Azərbaycanda heyvanların yaşaması və müalicəsi üçün yaradılan şərait: bilməyənlər üçün reportaj (FOTO)

Azərbaycanda heyvanların yaşaması və müalicəsi üçün yaradılan şərait: bilməyənlər üçün reportaj (FOTO)
15:53 16 Mart 2015
264 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Vüqar İmanov/

Adətən cəmiyyətin inkişaf dərəcəsini qocalara və uşaqlara münasibətlə ölçürlər. Lakin fikrimizcə, təkcə qocalara və uşaqlara deyil, qayğı və diqqətə ehtiyacı olan heyvanlara münasibət də cəmiyyətin daha yüksək inkişaf dərəcəsini təsdiq edir.

Heyvanlara qarşı belə humanist münasibətin parlaq nümunəsi 2009-cu ildə Bakı-Şamaxı magistral yolunun 15-ci kilometrliyində yerləşən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin (AARC) açılmasıdır.

Bu günlərdə Trend redaksiyasının nümayəndələri Mərkəzin direktor müavini Vüsalə Əli ilə birlikdə AARC-nin işi ilə tanış olmaq üçün maraqlı ekskursiya keçirdilər. Girişdə jurnalistləri Mərkəzin loqotipləri olan bannerlər qarşıladı. Bannerlərdə it və pişik simalarının cizgilərinin təsvir olunduğu ürəklər əksini tapıb. İlkin olaraq Mərkəzin ən müasir aparatla təchiz olunmuş və heyvanları xilas etmək üçün istənilən an hərəkətə keçməyə hazır olan təcili yardım avtomobillərini gördük. 4 hektarlıq sahəsi olan Mərkəzdə sahibsiz it və pişiklər üçün sığınacaq, özəl baytarlıq klinikası var.

V.Əli deyir ki, özəl mərkəzin açılmasında əsas məqsəd ictimaiyyətin diqqətini sahibsiz heyvanların probleminə yönəltmək, onlara qarşı humanist münasibətin aşılanmasıdır: “Sahibsiz it və pişiklərə kömək üçün əlimizdən gələni etməyə çalışırıq. Lakin imkanlarımız məhduddur və ictimaiyyət bu prosesə daha fəal qoşulmalıdır”.

Onun sözlərinə görə, öncə sahibsiz heyvanların sayının artmaması üçün onların sterilizasiyası ilə bağlı kömək lazımdır: “Mərkəzdə boş qalmış yerlərə digər sahibsiz it və pişikləri qəbul etmək və onlara kömək etmək üçün müvafiq müalicə və qayğıdan sonra insanlar heyvanları evə götürə bilərlər. Hazırda Mərkəzdə peyvənd və sterilizasiya edilmiş təqribən 150 it və pişik qalır”.

Yeri gəlmişkən, Mərkəzin əməkdaşları özləri dəfələrlə heyvanları küçələrdən götürüblər. Onlar avtomobilin hər hansı yerdə iti və ya pişiyi vurduğunu öyrənəndə hadisə yerinə gedirlər.

Sahibsiz heyvanların daim artan say problemini həll ertmək üçün AARC onların populyasiyasının tənzimlənməsinin humanist metodunu, yəni sterilizasiyanı təklif edir. Bundan sonra heyvanların bir qismi əvvəlki yaşayış yerlərinə göndərilir, bəziləri isə Mərkəzin ərazisində yaradılmış sığınacaqda qalır və yeni sahiblərini gözləyir. İt və pişiklərin bir hissəsi burada artıq bir neçə ildir yaşayırlar.

V.Əli bildirib: “Bizə yaralanmış, maşın altına düşmüş, müxtəlif sınıqları olan, insan əlindən xəsarət görmüş it və pişiklər barədə zəng edirlər. Xüsusi hazırlıq keçmiş Mərkəzin əməkdaşları xəsarət almış heyvanlara görə yola çıxırlar. Onları klinikaya gətirir, zəruri müayinə, müalicə və sterilizasiya aparırlar, sonra isə əvvəlki yaşayış yerlərinə qaytarırlar”.

Biz Mərkəzdə gördüyümüzdən yaxşı mənada təəccübləndik – burada heyvanların yaşaması üçün bütün zəruri şeylərlə təchiz edilmiş xüsusi kotteclər tikilib. Burada gəzinti və gecələmə üçün ayrı-ayrı yerlər mövcuddur. Onlar üçün heç kəsin pozmaq hüququ olmadığı çox yaxşı qidalanma ilə birlikdə xüsusi rejim də nəzərdə tutulub. Biz də bunun şahidi olduq. Reportaj zamanı heyvanları yemləmək barədə xahişimizə cavab olaraq “Rejimi pozmaq olmaz!” sözlərini eşitdik.

Mərkəz, həmçinin fərdi şəxslərə heyvanların saxlanılması xidmətini təklif edir. Bu məqsədlə burada hətta xüsusi mehmanxana nömrələri mövcuddur.

Yeri gəlmişkən, Mərkəzdə it və pişiklər müxtəlif volyerlərdə saxlanılır. Burada heyvanlara sonsuz sevgi və qayğı ilə yanaşırlar. İtlərin saxlanılması üçün, xüsusilə doyunca atılıb düşə biləcəkləri geniş yer ayrılıb.

V.Əli qeyd edib: “Əgər Mərkəzə ilk dəfə gəlmiş və it götürmək istəyirsinizsə, onu sizə verməyəcəklər. Buraya daha bir dəfə gəlməlisiniz. Bundan başqa, gələcək sahibə heyvanların qayğısına necə qalmaq barədə ətraflı məlumat verilir”.

Mərkəzdə pişiklər üçün bir neçə ayrıca məkan ayrılıb. Hər birində hava ilə doldurulmuş evlər və Mərkəzin əməkdaşlarının karton qutulardan hazırladıqları “dördmərtəbəli” pişik evləri var. Buna görə də heyvanların özünün “yataq rayonu” mövcuddur. Pişiklər günorta vaxtı gəzir, Günəş altında qızınır, bağlı məkanda isə gecələyirlər.

AARC-də öz işinin peşəkarları olan azərbaycanlı və iranlı mütəxəssislər işləyirlər və Mərkəz ən müasir baytarlıq avadanlıqları ilə təchiz edilib ki, bu da onu bütün postsovet məkanında unikal edir. Mərkəzin baytarlıq klinikasında ən qabaqcıl müalicə metodlarına malik yüksəkixtisaslı mütəxəssislər çalışırlar. Onların xidmət göstərmələri məqsədilə AARC-nin kabinetləri (baxış, əməliyyat, laboratoriya) ən müasir avadanlıqlarla təchiz olunub. Burada ultrasəs aparat, heyvanlar üçün rentgen, narkoz üçün aparat görmək mümkündür. Bütün bunlar dəqiq diaqnozun qoyulmasına, heyvanların vəziyyətinin düzgün qiymətləndirilməsinə və onların keyfiyyətli müalicəsinə xidmət edir.

Əməliyyatlardan sonra pişikləri xüsusi konteynerlərə yerləşdirirlər, burada onlar narkozdan həkimlərin diqqətli müşahidəsi ilə özlərinə gəlirlər. Heyvanların boyunlarına xüsusi müdafiə yaxalığı taxırlar ki, onlar əməliyyat sonrası tikişləri yalamasınlar.

Yeri gəlmişkən, Mərkəzin bütün heyvanlarına mikroçiplər bənd edirlər. Onlar tamamilə zərərsizdir və heyvanların özünəməxsus tibbi kartlarıdır. Mikroçipin göstərdiyi nömrə üzrə heyvanın xəstəliyinin bütün tarixçəsini, onun Mərkəzə çatdırılması və sterilizasiya tarixini öyrənmək olar.

V.Əli son zamanlar sosial şəbəkələrdə heyvanlarla kobud müraciətlə bağlı yayılan video və foto materiallara münasibətini də bildirib: “Heyvanlara əziyyət vermək olmaz! Əksinə, onlara kömək etmək lazımdır. Axı onlara küçələrdə çox çətindir. Qoy, insanlar belə faktlara göz yummasın və bununla hər vəchlə mübarizə aparsınlar”.

Əgər küçədə xəstə və ya şikəst edilmiş heyvanla rastlaşsanız, bu barədə Mərkəzə aşağıdakı telefon nömrələri vasitəsilə məlumat verə bilərsiniz: (+994 50/55) 355 17 17

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2374447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR