Xocalı soyqırımı Cenevrədə anılıb - FOTOLAR

Xocalı soyqırımı Cenevrədə anılıb - FOTOLAR
15:53 22 Fevral 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 21-də Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi və Cenevrədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə əməkdaşlıq şəraitində bütün dünyada keçmiş və davam edən müharibələrin qurbanlarınıa həsr olunmuş anım konserti təşkil edilibdir.

Avropa Azərbaycan Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, tədbirdə 25 il bundan əvvəl 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsi xüsusilə yad edilib. 106 qadın, 63 uşaq və 70 ahıl da daxil olmaqla 613 nəfər mülki şəxsin vəhşicəsinə öldürüldüyü bu soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli kütləvi qırğın hadisəsi olub.

Anım konsertində azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və Almaniyanın “Rhein-Quartett” adlı kamera ansamblı çıxış edib. Konsert proqramı müxtəlif beynəlxalq təşkilatları, media, vətəndaş cəmiyyəti və diplomatiya ictimaiyyətinin 150-yə yaxın nümayəndəsi qarşısında təqdim olunub.

Anım tədbirini Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqovaçıq elan edib. O, auditoriyaya silahlı münaqişələrin qarşısının alınmasında BMT-nin rolunu və beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında təşkilatın əhəmiyyətini vurğulayıb. Bildirib ki, II Dünya müharibəsindən sonra BMT-nin yaradıldığı zaman beynəlxalq ictimaiyyət düşünürdü ki, münaqişələrdən azad bir dünya qurmaq mümkündür: “Təəssüf ki, bu baş verməmişdir. Xocalı qırğını Azərbaycanın yaxın tarixinin ən ağrılı səhifəsidir. Biz keçmişin dərslərini öyrənməliyik. Buna görə də biz, bu axşam bütün müharibə və münaqişələrin qurbanlarını anırıq ki, Xocalı qırğını kimi hadisələr bir daha təkrarlanmasın.”

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, “TEAS-ın direktoru olaraq Dağlıq Qarabağda gedən müharibəni qeyd etməsə düzgün olmaz: “Düz 25 il bundan əvvəl erməni işğalçılarından xilas olmaq üçün evlərini qoyub qaçan 613 nəfər kişi, qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilibdir. İki tamamilə eyni münaqişə olmur. Hər bir yeni müharibənin öz dəhşətli siması olur. Onları bir ortaq cəhət birləşdirir: bu da ən çox həmin müharibənin mərkəzində olan günahsız mülki vətəndaşların əzab çəkməsidir”.
Konsert “Rhein-Quartett” kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməklə davam edibdir.
Birinci Dünya müharibəsinin qurbanı olmuş bəstəkar Enrike Qranadosun “Orientale” (ispan üslubunda kompozisiya), Əfrasiyab Bədəlbəylinin duyğusal “Azad Bir Quşdum”, Xəyyam Mirzəzadənin həzin “Bərzəni” adlı əsərləri çox ecazkar şəkildə ifa edilib.
Anım gecəsi məşhur fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” adlı simfonik poemanın ifası ilə yekunlaşdırılıbdır. Əsərdə skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqinin elementlərindən geniş istifadə edilir.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin hərbi işğalını pisləyən və işğalçı qüvvələrin tamamilə çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu günə qədər Dağlıq Qarabağ və ona bitişik yeddi rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir. Bunun nəticəsi olaraq Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən, evlərini tərk etməyə məcbur edilmiş bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıb və onların yalnız bir arzusu var – sülh şəraitində öz evlərinə və torpaqlarına qayıtmaq arzusu.





Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR