Bundestaqın deputatları AFR vətəndaşlarının müharibədə separatçıları tərəfində iştirak etmələrindən narahatdırlar

Bundestaqın deputatları AFR vətəndaşlarının müharibədə separatçıları tərəfində iştirak etmələrindən narahatdırlar
17:28 16 Mart 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin, 16 mart, AZƏRTAC
Bundestaqın bir çox deputatı Almaniya xüsusi xidmət orqanlarından Ukraynanın şərqində Rusiyapərəst separatçıların tərəfində döyüşən alman vətəndaşlarının sayı və onların bu işə cəlb olunma yolları barədə ətraflı məlumat toplamağı tələb edib. Parlamentin daxili siyasət komitəsinin sədri Volfhanq Bosbax martın 16-da “Die Welt” qəzetinə bildirib ki, Almaniya vətəndaşlarının Ukrayna münaqişəsində iştirakı barədə qəzetin məlumatını araşdırmaq lazımdır.
V.Bosbaxın sözlərinə görə, indi Donbas döyüşlərindən Almaniyaya qayıdan adamlardan “daxili təhlükəsizliyə təhdidin olub-olmadığını” yoxlamaq lazımdır. O həm də əlavə edib ki, AFR-in hüquq-mühafizə orqanları belə vətəndaşları terrorçu təşkilatların üzvləri və ya tərəfdarları kimi məsuliyyətə cəlb edib-etməməyin mümkünlüyünü aydınlaşdırmalıdırlar.
Eyni zamanda bundestaqda “Yaşıllar” fraksiyası başçısının müavini Konstantin fon Nots Ukraynada döyüşən həmvətənlərə cəza tətbiqinin problematikliyini qeyd edib. Onun sözlərinə görə, həmin vətəndaşlara qarşı “konkret ittihamlar yoxdursa, belə hallarla ədliyyə orqanları məşğul olmalıdır”. Bundan başqa, parlament müxalifətinin nümayəndəsi vurğulayıb ki, “ölkəyə qayıdanları Almaniyanın daxili təhlükəsizliyi üçün təhdid kimi qeydə almaq əsassız olar”. O, həmçinin belə adamların Almaniya vətəndaşlığından məhrum olunmasına dair əvvəllər səslənmiş təklifləri də qəbul etməyib. Deputat deyib: “Rusiyaya və ya Ukraynaya gedən heç də hər kəs şübhə altına alınmalı deyil”.
Bundan əvvəl “Die Welt” yazmışdı ki, Donbasda AFR-in 100-dək vətəndaşı döyüşür. Onların əksəriyyəti keçmiş Sovet İttifaqından köçənlər, bəziləri isə bundesver sıralarında xidmət keçənlərdir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bundestaqin_deputatlari_AFR_vetendaslarinin_muharibede_separatchilari_terefinde_istirak_etmelerinden_narahatdirlar-839697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR