Avropanın həyasız işğalı başlandı - FOTO

Avropanın həyasız işğalı başlandı - FOTO
09:12 7 Yanvar 2015
565 Digər
Ölkə mətbuatı
A- A+

Avropalılar indi düşünür, Vaşinqtonun siyasi diktaturasından qurtulmağın yollarını arayırlar. İlkin addım qismində ABŞ və Avropa Birliyi arasında transatlantik ticari-investisiya əməkdaşlığı barədə anlaşmaya (Transatlantic Trade and Investment Partnership, TTIP) yenidən baxılması nəzərdə tutulur.

Başlıca məqsədi 820 milyon insan həcmində rüsumsuz transatlantik istehlak bazarının yaradılması olan anlaşmanın 2015-ci ildə qəbul olunması üçün ABŞ bütün təzyiq vasitələrini işə salıb. Vaşinqton bəyan edir ki, qlobal ümumdaxili məhsulun 50, dünya miqyasında ticari dövriyyənin isə 34 faizi məhz ABŞ və Avropa Birliyinin payına düşdüyündən sənəd mümkün qədər tez qəbul edilərək təsdiqlənməlidir.


 
Amerikalıların məramları bəlli: onlar Çin, Hindistan, Braziliya və Rusiyaya qarşı yeni iri iqtisadi blok yaratmaq istəyirlər. Ekspertlər məhz buna görə TTİP-i "iqtisadi NATO" adlandırır, Vaşinqton üçün iqtisadi önəmlə yanaşı, geostrateji əhəmiyyət daşıdığını bildirirlər.
 
Avropalılarsa TTİP vasitəsilə çoxillik staqnasiyadan, maliyyə durğunluğundan çıxmaq, iqtisadi inkişafa və ixracata təkan vermək istəyirlər.
Amma ABŞ ilə Avropa Birliyi arasında ticari, gömrük sədlərinin aradan qaldırılması Avropanın ayrı-ayrı dövlətlərini milli iqtisadiyyatın strateji önəm daşıyan sahələrini ədalətsiz əcnəbi rəqabətdən və dempinqdən qorumağa imkan verən rıçaqlardan məhrum edəcək.
Belə sədlərin zəiflədilməsi iqtisadi azadlıqla yanaşı, siyasi suverenliyin hərraca çıxarılması, çalışanların və istehlakçıların hüquqlarının müdafiəsinin zəiflədilməsidir.


 
Sənəd dövlətlərarası sərmayə və iqtisadi münaqişələrin çözülməsi üçün arbitraj tribunalların yaradılmasını da ehtiva edir. Bu isə faktiki olaraq milli-dövlətçilik hüququnun tapdanması, transmilli korporasiyaların diktaturası deməkdir. TTİP qəbul olunarsa, ABŞ-ın iri korporasiyalar və hüquq şirkətləri Avropanı, sadəcə, boğacaqlar.
 
Avropa Birliyinin ticarət məsələləri ilə bağlı komissarı Karel de Gühtün başçılıq etdiyi nümayəndə heyətinin amerikalılarla danışıqları bağlı qapılar arxasında, ictimaiyyət, mütəxəssislər və siyasi partiyaların nümayəndələrini cəlb etmədən aparmasının başlıca səbəbi də elə budur.
Sənədin əsas müddəaları gizlədilir. Avropa Birliyinə daxil olan ölkələrin parlamentləri müzakirələrdə iştirak etmirlər. Bu minvalla transmilli korporasiyalar səhiyyə, ətraf mühitin və milli mədəniyyətin qorunması ilə bağlı qanunvericilik tələblərindən yayınırlar.


 
Üstəlik, amerikalı Edvard Snoudenin ifşaları sayəsində bəlli oldu ki, avropalı siyasətçilərin telefon danışıqları ilə yazışmalarına ABŞ-ın xüsusi xidmət orqanları gizlicə qulaq asıblar. Yəni Vaşinqton TTİP-lə bağlı müzakirələrdə böyük üstünlük əldə edib.
 
Onu da qeyd etmək gərəkdir ki, TTİP imzalanarsa, Avropa Birliyi ölkələrində sosial münaqişələr sərtləşəcək, əmək və kapital, vətəndaş cəmiyyəti və transmilli korporasiyalar arasındakı qüvvələr balansı dəyişəcək. Hazırda ABŞ ilə müqayisədə daha yüksək müdafiə normalarına malik sosial modeli olan Avropa Birliyində situasiyaya "yenidən nəzər salınacaq", həmkarlar təşkilatlarının son onilliklər ərzində çoxsaylı mitinqlər, tətillər, etiraz aksiyaları və yürüşlər sayəsində əldə etdikləri uğurlar puç olacaq.
 
Sadalanan məqamlar isə olduqca pis, təhlükəli fəsadlara malik sosial və siyasi böhranlar vəd edir.

TTİP həm də avropalıların səhhətinə ağır zərbə olacaq. Sənədin imzalanması Avropa Birliyindəki ekoloji, sanitar və sosial standartların ABŞ-dakı duruma uyğunlaşdırılmasını nəzərdə tutduğundan avropalıların sanitar və ekoloji normaları pozulacaq. Satışa xlorlu toyuq əti, hormonlar və antibiotiklərlə zəngin mal əti çıxarılacaq, tarlalara genetik modifikasiya edilmiş taxıl, qarğıdalı, soya, arpa, vələmir və s. səpiləcək.
 
Daha sonra milli mədəniyyətin mühafizəsi mexanizmləri darmadağın ediləcək.
Məsələn, Fransada yerli audiovizual məhsullarla bağlı kvotalar var: məhdudiyyətlər ABŞ-dan gələn "mədəniyyət seli" kimi mədəniyyətsizliyin qarşısını almağa yönəlib. Avropa Birliyi və ABŞ arasındakı anlaşma həmin selin önündəki sədləri darmadağın edəcək.
 
ABŞ-ın iri korporasiyaları Avropadakı şirkətləri "udmağa" başlayacaq, Avropa Birliyindəki ölkələrin iqtisadiyyatlarının strateji sahələri Birləşmiş Ştatların nəzarətinə keçəcək.


 
Ən pisi isə budur ki, şirkətlərin udulması və amerikalıların "maliyyə-iqtisadi işğalı" ilə bağlı yaranacaq bütün mübahisələrlə dartışmalara avropalıların nəzarətində olmayacaq arbitraj məhkəmələrində baxılacaq.
Ən nəhayət, amerikalılar "ümumi rəqəmsal bazar" yaratmağı təklif edirlər. Belə məkan formalaşarsa, avropalıların fərdi yaşam sirləri və özəl məlumatlarının qorunması illüziyaya çevriləcək.
 
ABŞ-ın xüsusi xidmət orqanları vətəndaşın özəl həyatının toxunulmazlığına tüpürmək belə istəmirlər. Amerikalıların yazışmaları və telefon danışıqları ilə bahəm, Vaşinqtonun "demokratiya maraqları" olan bütün ölkələrdəki sirr sayılan nəsnələrin hamısı gizlicə oxunur, dinlənir, baxılır, təhlil olunur.
Amerikalılar TTİP-in mümkün qədər tez imzalanmasını və qüvvəyə minməsini istəyirlər. Məqsəd sadəcə Çinlə iqtisadi-geosiyasi rəqabətdə güclənmək yox, həm də ABŞ şirkətlərinin istehsal etdiyi məhsullar üçün çox böyük, ödəniş qabiliyyəti yüksək bazarı ələ keçirməkdir.
 
Təsadüfi deyil ki, amerikalıların iştah və tamahlarının nə demək olduğunu gözəl bilən Dominik Stross-Kan Fransa Senatındakı dinləmələrdə deyib: "Avropa həddən artıq zəif, əlverişsiz vəziyyətdədir. TTİP-lə bağlı müzakirələr şəffaf deyil. Sənədlərin ilkin variantları açıqlanmır, müzakirələr aparılmır.

Söhbət Avropa üçün çox mürəkkəb, təhlükəli anlaşmadan gedir. Bu sənədin yalnız gömrük rejiminin liberallaşmasına yönəldiyini düşünmək sadəlövhlük olardı. Məqsəd Avropa Birliyi və ABŞ arasındakı ikitərəfli ticarətin yüngülləşdirilməsi deyil, çünki amerikalılarla aramızda gömrük sədlərinin sayı onsuz da azdır.



ABŞ Avropaya yeni texniki, ekoloji, sosial, siyasi normaları sırımaq istəyir. Aydındır ki, bu normalar qəbul ediləndən sonra Avropa Birliyində "amerikalılaşma" başlayacaq, ən mühüm norma və institutlarımız önəmlərini itirəcək. Formalaşmaqda olan çoxqütblü dünyada Avropa müstəqil güc mərkəzi yox, ABŞ-ın iqtisadi əlavəsi olacaq. TTİP avropalıları "iqtisadi baxımdan sərfəli olmayan" sahələri dəstəkləməkdən boyun qaçırmağa vadar edəcək. Hər şey ABŞ-dakı tələbatdan asılı olacaq".
 
Göründüyü kimi, ABŞ Avropanı sakit şəkildə, səs-küy salmadan işğal etməkdədir. Əgər "soyuq müharibə" illərində avropalılar ABŞ və SSRİ arasında ləngər vuraraq nisbi müstəqilliklərini qoruya bilirdilərsə, indi vəziyyət kökündən dəyişib. Transatlantik azad ticarət zonasının yaradılması "Avropa ideyası"nı puç edəcək və Avropa Birliyi müstəqil iqtisadi-siyasi blok kimi müqəvvaya, marionetkaya çevriləcək.


 
Avropanın mədəni identikliyinin sonu gələcək, Qərbdə "mundiallaşma"nın triumfu yaşanacaq.
 
Amerikalılar yeni meqablok yaradaraq avropalılara alət rolunu ayırıblar.
Avropa Birliyi bundan sonra nə qədər inad və etiraz etsə də, çətin ki, xeyri olsun.
 
Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR