Prosineçki: "Mən də azərbaycanlılar kimi düşünürəm"

Prosineçki: "Mən də azərbaycanlılar kimi düşünürəm"
14:47 16 Mart 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində Malta ilə oyun öncəsi müsahibə verib.

Milli.Az-ın azerisport.com saytına istinadən yaydığı xəbərə görə, o, bu matçla yanaşı, başqa bir neçə sualı da cavablandırıb.

- "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacağınız Malta ilə oyun öncəsi sizi narahat edən çox məqam var?

- Az deyil. Milli komandanın futbolçularının öz klublarında oynamamaları mənə başağrısıdır. Lakin Türkiyədə 6 gün təlim-məşq toplanışında olduq və gördüklərim məni razı saldı.
 
- Sələfiniz Berti Foqts hər oyun öncəsi xeyli problemi qabardırdı. Görünür, siz hələ Azərbaycan futbolu ilə yaxından tanış deyilsiniz.

- Problemlər var. Ancaq mən əsas şikayətləndiyim məqamları qeyd etdim. Əsas heyətdə öz klublarında daim oynayan futbolçular meydana çıxacaqlar. Futbolçularımı tanıyıram. Bu baxımdan məndə həyəcan yoxdur.
 
- Malta ilə oyun üçün heyəti artıq müəyənləşdirmisiniz?

- Bəli. Martın 18-də Premyer Liqanın növbəti turunun oyunları keçiriləcək. Növbəti gün yığmaya dəvət edəcəyim futbolçuların adları açıqlanacaq. Premyer Liqanın son turunun seçimimdə hər hansı bir dəyişikliyə səbəb olacağını düşünmürəm.
 
- Kamran Ağayevin "Kayserispor"un heyətində oynaması və qol buraxmaması yığmanın qapısını ona həvalə edəcəyinizə zəmanət verirmi?

- Bu, Kamrana əsas heyətdə oynayacağına zəmanət vermir. Onu Malta ilə oyuna dəvət edəcəm. Qapıda kimin duracağını görəcəyik.
 
- Kamranın "Kayserispor"da çıxışından razısınız?

- O, geridə qalan 24 turdan cəmi üç oyunda iştirak edib.
 
- Amma Kamran Türkiyə klubuna yenicə keçib...

- O, "Qəbələ"də uzun müddət ehtiyatda qaldı. "Kayserispor"a da keçən kimi dərhal oynamadı. Kamran təcrübəli qapıçıdır və daha öncə millinin bir nömrəsi idi. Ancaq indi "İnter"in əsas heyətində daim oynayan qapıçı Səlahət Ağayev də var. Ona görə də, hələ Malta ilə oyunda qapını kimin qoruyacağına qərar verəcəyik.
 
- Malta ilə oyunda hər kəs yığmamızdan qələbə gözləyir. Hesab edirlər ki, əgər qrupda Maltanı məğlub edə bilməsək, bəs kimə qalib gələcəyik? Bu fikirlə razısınız?

- Mən də azərbaycanlılar kimi düşünürəm: Maltanı məğlub etməliyik. Ancaq hamı başa düşməlidir ki, bizim üçün asan gəzinti olmayacaq. Rəqib də futbol oynamağı və müdafiə olunmağı bacarır. Təbii ki, biz qələbə qazanmaq istəyirik. Bakıda üç xal qazanmağa çalışacağıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/329876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR