General adam

General adam
18:09 3 Fevral 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

 

...onda devalvasiya deyilən bir şeydən xəbərsizdik və bizim görüşdüyümüz market də hələ bağlanmamışdı. İşdə çaylamaq üçün aldığım konfetləri qoltuğuma vurub kassaya yaxınlaşmışdım ki... qarşılaşdıq. Hamımızın üzbəüz, uzaqdan, yaxından, telefondan, radio, ya televizordan fərq eləməz, səsini heç kimin səsinə qarışdırmadan tanıdığımız səsi eşitdim: “Baaa... Salam general!”

 

Tanıdı... Hə, sən demə, indiyədək təkcə mən onu yox, həm də o məni uzaqdan-uzağa izləyirmiş. Yəni əslində, necə deyərlər, qiyabi tanışıymışıq. Bəndənizin 19 yaşında könüllü hərbi xidmətə getməsindən tutmuş, zabitliyinə, mətbuatda fəaliyyətinə qədər hər şey bilirdi.

 

Etiraf edim, sevindim və özümlə fəxr elədim ki, baho, mən də elə-belə adam deyilmişəm, gör məni kim tanıyır?

 

Zarafat deyildi, mənə zarafatla “general” deyib salamlayan adamın özü vətəni, xalqı üçün yaxşı bir generaldan az işlər görməmiş, elə generallığa layiq bir kişidir. Bu “General adam” dostlarının hamısının “bəy” deyə çağırdığı Şəmistan Əlizamanlıdır...

 

Şəmistan Əlizamanlı Azərbaycan üçün ən qanlı-qadalı illərdə tanındı. Çünki gördüyü iş də elə qanlı-qadalı, qorxulu idi – özü də təkcə onun üçün yox, doğmaları üçün də. Bu gün ona “Azərbaycanın Levitanı” deyirlər. Bilirsiniz, Levitanın hər dəfə “Qovorit Moskva”yla başlayan məlumatları, hətta bu məlumatlarda məğlubiyyətlə bağlı informasiyalar olsa belə, insanlarda sabaha ümid, qələbəyə inam yaradırdı. Çünki ortada səs vardı, səs! Elə bundan ötrü Levitan Hitlerin bir nömrəli düşməni elan edilmişdi. Təsəvvür eləyin, bu siyahıda Stalinin adı ondan sonra gəlirdi. Müxtəlif mənbələrin məlumatlarına görə, Levitanın başına 250 min mark qiymət qoyulubmuş. Hətta Almaniyanın Təbliğat naziri Göbbels diktorun oğurlanıb Almaniyaya qaçırılması planı üzərində işləyibmiş. Onun arzusuymuş ki, SSRİ üzərində qələbə xəbərini məhz Levitan oxusun. Bütün bunlara görə Levitanın nəinki özünün haradasa görünməsinə, hətta fotosunun belə mətbuata, kitablara düşməsinə icazə verilmirmiş...

Hə, qayıtdıq, “bizim Levitan”a. Təbii ki, Şəmistan Əlizamanlı da həmin məqamlara görə düşmənin hədəfində olan biri idi və hər gün qorxmadan acılı, şirinli xəbərlərlə qarşımıza çıxırdı. Köhnə kəşfiyyatçılardan birinin dilindən eşitmişəm ki, Əlizamanlının da başına ermənilər külli miqdarda pul qoyublarmış. Çünki o da eynən Levitan kimi, onun da hətta ən acı məğlubiyyət xəbərində belə, “hər şey bitdi, bu artıq sondu” demədik, sabaha ümidlə, inamla baxdıq. Çünki Şəmistan bəyin səsi bizi ancaq və ancaq inamsızlıq üzərində qələbəyə, sabaha, zəfərə səsləyirdi. Yenə də deməliyəm ki, necə Levitanın haqqında “qolos epoxi” deyirdilər, eləcə də Əlizamanlının səsi haqqında çəkinmədən “epoxanın səsi” deyə bilərik. İndiki kimi yadımdadı, həmin illərdə sonradan bildiyim səbəblərə görə onu efirdə başqa diktor əvəzlədi. Ancaq effekt təbii ki, o olmadı... İnsanlar “Şəmistan hardadır bəs, xəbəri kaş o oxuyaydı” deyirdilər. Onun səsi və görünüşü bütün Azərbaycana, deməli həm də cəbhədə döyüşən əsgərlərə, zabitlərə də ruh verirdi.

 

...onu deyirdim axı, beləcə, Şəmistan bəyin “salam general”ından sonra dostluğumuz başladı. Deyirlər, dostu səfərlərdə sına. Uzun, qısa, ölkə daxilində, ölkə xaricində səfərlərdə olduq, çətinliklərlə qarşılaşdıq, birgə düşündük, birgə sevindik. Ən çətin vaxtlarımda ona telefon açdım ki, səsindən, enerjisindən pay götürüm, sabahımdan rahat olum. Və nəhayət, bu illər ərzində onun səsinin, intonasiyasının sirrini tapdım. Bildim ki, əslində, Şəmistan Əlizamanlı fenomeninin sirri sadəcə onun səsində yox - şəxsiyyətindən, daxili nizam-intizamından, insanlığa, vətənə, xalqa, dostlara, doğmalara bağlılığından doğan səsindədi. Niyə, guya siz bilmirsiniz, bu fani dünyada, yox, uzağa getməyək, elə Azərbaycanda o qədər səs sahibləri olublar və mövcuddurlar ki, səslərindən yer-göy titrəyər, ancaq şəxsiyyətləri bir qara qəpiyə dəyməz?! Ona görə xüsusi olaraq Əlizamanlının səsini sadəcə səs kimi yox, xarakterdən doğan səs kimi xarakterizə eləmək lazımdır. Məhz buna görə, 90-cı illərin əvvəllərində hərbi diktor kimi səsi ilə bütün Azərbaycana ruh verirdisə, indi də mahnıları ilə qəlbimizi oxşayır. Heç kəsə sirr deyil ki, onun ifasında oxunan “Cənab leytenant”, “İgid əsgər” kimi məşhur mahnılar həmişə həm ordunun, həm də mülki insanların ən sevimli, unudulmaz mahnılarıdır. O da sirr deyil ki, Şəmistan Əlizamanlının səsindən, mahnılarından cilalanıb bəlkə də yüzlərlə Azərbaycan balası həyatını hərbiyə bağlayıb, vətəninə “can” deyib. Şəmistan bəyin bu missiyası indi də davam edir. O, bu gün də əlindən gələn işi, sənəti, səsi ilə yenə 90-cı illərin əvvəllərində olduğu kimi vətəninin xidmətindədir. Azmı görürük, azmı eşidirik? Haqlısınız. Çağırılan yerlərin çoxuna özü getmir, şou-filan onluq deyil. Ancaq bu məmləkət təkcə şoudan ibarət deyil axı. Buranın dövlət qurumları var ki, Şəmistan Əlizamanlının səsi, sənəti onlara, deməli həm də xalqa hava, su kimi lazımdır. Bundan kim yararlanırsa, ağıllı iş tutur vallah...

 

..Yuri Borisoviç Levitan müharibədən bir qədər sonra unuduldu. Deyirlər, özünə qarşı laqeydlik ona çox pis təsir edibmiş. Axı necə ola bilərdi ki, bir ölkənin ölüm-dirim məsələsində söz sahibi olan bir adam belə amansızcasına unudulsun? Nədir yoxsa, “bizim Levitan”ın da qismətinə o Levitan kimi unudulmaq yazılıb? Yox, mən bu qisməti böyük dostuma heç cür yaraşdırmıram. Yaşının bu gözəl çağında onun bizə yox, daha çox bizim ona ehtiyacımız var. Çünki qarşıda, onun təbirincə desək, bizi qələbə müjdəli sabahlar gözləyir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR