Azərbaycanda yerli özünüidarəetmə sahəsində qadınların fəallığı daha da artıb

13:13 16 Mart 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, Aidə Quluzadə, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə martın 16-da bələdiyyələrdə təmsil olunan qadınların fəaliyyətinin dəstəklənməsi məqsədilə “Yerli idarəetmədə qadın liderliyinin təşviqi üçün strategiyalar” adlı konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, deputatlar, bələdiyyə sədrləri və üzvləri, rayon icra hakimiyyətlərinin qadın müavinləri iştirak edirlər.
AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova konfransın məqsədinin yerli özünüidarəetmə orqanlarında qadınların rolunu müəyyənləşdirmək, onların diqqətini ərazilərdə aparılan quruculuq, abadlıq işləri ilə yanaşı, sosial məsələlərə, ailə, qadın və uşaqların problemlərinin həllinə yönəltmək olduğunu söyləyib. Bildirib ki, bu gün Azərbaycan qadınları dövlətin yaratdığı imkanlardan istifadə edərək bütün sahələrdə təmsil olunurlar və uğur qazanırlar.
Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəal iştirakına yaradılan şəraiti yüksək qiymətləndirib. Qeyd edib ki, gün keçdikcə Azərbaycan qadınlarının cəmiyyətdə nüfuzu daha da artır və onlardan gözləntilər də çoxalır. Səfir bildirib ki, Azərbaycanda yerli idarəetmədə qadınların sayı hətta Almaniyadan da çoxdur.
Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov deyib ki, Azərbaycan qadını hər zaman öz ağlı, istedadı ilə fərqlənib. Bu gün müasir Azərbaycan qadını müstəqil dövlət quruculuğunda, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə, səhiyyədə, təhsildə və digər sektorlarda mühüm rol oynayır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Ölkəmizdə qadınların hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazasının mövcud olduğunu deyən K.Bayramov Azərbaycanın bu istiqamətdə bir çox beynəlxalq sənədlərə qoşulduğunu diqqətə çatdırıb.
K. Bayramov yerli özünüidarəetmə sahəsində qadınların fəallığının daha da artdığını söyləyib. Bildirib ki, 2005-ci ildə bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4 faiz, 2009-cu ildə təxminən 27 faiz, 2014-cü ildə isə 35 faiz təşkil edib. 2009-cu ildə bələdiyyə seçkilərdə qeydə alınmış qadın namizədlərin sayı 6115 nəfər idisə, 2014-cü ildə bu rəqəm 54 faizdən çox artaraq 9439 nəfərə çatıb. Bu da qadınlarımızın bu sahəyə necə maraq göstərdiyinin bariz nümunəsidir. Azərbaycan dövləti qadınlar üçün əlverişli şərait yaradır və onların dövlət orqanlarında rəhbər vəzifələrdə təmsil olunmalarına önəm verilir.
Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan qadınının hər zaman fəal və təşəbbüskar olduğunu, həyatın bütün sahələrində uğurlar qazandığını bildirib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinin bütün qadınlarımıza nümunə olduğunu deyib.
Konfrans bələdiyyə üzvü olan qadınlara liderlik bacarıqlarının aşılanması üçün strategiyaların müzakirəsi və mübadiləsi imkanı yaradacaq. Həmçinin, konfransda beynəlxalq təcrübəyə əsaslanaraq qadın bələdiyyə liderlərinin qarşılaşdığı problemlər və yerli siyasətdə onların liderlik potensialının gücləndirilməsi üçün müxtəlif strategiyalar işçi qruplarında müzakirə olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_yerli_ozunuidareetme_sahesinde_qadinlarin_fealligi_daha_da_artib-839591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR