçiriləcək.

Eyni zamanda Rusiyada və İslam ölkələrində də Xocalı ilə bağlı silsilə tədbirlər təşkil olunacaq.

Bu il bir çox İslam ölkələrində Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü, qondarma “erməni soyqırımı” iddialarının ifşası, erməni tarixinin saxtalaşdırılması, Azərbaycanın tarixi adlarının dəyişdirilməsi və digər bu kimi məsələlərlə bağlı elmi konfranslar keçirməyi planlaşdırırıq. Biz bu istiqamətdə öz fəallığımızı daha da artıracağıq, Azərbaycan və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işini davam etdirəcəyik.

- Bu gün Azərbaycan diasporu erməni diasporuna qarşı mübarizədə kifayət qədər səmərəlilik ortaya qoya bilirmi?

- İndi Ermənistan çox ağır siyasi, iqtisadi və hərbi böhran dövrünü yaşayır. Hazırda Ermənistan daxilində siyasi gərginlik pik həddə çatıb. Hətta, Ermənistan hakimiyyət dəyişikliyi ərəfəsindədir. Bilirsiz ki, Ermənistanda parlament seçkiləri yaxınlaşır. Qarşıdan gələn seçkilərdə hansı qüvvənin qalib gələcəyi hələ məlum deyil.

Digər tərəfdən isə Ermənistan hakimiyyəti ilə erməni diasporu arasında olan gərgin münasibətlər daha da kəskinləşib. Bütün bunlara baxmayaraq, Serj Sarkisyan hakimiyyəti müxtəlif manevrlər edərək, dünya ictimaiyyətini aldatmağa və çaşdırmağa çalışır. Bununla da Ermənistan hakimiyyəti öz varlığını qoruyub saxlamaq istəyir.

Ona görə də son vaxtlar Serj Sarkisyan hakimiyyətinin sonu çatdığını hiss edərək, bəzi dövlətlərə səfərlər edir, Azərbaycan haqqında çaşdırıcı bəyanatlar verir. Ermənistan hakimiyyəti cəbhə xəttində təxribatlara cəhd etməklə, daxildəki vəziyyəti unutdurmağa çalışır. Bütün bunlar onu göstərir ki, artıq erməni lobbisi diaspora və informasiya müharibəsində də Azərbaycana uduzur. Təbii ki, Azərbaycan erməni diasporundan bütün təxribatları gözləyir və buna qarşı adekvat tədbirlər də tam hazırdır. Bizim diaspora da Milli Ordumuz kimi daim ayıq-sayıqdır. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu və məqsədyönlü daxili və xarici siyasətə uyğun olaraq, diaspora fəaliyyətimizi daha çevik həyata keçiririk.

İndiyədək dünyada elə təsəvvür yaranmışdı ki, erməni diasporu çox güclüdür, ona qalib gəlmək mümkün deyil və sairə. Ancaq erməni diasporu artıq iflasa uğrayır. Misal üçün, ABŞ erməni diasporunun ən güclü olduğu ölkələrdən biridir. Ancaq Donald Tramp prezident seçiləndən sonra miqrantlarla bağlı fərman imzalayıb. Trampın bu fərmanı ABŞ-da yaşayan bir çox millətlərin, xüsusilə də ermənilərin vəziyyətini pisləşdirib. Bilirsiz ki, SSRİ dağılandan sonra milyonlarla erməni ABŞ-a qaçıb sığınmışdı. Artıq bu fərman həmin ermənilərə də şamil olunacaq. Ona görə də hazırda ABŞ-da yaşayan ermənilər bu ölkədən deportasiya olunmaq ərəfəsindədir.

Donald Trampın ABŞ prezidenti seçilməsi ilə belə hadisənin baş verməsi Azərbaycana yaxşı imkanlar yarada bilər. İndi bizim əsas məqsədimiz yaranan bu imkandan lazımınca bəhrələnməkdir. İndi Azərbaycan diasporu üçün yaxşı imkan yaranıb. Biz Trampın bu qərarının orada qanunsuz yaşayan ermənilərə tezliklə şamil olunmasına çalışmalıyıq.

- Son vaxtlar Azərbaycanın bir sıra Avropa ölkələrində fəaliyyət göstərən diaspora təşkilatları rəhbərləri ilə bağlı xoşagəlməz xəbərlər yayılır. Bu cür problemlərin yaranmasında əsas səbəbi nədə görürsünüz?

- Bu cür problemlərin yaranmasının əsas səbəbi əksər diaspora təşkilatı üzvlərinin öz aralarında şəxsi narazılıqlarının olmasıdır. Çünki onlar diaspora nümayəndələri olmaqla yanaşı, müəyyən iqtisadi və biznes fəaliyyətləri ilə məşğul olurlar. Bəzən onların biznes maraqları toqquşur, aralarında ədavət , narazılıq yaranır və sairə. Bu cür hallar ən çox Rusiyada, Ukraynada, Qazaxıstanda və bir neçə Avropa ölkələrində mövcuddur.

Hesab etmirəm ki, bu proses ermənilər tərəfindən idarə edilir. Diaspora üzvlərimiz arasında yaranan narazılıqlarda ermənilərin rolu yoxdur. Onlar öz şəxsi biznes maraqlarına görə bəzən qarşı-qarşıya gəlirlər.

Diaspora təşkilatlarımızın üzvləri ilə bağlı mövcud olan bu cür problemlərin bir səbəbi də həmin ölkələrdə fəaliyyət göstərən səfirliklərimizlə onlar arasında səmərəli əlaqələrin qurulmamasıdır. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirləri bir növ diaspora üzvlərimizin ağsaqqalı kimi hərəkət etməlidir. Səfirliklərimiz çalışmalıdır ki, təmsil olunduğu ölkələrdəki soydaşlarımız birləşsin, bir araya gəlsin. Çox təəssüf ki, bəzi hallarda səfirliklərimiz bir tərəfi müdafiə edir, digər tərəfə isə soyuq münasibət göstərir, bəzi soydaşlarımızı müdafiə edir, digərini isə yaxına buraxmır və sairə. Bütün bunlar isə azərbaycanlılar arasında müəyyən problemlər yaradır. Bu məsələ ilə bağlı cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının son iki qurultayında çıxışı zamanı açıq şəkildə deyib ki, xaricdə yaşayan soydaşlarımız milli maraqlar, Azərbaycan dövləti və xalqı naminə birgə fəaliyyət göstərsinlər.

Mən ayrı-ayrı ölkələrdə konkret hansı diaspora təşkilatı və səfirlər arasında problemlərin olduğunu deyə bilmərəm. Ancaq çox təəssüf ki, bu cür hallar var. Misal üçün, bəzi səfirliklərimiz diaspor təşkilatlarının Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirlərə qatılmaq istəmir. Həmin səfirliklər buna belə əsas gətirir ki, biz diplomatik korpus nümayəndələriyik, bizim diaspora tədbirərində görünməyimiz doğru deyil, biz diasporanın keçirdiyi mitinqlərə qarışa bilmərik və sairə. Bu cür məqamlar mövcuddur.

Bəzi dövlətlərdə isə səfirlə diaspora təşkilatı arasında problemlər olur. Ancaq cənab Prezidentin bu məsələ ilə bağlı tapşırığı ondan ibarətdir ki, hər bir ölkədə təmsil olunan Azərbaycanın diplomatik korpus nümayəndələri diaspora üzvü olan soydaşlarımıza doğma yanaşmalıdır, onların keçirdiyi tədbirlərə dəstək verməlidir, azərbaycanlıların birləşməsinə kömək etməlidir. Bu məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin də üzərinə böyük öhdəliklər düşür. Diaspora məsələrində maraqlar toqquşmalı deyil, şəxsi maraq olmamalıdır. Burada xalqın və dövlətin ümumi maraqları əsas götürülməlidir. Əgər bizim hər birimizin marağı Dağlıq Qarabağla, erməni lobbisinə qarşı mübarizə aparmaqla bağlıdırsa, o zaman şəxsi maraqlara görə ziddiyyətlər yaranmamalı, şəxsi maraqlar olmamalı, hər birimiz yumruq kimi birləşməliyik və eyni hədəfə vurmalıyıq.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR