Avropa bazarı Türkiyə üçün artıq prioritet deyil

Avropa bazarı Türkiyə üçün artıq prioritet deyil
22:42 6 Yanvar 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Baş naziri Əhməd Davudoğlu dünən ölkənin İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən 3-cü ticarət müşavirləri konfransında 2015-ci il üçün iqtisadi planlarını açıqladı.

Baş nazir 2008-ci ildən bu günə qədər bir çox sahələrdə nailiyyətlərin əldə edildiyini, lakin bunun az olduğunu deyərək, türk iş adamlarını qonşu ölkələrə investisiya yatırmağa təşviq etdi.

Həqiqətən də 2008-ci il Türkiyə iqtisadiyyatı üçün çox önəmli bir il oldu. Belə ki, məhz həmin il Ankara Beynəlxalq Valyuta Fondu ilə yeni kredit imzalanmasından imtina etdi. Bu cidd-cəhdlə ölkə iqtisadiyyatını dirçəltməyə çalışan Türkiyə üçün ciddi irəliləyiş idi.

Davudoğlunun nitqində ən diqqət çəkən məqamlardan biri də Türkiyənin üç regiona - Afrika, Latın Amerikası və Asiya ölkələrinə xüsusi diqqət yetirəcəyi oldu.

Baş nazir xüsusi olaraq vurğuladı ki, Türkiyə Avropa bazarı daralan zaman qonşu ölkələrə, qonşu ölkələrdə siyasi böhranlar yarandığını zaman isə Afrika və Latın Amerikası ölkələrinin bazarına girməyə başladı.

Bu gün Türkiyənin regionda artan gücü nəzərə alınsa, Davudoğlunun Avropa bazarı haqqında söylədiklərini və eyni gündə ölkənin XİN rəhbəri Mövlud Çavuşoğlunun Avropa İttifaqının (Aİ) Türkiyənin bu quruma üzvlük məsələsini uzatmaqla sağlam məntiqdən uzaq olan səhv addımlar atdığını bəyan etməsi əslində Avropaya reallıqdan yaranan ismarıc kimi qəbul etmək olar.

Təbii ki, bundan əvvəl də Türkiyə rəsmiləri Aİ haqqında bənzər çıxışlar ediblər. Ən son olaraq, ölkənin Aİ işləri üzrə naziri Volkan Bozkır Ankara və Aİ arasında müzakirələrin bu qurumun Türkiyədən tələb etdiyi formatda davam edə bilməyəcəyini qeyd etmişdi. Bozkırın sözlərinə görə, Aİ Türkiyəyə yuxarıdan baxır ki, bu da Ankara üçün əsla qəbuledilməzdir.

Həqiqətən də bu gün Aİ-Türkiyə münasibətlərinə nəzər yetirilsə, Avropa İttifaqının bu məsələdə qeyri-səmimi olduğunu görmək olar.

Türkiyənin quruma tamhüquqlu üzvlük üçün 2005-ci ildən indiyədək ümumilikdə 168 islahat paketi həyata keçirməsinə baxmayaraq, Aİ bu günə qədər Ankaraya üzvlüklə bağlı təskinlik verməkdədir.

Türkiyə Aİ-yə üzvlüyü daha çox ölkənin demokratikləşməsi üçün istəyir. Ankara Aİ ilə münasibətlərinin təməlini insan haqları və demokratiya üzərində qurmasına baxmayaraq, Aİ bu günə qədər Türkiyə ilə münasibətlərini hansı prinsip üzərində qurduğunu dəqiqləşdirməyib. Bu isə tərəflər arasında başlıca problemlərdən biridir.

Digər problemli məqamlardan biri də Türkiyənin Avropa Gömrük İttifaqına üzv olmasıdır.

Aİ və ABŞ arasında Transatlantik ticarət-investisiya əməkdaşlığına (TTIP) dair müqavilənin imzalanacağı təqdirdə, bundan ilk növbədə Türkiyə əziyyət çəkəcək. Çünki müqavilə imzalanarsa, ABŞ malları Türkiyə bazarına rüsumsuz daxil olacaq ki, bu da Ankara üçün milyardlarla dollar itki deməkdir.

Məhz bu səbəbdən də Aİ və ABŞ arasında TTIP müqaviləsinin imzalanacağı təqdirdə, Türkiyənin Avropa Gömrük İttifaqından çıxacağı ehtimal edilir. Bununla yanaşı, gec-tez Ankara Aİ-yə alternativ qurum axtaracaq.

Ankaranın Avropa bazarına tam olaraq əlvida deyəcəyi inandırıcı olmasa da, bütün vasitələrlə iqtisadiyyatının möhkəmlənməsinə çalışan Türkiyədə 2015-ci ilin diplomatik və iqtisadi səfərbərlik ili olacağını söyləmək olar.

Rufiz Hafizoğlu
Trend

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR