​ATU-da Harvard Universiteti ilə birlikdə simpozium keçirilir

​ATU-da Harvard Universiteti ilə birlikdə simpozium keçirilir
13:17 16 Mart 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri" mövzusunda beynəlxalq simpozium keçirilib. "Report" xəbər verir ki, simpozumun açılış mərasimində çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov psixi sağlamlıq və inkişaf xəstəliklərinin hazırda bütün dünya ictimaiyyətini narahat edən məsələlərdən biri olduğunu bildirib: "Müasir dünyada psixi sağlamlıq və onun qorunması ciddi əhəmiyyət kəsb edir. Bu səpkidə Azərbaycan Tibb Universiteti bir çox dünya universitetləri ilə elmi və praktiki əməkdaşlıq edir".
Rektorun sözlərinə görə, bugünkü tədbirin məqsədi Azərbaycanla qarşılıqlı təcrübənin paylaşılması ilə yanaşı, ölkədə gənc tədqiqatçı və alimlərin yetişdirilməsinə də kömək etməkdir. O, bu məsələdə Harvard Universiteti Boston Uşaq Xəstəxanasının İnkişaf Xəstəlikləri Departamentinin aparıcı mütəxəssislərindən biri Dr. Kərim Munirin böyük köməyi olduğunu vurğulayıb: "Əməkdaşlığa iki il əvvəl başlamışıq. Kerim Munir Türkiyə ilə yanaşı, Azərbaycan, Qazaxstan və Qırğızıstanda gənc alimlərin yetişdirilməsi istiqamətində səylə çalışır. Tibb Universiteti ilə Boston Uşaq Xəstəxanası arasında əməkdaşlıq çərçivəsində artıq ATU-nun iki həkimi orada praktika keçib və bu sipozium qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək".
Tədbirdə dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislər tərəfindən bir sıra mövzularda məruzələr səsləndirilib.
Martın 17-də isə ATU-nun təmsilçisi Nigar Sədiyeva “Azərbaycanda uşaqların normal inkişafı üzrə perspektivlər” mövzusunda çıxış edəcək.
Qeyd edək ki, iki gün davam edəcək tədbir ATU-nun Psixiatriya kafedrası və Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının inkişaf xəstəlikləri departamenti ilə birlikdə təşkil olunub. Simpoziumda ABŞ, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən mütəxəssislər iştirak edirlər.




Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/atu-da-harvard-universiteti-ile-birlikde-simpozium-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR