Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində “Sonda SÖZ olub” kitabının təqdimatı keçirilib

21:08 16 Mart 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC
Azərbaycandakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) gənc yazıçı Elşən Məmmədlinin “Sonda SÖZ olub” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müəllif bu kitabda insanın dünyanı və özünü dərk etməsi, həyat ilə ölümün mübarizəsi, sevginin əbədiliyi, gənc nəslin mənəvi və maddi dəyərlərə münasibəti məsələlərinə toxunur.
Təqdimat mərasimində çıxış edənlər: AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi Moisey Bekker, Əməkdar İncəsənət Xadimi, kinorejissor Ayaz Salayev, şairə Valentina Əfəndiyeva və başqaları qeyd ediblər ki, XXI əsrdə, qloballaşma və inteqrasiya proseslərinin inkişafı dövründə özünüdərk və dünyanın dərk edilməsi problemi get-gedə daha da aktuallaşır. Buna görə də psixoloji baxımdan mürəkkəb varlıq olan insanın düşüncələrinin təhlili böyük əhəmiyyət kəsb edir. Kitabın adı İncildəki “Əvvəlcə SÖZ olub” ifadəsi ilə səsləşir. Müəllif özü deyir ki, “Bəs sonra nə olub?” sualı ona uzun müddət rahatlıq verməyib. Nəhayət, anlayıb: sonra yenə SÖZ olub!
Bu, müəllifin ikinci romanıdır. Təqdimat mərasimində qeyd edilib ki, Elşən Məmmədlinin istedadı onun hələ xeyli əsərlər yazmasına imkan verəcək.
Təqdimat mərasiminin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən Elşən Məmmədli yeni roman üzərində işlədiyini də qeyd edib.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış bu kitabın rəyçiləri xalq yazıçısı Çingiz Abdullayev və fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, nəşrin redaktoru Səbinə Sadıqqızıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Informasiya_Medeniyyet_Merkezinde_Sonda_SOZ_olub_kitabinin_teqdimati_kechirilib-839804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR