Çinin Rusiyaya müdaxiləsi 99,9 faizdir. Çünki Çin
əhalisi bu ölkənin indiki sərhədlərinə sığışmır.
Publika.az xəbər verir ki, bu proqnozla Rusiyada
Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr
Alladin çıxış edib.
Çinin Rusiyanı işğal planı
Onun sözlərinə görə, Çin Rusiya sərhədləri istiqamətində
genişzolaqlı beton yolun inşaasını aparır: “Bu yollar ona görə
betondan inşa olunur ki, ağır texnika və silah yükünə dözümlü
olsun. Bu yolun istifadəyə verilməsindən sonra Çin rahat şəkildə
Rusiya ərazisinə hərbi texnika çıxara və strateji əhəmiyyətli
istiqamətlər üzrə hücum əməliyyatları apara biləcək. Hərbi hücum
başlayan kimi Çin bir hissəsinə sahib olduğu Böyük Ussurskiy
adasından (bu adanın bir hissəsinə Rusiya, digər hissəsinə isə Çin
nəzarət edir - red) bölgənin mərkəzi hesab olunan Xabarovsk
şəhərinə üç saat içində ordu çıxaracaq və bu müddətdə heç kimin
gözləmədiyi halda hücum başlanacaq. Çin ordusu buradan Rusiyanın
başqa ərazilərinə də çıxış əldə edəcəklər. Əvvəllər adada hərbi
qoşun var idi və hərbi vəziyyət zamanı şəhəri müdafiə edə bilirdi.
İndi həmin qüvvələr ləğv olunub və şəhər müdafiəsiz qalıb. Şəhərin
alınması zamanı Amurda dəmir yol körpüsü götürüləcək, avtomobil
yolları kəsiləcək və Uzaq Şərq Rusiyadan alınacaq. Bölgənin
taleyini Çin özü həll edəcək. Rusiya praktiki olaraq o bölgəyə heç
nə ilə kömək edə bilməyəcək. Çünki onun belə gücü yoxdur, ordu
dağıdılıb, silahlanma yararsız vəziyyətdədir, yeni texnikalar
yoxdur. Rusiyada ordunun müasirləşdirilməsindən sonra 85 fərsiz
briqadadan başqa heç nə qalmadı. Ordudan kütləvi ixtisarlar
nəticəsində zabit heyəti Uzaq Şərq və Şərqi Sibiri tərk etdi”.
Urala qədər ərazilər ələ keçiriləcək və ruslar məhv
ediləcək
Çinin Rusiya torpaqlarına soxulacağı haqda dəhşətli proqnozları
başqaları da verirdi. Rusiya mənbələrinə görə, hətta XIX əsrdə
gələcəyi görmə qabiliyyətinə malik olan insanlar da bu müdaxilədən
danışıblar.
Bu gün Çinin hərbi büdcəsi 78 milyard dollardır. Lakin iddialara
görə, bu, rəsmi Pekinin açıqladdığı rəqəmdir, reallıqda büdcə
deyiləndən bir neçə dəfə böyükdür. Bununla yanaşı, 200 milyona
yaxın aktiv əsgər istənilən an hücuma hazır vəziyyətə gətirilə
bilər.
A.Alladin hesab edir ki, Çinin müdaxilə əməliyyatı Rusiyanın Urala
qədər ərazilərinin işğalı ilə başa çatacaq: "Bundan sonra Uraldan
rusları deportasiya edəcəklər, yaxud məhv edəcəklər. Qalibləri heç
kim mühakimə etmir”.
İqtisadi işğal artıq başlanıb
Uzaq Şərqdə və Sibirdə Çinin Rusiya ilə iqtisadi əməkdaşlığı artıq
işğalın başlanğıcı hesab edilir.
A.Alladin deyir ki, Rusiya Uzaq Şərqin və Şərqi Sibirin xammal
bazasını çinlilərə verəcək: “Razılaşmaya görə, yataqların
hazırlanması birgə aparılacaq, lakin yenidən emal və istehsal edən
müəssisələr Çin ərazisində tikiləcək. Çin bizim ərazimizdə sərhəd
buraxılış məntəqələri, körpülər, yataqlara yollar tikəcək.
Həmçinin, evlər və kərpic zavodları inşa edəcək. Bu, əslində işğala
hazırlıqdır və hazırda inşa olunan infrastruktur ordunun və hərbi
texnikanın Rusiyaya daha sürətli hücumunu təmin etməyə imkan
verəcək”.
Onun sözlərinə görə, qızıl, gümüş, molibden, mis, vanadium, volfram
kimi strateji yataqlar Çinin istismarına verilib: “Bütün bu
metallar tanklar, təyyarələr, raketlər şəkilində Rusiyaya
qayıdacaq. Çinlilər tərəfindən həmin bölgədə tikilən evlər
gələcəkdə öz vətəndaşlarının yaşaması üçündür. Çünki Çin bura
həmişəlik gəlir”.
Yaxın onilliklərdə...
Hərbi analitik Aleksandr Xramçikin də Alladinlə razıdır.
Onun fikrincə, Rusiya-Çin sərhədinə doğru inşa olunan yolların
cəbhə boyu yollar kimi ixtisaslaşması müşahidə olunur: “Yəni yollar
cəbhə xəttinə paraleldir. Çin həqiqətən Rusiyanın Uzaq Şərq
bölgəsinə müdaxilədə maraqlıdır. Sadəcə olaraq, bunun üçün lazımi
şəraiti gözləyir. Məsələ ondadır ki, Çin öz ərazisini
genişləndirmədən sağ qala bilməyəcək. Buna görə də Rusiya
ərazilərinin zorla alınması planı var və hesab edirəm ki, bu yaxın
bir neçə onillikdə baş verəcək”.
Asif