"Allaha, vicdanıma and olsun ki..."

"Allaha, vicdanıma and olsun ki..."
14:37 4 Fevral 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XVI turunun AZAL - "Qarabağ" (1:2) qarşılaşmasında meydan sahibləri hesabda öndə olarkən, hücumçu Sadio Tounkaranın ikinci sarı kartla (45+2 dəq.) meydandan qovulması rezonansa səbəb olub.

Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov futbolpress-ə müsahibəsində epizodu şərh edib.

Milli.Az həmin müsahibəni təqdim edir:

- Orxan Məmmədovun AZAL-ın hesabda öndə olduğu məqamda Tounkaranı bir hissə içində iki dəfə sarı vərəqəylə cəzalandırması anlaşılmaz qarşılanıb...

- Anlaşılmaz heç nə yoxdur. Tounkara ilk epizodda, yəni 11-ci dəqiqədə özünə qarşı kobud oyuna görə hakimə kobud ifadələr işlədib. Həkim müdaxiləsi zamanı hakim hadisə yerindən azı 3-4 metr aralıda olmalıdı, ancaq o, kobud ifadələrlə ondan yaxına gəlməyi istəyib. Bu, yolverilməzdir. Orxan ilk sarıda haqlıdır. İkinci sarı vərəqədə isə şübhələrimiz var idi. "CBC Sport"dan baxanda bilinmir o qədər, ancaq biz PFL-in kameralarıyla çəkilən epizoda baxdıq ki, Sadio qapıçının dizinə zərbə endirir.

- Həmin epizod AZAL-ın hücumu zamanı olub. Qapıçı topu tutmağa, hücumçu da onu qapıdan keçirməyə şığıyır. Orada an etibarilə qapıçı topu ələ keçirir və Tounkara ona toxunur, keçir. Burda sarı vərəqəlik nə var?

- Qaydalar deyir ki, cərimə meydançası daxilində qapıçıya toxunuş olmaz.

- Bəli, olmaz. Belədə əks tərəfə cərimə zərbəsi təyin edilir və s. Ancaq ikinci sarı vərəqənin "qırmızı"ya apardığını bilən hakim bu epizoda niyə kart sanksiyası tətbiq edir? Qaydalarda dizə toxunmaq kartla cəzalandırılmır axı...

- Siz epizoda təkrar baxsanız, görərsiniz ki, həqiqətən, kobud müdaxilə var. Belə toqquşma qeyri-idman hərəkətidir və sanksiyası kartdır. Sadəcə, Sadio bu kartla meydandan qovuldu deyə, bu qədər ajiotaj yaratdı hakimin qərarı. Əslində, orda qeyri-adi heç nə yoxdur.

- Qeyri-adi nəsə yoxdur deyəndə ki, AZAL 1:0 öndədir. Və komandanın ən fəal oyunçusu 11-ci dəqiqədə, deyək ki, hakimlə mübahisəyə görə "sarı" alır, bəs ikinci epizodda - hücum vaxtı qapıçıyla elə də şiddətli olmayan toqquşma nədən bu qədər radikal sanskiyaya məruz qalsın? Axı hakim gözəl bilirdi ki, bu, rezonansa səbəb ola bilər. Kart verməmək də olardı. Ümumiyyətlə isə verməməli idi...

- Sizin fikriniz elədir, qaydalar başqa şey deyir.

- Oyunun hakim-inspektoru kim idi?

- Asim Xudiyev.

- Çox maraqlıdır ki, nə qiymət yazıb. Orxan ikinci "sarı"nı verməklə səhv qərar verib. Bunu əksər mütəxəssislər bu cür dəyərləndirir. Bəs "Qəbələ"nin vurduğu qolda ofsayd epizoduna münasibətiniz?

- Bəli, orda hakim səhvi aşkardır, etiraf edirəm. Yan xətt hakimi aşkar görünən epizoda ani reaksiya verməliydi. Yanlış qərarla "Neftçi" məğlubiyyətə düçar oldu.

- Həmin oyunda inspektor kim idi?

- Əli Hüseynov.

- Hakim-İnspektorlar Komitəsinin sədri. Onun da nə qiymət yazacağı maraqlıdır. Növbəti tur Fariz Yusifovla Orxan Məmmədovun təyinat alıb-almamasından bilmək olar onlara verilən qiyməti. Əslindəysə, etiraf edirsinizmi, hər iki oyunda hakim səhvi nəticəyə təsir etdi?

- Şüvəlandakı oyunda yox, Qəbələdəki qarşılaşmada ofsaydın qeydə alınamaması faktı var. Orxanın müəyyən metodiki səhvləri oldu. Məsələn, ikinci "sarı"nı dərhal verməliydi, gecikdi. Digər bəzi foullarda yanlış yanaşmaları oldu. Ancaq kart məsələsində haqlı idi.

- Ancaq xalq elə düşünmür. Oyuna baxan, az qala, hər kəs düşünür ki, "Qarabağ"a kömək üçün belə edilib. Nəticədə klubun imicinə də, hakimliyin hörmətinə də ağır zərbə dəyir.

- Allaha, vicdanıma and olsun ki, nə "Qarabağ"a, nə hansısa digər kluba dəstək verilməsi üçün nə bizə göstəriş verilir, nə də bizim belə niyyətimiz var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR