Bu kənddə çöldə bitən vəhşi armud ağaclarını
doğramırlar. Çünki onlara çətin günün dostu, dar günün xilaskarı
kimi baxırlar. Söhbət Culfa rayonunun Teyvaz kəndindən
gedir.
Teyvaz - Culfanın ucqar dağ kəndidir. Aprel, may
aylarına qədər kəndin qarşısındakı dağlarda qar olur. Uzaqdan qarlı
yamacılarda qaralan armud ağacları qalın meşəni xatırladır. Kəndin
min illik tarixində ən maraqlı məqamlardan biri də armud ağaclarına
balta vurulmamasıdır. Ona görə də indi bu kəndin çöllərində yaşı
100-150-yə çatan nəhəng armud ağacları var.
Bəlkə də Azərbaycanın digər meşələrlə zəngin olan ərazilərində
bu, adi haldır. Ancaq 1992-ci ildən 2005-ci ilə qədər enerji
blokadasında olan Naxçıvan üçün bu, qeyri-adi hadisədir. Çünki,
ermənilərin blokadaya saldığı Naxçıvanda 1992-ci ildən başlayaraq,
qış aylarında yeganə yanacaq növü ağaclar olub. O zamanlar nəinki
dağlarda, hətta həyətlərdə bitən meyvə ağacları belə doğranaraq,
sobalarda yandırılıb. Hətta indinin özündə də Naxçıvanda yaşı
20-dən artıq olan dağ ağacları yalnız ciddi-cəhdlə qorunan Batabat
yaylağında qalıb. Onlar da palıd, söyüd, yemişan ağaclarıdır. Dağ
armudları isə yalnız Teyvaz kəndində qorunub saxlanıb. Bir sözlə,
burada əhali üçün dağ armudu müqəddəs bir ağacdır.
Kəndin 75 yaşlı sakini Allahverdi Hüseynov deyir ki, Böyük Vətən
Müharibəsi illərində bizim hamımızın ümid yeri bu armud ağacları
olub:
- Yabanı halda bitən ağaclara heç kəs qulluq eləmirdi, elə ancaq
payızda meyvəsini yığır, onu qurudurduq. Sonra da qış aylarında bu
quru armud meyvələri dəstərədə (əl dəyirmanında) üyüdülərək, un
halına salınırdı. Anam ondan yaxşı çörək bişirirdi. Bu, çətin
günlərdə aclıqdan qurtarmaq üçün bütün kəndin ümid yeri idi. Ona
görə də, müharibədən sonrakı illərdə ağsaqqal və ağbirçəklər armud
ağaclarını kəsməyə qoymadılar. Ağaclar yaşlı nəslin gözündə sanki
bir xilaskar idi. 1992-ci ildə bir neçə adam “Çətən daş” deyilən
yerdə bitən nəhəng armud ağacını kəsmək istəyirdi. Onları da
qınamaq olmazdı, həmin il qış sərt gəlmişdi. Bərk soyuq idi. Ancaq
kəndin ağsaqqalları onları bərk danladılar. “Gedin çaydan, çeşmədən
kol-kos kötüyü yığın, kərmə (bərkimiş təzək) yandırın , bala, armud
ağacanının qarğışı sızı tutar”,- deyib, onları çəkindirdilər. Sonra
daha heç kim dağ armudlarını kəsməyə heç cəhd də etmədi.
Kəndin cavanları da bu ənənəni qoruyub saxlayırlar. Ədalət Hüseynov
babasının armudlarla bağlı nəql etdiyi maraqlı bir hadisəni
danışır:
- Deyirdi ki, bir dəfə kəndin ortasında qazıntı vaxtı bir daş lövhə
tapıldı. Üstündə ərəb əlifbası ilə yazılmışdı ki, “Şəhrud şəhərini
və ətrafındakı kəndləri Teyvaz kəndinin armudları quraqlıq vaxtı
aclıqdan xilas edib”. Sonra kimsə gəlib o daşı apardı və onun
sonrası necə oldu, bilmədik.
Əslində yaşlı nəsil bu cür hadisələri danışmaqla gənclərdə həmin
ağaclara sevgi yaradıb. Kənddə indi də sakinlər payız vaxtı cır
armudları yığıb, meyvəsini qurudurlar. Qış aylarında müxtəlif
xəstəliklərin müalicəsində istifadə edirlər. Uşaqların qarnı
ağrıyan zaman ən yaxşı dərman kimi tətbiq olunur. Deyirlər ki,
armudu dəstərədə çəkib, ununu müntəzəm olaraq körpə uşağa verəndə
onu xeyli gümrahlaşdırır.
Bu kənddə “Həsənqulugilin dəstərəsi” deyilən qədim bir əl dəyirmanı
indi də kənddə ev-ev dolanır. Hamı da ondan ancaq armud qurusunu
üyütmək üçün istifadə edir.
AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı, gənc tədqiqatçı Əli Həşimov
bu kəndin insanlarında armud ağacına olan sevgini gen yaddaşı ilə
izah edir:
- “Dədə Qorqud” dastanında bir məqam var: evi yağmalanan Qazan xan
əvvəlcə ağaca , sonra da qurda müraciət edərək, onlardan ailəsi,
evi haqda soruşur. Sonra həmin dastanda bir ifadə var. “İgidlər,-
deyir ,- atam Qoğan Arslan, anam Qaba ağacdır”. Digər bir türk
əsatirində isə Qara xan ağac koğuşunda tapdığı qızla evlənir və
ondan Göy xan, Dəniz xan, Ulduz xan və digər övladları olur. Ona
görə də indi bu kəndin adamları bir növ öz gen yaddaşlarından irəli
gələrək, belə davranırlar.
Bütün hallarda, kəndin sakinləri ən çətin anlarında ətraf mühitin
bir parçası olan ağacları qoruyub saxlaya biliblər. Bu gün məhz bu
qorunan dağ armudlarına görə Teyvaz kəndinin təbiəti digər qonşu
kəndlərdən daha yaraşıqlı və cəzbedicidir. Təbiət bizi təmənnasız
sevir, yetər ki, biz də onu eyni sayğı ilə sevə bilək.