"İmkanlı şəxslər siyasi partiyaları pulla alır" - Millət vəkili

"İmkanlı şəxslər siyasi partiyaları pulla alır" - Millət vəkili
16:05 3 Fevral 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bəzi imkanlı şəxslər siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxlayır.

Milli.Az xəbər verir ki, bu fikirləri azvision.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. 

Komitə sədri bildirib ki, bu, bəzi siyasi partiyaların alver predmetinə çevrildiyinin göstəricisidir: "Təəssüf ki, bəzi siyasi partiyalar alver mənbəyinə çevrilib. İmkanlı adamlar həmin partiyanı alır və sandığında saxlayır ki, gələcəkdə istifadə etsinlər. Bununla bağlı nümunələr var. Hələlik həmin şəxslər və partiyaların adlarını açıqlamaq istəmirəm".

S.Novruzov prosesin necə baş verdiyini də açıqlayıb: "Azərbaycanda qeydiyyatdan keçmiş partiyalar var və onlar fəaliyyət göstərmirlər. İmkanlı şəxs həmin partiyanın sədrinə müəyyən məbləğdə pul təklif edir və partiyanı alır. Partiya sədri partiyanı alver predmetinə çevirir. Möhürünü isə imkanlı şəxsə təhvil verir. İmkanlı şəxs isə aldığı partiyanı dondurulmuş formada saxlayır. Sabah lazım olanda həmin şəxs qurultay keçirir və partiya sədri olur. Belə olanda isə partiyanı yenidən qeydiyyata almağa ehtiyac qalmır".

Komitə sədri vurğulayıb ki, Azərbaycanda fəaliyyətsiz partiyaların fəaliyyəti dayandırılacaq: "Azərbaycanda 100-ə yaxın partiya var və onlardan 54-ü qeydiyyatdan keçib. Yəni, 46 partiyanın qeydiyyatı yoxdur. Qeydiyyatda olanların böyük əksəriyyəti isə kağız üzərində fəaliyyət göstərir. Partiya nizamnaməsinin qarşıya qoyduğu tələblər-seçkidə iştirak, kadrların hazırlanması, alternativ layihələrin verilməsi və digər bu formada olan məsələlər yerinə yetirilmir. Təəssüflər olsun ki, onlar heç bir işlə məşğul olmurlar. Ancaq aradabir bəyanat verməklə funksiyalarını başa çatmış hesab edirlər. Bu baxımdan dünyanın hər yerində, məsələn Avstriyada iki il belə fəaliyyət göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir. Yaponiyada, o cümlədən onlarla ölkədə prosedur ləğv edilir".

S.Novruzov əlavə edib ki, hər bir partiya Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını təqdim etməlidir: "Əfsuslar olsun ki, bir sıra partiyalar, ümumiyyətlə, maliyyə hesabatı vermir. Bəziləri isə verdiyi hesabatın qarşısında sıfır rəqəmi yazır. Halbuki, kifayət qədər işçiləri var, fəaliyyət göstərir, gündəlik işləyir. Bunlar gedib gündüzlər müəllimlik edib, sonra işləmirlər. Səhərdən axşama qədər ofislərində fəaliyyət göstərirlər. Amma adına əməkhaqqı yoxdur. Yəqin hava ilə yaşayırlar. Bu baxımdan digər partiyaların balansında maşınları, cangüdənləri, böyük ştatlı aparatları var. Bu, qeyri-şəffaflığa yol açır və qaranlıq mənbələrdən qidalanmanın bariz nümunəsini ortaya qoyur". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR