Rusiya xarici işlər naziri Sergey Lavrov Barak Obama administrasiyasının ciddi ziyan vurduğu ABŞ-Rusiya münasibətlərinin bərpası üçün Moskvanın üzərinə düşən addımları atmağa hazır olduğunu bəyan edib.
Publika.az APA-ya
istinadən xəbər verir ki, S. Lavrov Avstriyanın "Profil" jurnalına
müsahibəsində deyib ki, Moskva ABŞ-ın yeni seçilmiş prezidenti
Donald Trampın bəyanatlarını diqqətlə izləyir.
Rusiya xarici işlər naziri D. Trampın iki ölkə arasında normal
dialoqun qurulmasının zəruriliyi ilə bağlı bəyanatının müəyyən
ümidlər yaratdığını bildirib: "Son illər münasibətlərdə deqradasiya
bizim günahımızdan olmayıb, bu, Barak Obama administrasiyasının
məqsədyönlü fəaliyyətinin nəticəsidir. Biz öz tərəfimizdən həmişə
münasibətlərin bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqların
qarşılıqlı nəzərə alınması prinsipləri əsasında inkişafına hazır
olmuşuq. Münasibətlərə vurulan ziyanı aradan qaldırmaq üçün hər iki
tərəfin ciddi səy göstərməsi lazımdır. Ancaq hələ respublikaçı
komandanın konkret məsələlər üzrə necə çalışacağı barədə danışmaq
tezdir. Əminik ki, Rusiya və ABŞ-ın maraqları nəinki ikitərəfli
münasibətlərdəki problemləri aradan qaldırmağa, eyni zamanda
beynəlxalq terrorizm və digər böyük problemlərin həllinə birgə
töhfə verməyə imkan verir" .
S. Lavrov Rusiya və ABŞ-ın innovasiya və texnologiya sahəsində
reallaşdırılacaq layihələrinin olduğunu da vurğulayıb.