“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Türkiyədə iki yeni şirkət təsis edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Türkiyədə iki yeni şirkət təsis edib
20:57 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Türkiyədə iki yeni şirkət təsis edib. 
Cəmiyyətdən "Report"a verilən məlumata görə, “Caspdry” və “Casptankers” adları ilə fəaliyyət göstərəcək şirkətlər Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmağa çalışacaq.
“Caspdry” quru, “Casptankers” isə maye yüklər daşıyan gəmilərin istismarını həyata keçirəcək.
Fevralın 3-də İstanbulda keçirilən mərasimdə dünyanın tanınmış təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosu ( ABS) “Caspdry” şirkətinə İSM-in tələblərinə cavab verdiyini təsdiqləyən uyğunluq sertifikatını təqdim edib. Yaxın vaxtlarda “Casptankers”ə də belə sertifikatın təqdim olunacağı gözlənilir. Bu sertifikatlar isə hər iki şirkətə Xəzərdənkənar hövzələrdə iri həcmli gəmilərin istismarına imkan verəcək.
ABS-in rəsmi nümayəndələri və auditorlarının iştirak etdiyi mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliy” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, “Caspdry” və “Casptankers” bütün standartlara, o cümlədən yüksək təhlükəsizlik tələblərinə cavab verərək beynəlxalq sularda quru yük və neft məhsulları daşımalarında lider şirkətlərin birinə çevriləcəkdir. Eyni zamanda, şirkətlərin fəaliyyəti azərbaycanlı dənizçilərin beynəlxalq sularda üzmə imkanlarını da xeyli genişləndirəcək.
Donanmasının yenilənməsinə xüsusi diqqət yetirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliy ” QSC-nin əsas hədəflərindən biri də xarici sularda davamlı fəaliyyət göstərməkdir. Hazırda Gəmiçiliyin Qara və Aralıq dənizlərində 10 quruyük gəmisi üzür.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-xezer-deniz-gemiciliyi-turkiyede-iki-yeni-sirket-tesis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR