İnşaat sektorunun intibah dövrü başlanır

İnşaat sektorunun intibah dövrü başlanır
15:38 3 Fevral 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni iş imkanları yaradılır

Son 10 il ərzində Azərbaycanda tikinti sahəsi sürətlə inkişaf edib. Həm dövlət, həm də yerli və xarici investisiyalar hesabına ölkədə həyata keçirilən tikinti işləri bunun bariz nümunəsidir.

Aparılan hesablamalara görə, Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq hər il təxminən 30 min yeni mənzil satılır. Yeni binaların tikilməsi yalnız ailələrin mənzil şəraitinin yaxşılaşdırılması deyil, həm də yeni iş yeri deməkdir.

9 rayonda yeni bina

Məsələnin aktuallığını nəzərə alaraq dövlət tərəfindən bu sahəyə xüsusi diqqət ayrılır. İstifadə müddəti bitmiş, yaşayış üçün yarasız binalar sökülür, əvəzində daha müasir binalar tikilir. Nazirlər Kabinetinin qərarı ilə Bakının 9 rayonunda bu cür binaların sökülməsi də görülən işlərin tərkib hissəsidir. Belə ki, icra hakimiyyətləri 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların söküntüsünü həyata keçirəcək.

Söküləcək binaların yerləşdiyi rayon, orada yaşayan əhali və bina sayı belədir:

Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı 63 yaşayış binası;

Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 226 yaşayış binası;

Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 99 yaşayış binası;

Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 219 yaşayış binası;

Nizami rayonu üzrə 5395 nəfərin yaşadığı 131 yaşayış binası;

Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 18 yaşayış binası;

Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 41 yaşayış binası;

Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 297 yaşayış binasının sökülməsi nəzərdə tutulub.

18 min yeni mənzil

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu istiqamətdə apardığı işlərin ilkin mərhələsi layihənin ölkəmizdə həyata keçirilən sosial xarakterli tədbirlər içərisində özünəməxsus yer tutduğunu deməyə əsas verir. Bu layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Mübaliğəsiz deyə bilərik ki, qeyd olunan layihə müstəqillik dövründə tikinti sahəsində reallaşdırılan sosial yönümlü ən böyük tədbirlərdən biridir.

5 il müddəti üçün nəzərdə tutulmuş bu qərarın həyata keçirilməsinin yekunu olaraq Bakı şəhərində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən ayrılması deyil, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması nəzərdə tutulub. Bu da tikinti sahəsində çoxsaylı yeni iş yerlərinin yaranması perspektivi deməkdir. Söküləcək 4 min mənzilin yerinə 18 min yeni mənzilin inşası nəzərdə tutulub.

Minlərlə iş yeri

“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” də aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşdırılması, həmçinin yeni iş imkanlarına hesablanıb. Vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb.

Strategiyada aztəminatlı ailələrə birinci il 2 min mənzil, növbəti illərdə hər il 3 min mənzilin təklif edilməsi nəzərdə tutulur. Əvvəldə də qeyd etdiyimiz kimi hər il ölkədə 30 min mənzilə ehtiyac var, agentliyin ildə 3 min mənzil istifadəyə verməsi, inşaat sektorunda tikinti şirkətlərinə əlavə stimul olacaq. Sosial mənzillər illik tələbatın 10 faizini ödəyəcək. Bu faiz məhz inşaat şirkətlərinin tikinti sektoruna marağını azalmamasına şərait yaratmaqla yanaşı, bu sahədə rentabelliyə müsbət təsir göstərəcək.

Üstəlik, mənzillərin tikintisi dövlətin sifarişi əsasında tender yolu ilə baş tutacaq. Tenderdə iştirak edən şirkətlər dövlət sifarişi ilə mənzil tikintisində iştirak edə biləcək. Birinci mərhələdə bu sahəyə 150 milyon manat vəsaitin ayrılacağını nəzərə alsaq, bu da tikinti şirkətlərinin bu imkandan faydalanmasına imkan verəcək. Bununla da inşaat sektorunun canlanacaq. Nəticədə bu, mənzilə olan ehtiyacın ödənilməsi baxımdan əlverişli mühit deməkdir. Həyata keçiriləcək bu layihələrlə tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bunun gerçəkləşdirilməsi dövlət və özəl resursları hesabına 900 milyon manat həcmində investisiya qoyuluşu tələb edir.

İnşaat sektorunun inkişafına təkan verən amillərdən biri də Bakı Ağ Şəhər layihəsidir. Beş ili tamam olan layihə çərçivəsində şəhər içində şəhər qurulub. Dağılmış, neftlə çirklənmiş “Qara şəhər” indi ekoloji təmiz, müasir şəhərlə əvəzlənib. Layihənin bir hissəsi icra edilsə də, növbəti mərhələdə “Ağ şəhər” ərazisində əlavə 60 yaşayış binası da tikiləcəyi gözlənilir.

Bakı Ağ Şəhər və digər layihələr çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikiləcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/186318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR