Əli Həsənov: “Cənubi Qafqazda alovlanmaqda olan “narkotik ocağının” vaxtında söndürülməsi üçün bəzi dövlətlərin ikili standartlardan əl çəkməsi lazımdır”

17:52 16 Mart 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 17:49 ]


Bakı. Ramiz Mikayıloğlu-APA. “Gələcəyi indidən dəhşətli görünən və Cənubi Qafqaz kimi həssas bölgədə alovlanmaqda olan “narkotik ocağının” vaxtında söndürülməsi üçün bəzi dövlətlərin ölkəmizə qarşı ikili standartlardan əl çəkməsi, xalqımıza zaman-zaman edilmiş təcavüzlərə son qoyulması, sərhədlərimizin bərpa olunması lazımdır”.

 

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri Əli Həsənovun Komissiyanın İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndəki məqaləsində əksini tapıb.

 

Ə. Həsənov bildirib ki, son illər narkotik və psixotrop vasitələrə əhali, xüsusən də yeniyetmə və gənclər arasında meylin güclənməsi, onların istifadəsi ilə əlaqəsi olan xəstəliklərin çoxalması, narkotiklərlə əlaqəli sosial problemlərin aktuallaşması və digər amillər ölkədə bu problemin az da olsa artmasını göstərir: “Azərbaycanda ta qədimdən ailə münasibətlərindəki mühafizəkarlıq, böyüyün-kiçiyin yerinin bilinməsi, bəhs etdiyimiz məsələlərdə amortizasiya rolunu oynayıb, ümumən neqativ hadisələrin sağlam Azərbaycan ailəsinə nüfuz etməsinə imkan verməyib. Narkotiklərlə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir. Belə təhlükələrlə üzləşməməyimiz üçün bütün cəmiyyət bilməlidir ki, narkomaniya – qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşımızın ən müqəddəs borcu insanlığa qənim olan bu bəla ilə fəal mübarizə aparmaq olmalıdır. Çünki, yalnız bu yolla əhalini, xüsusən gənclərimizi narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaq”.

Ə. Həsənov qeyd edib ki, müvafiq Dövlət Komissiyası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət siyasətinin həyata keçirilməsini, aidiyyəti orqan ların və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsini, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim nəzarətdə saxlayır: “Həyata keçirilən tədbirlərin səmərəliliyi qarşıya qoyulan barışmaz mübarizə xəttinin aparılmasına mühüm töhfələr verməkdədir. Ümidvarıq ki, Azərbaycan dövlətinin adı çəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR