Azərbaycanda ilk - Uşaq və yeniyetmələr üçün "İslam ensiklopediyası" olacaq

Azərbaycanda ilk - Uşaq və yeniyetmələr üçün "İslam ensiklopediyası" olacaq
16:52 22 Fevral 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "İslam Həmrəyliyi İli" ilə bağlı beynəlxalq və elmi-metodik konfransların, "dəyirmi masa"ların, silsilə tədbirlərin, müxtəlif bölgələrdə İslam həmrəyliyinə dair mühazirələrin təşkilini, uşaq və yeniyetmələr üçün "İslam ensiklopediyası"nın hazırlanması və nəşrini, Azərbaycandakı İslam abidələrinin fotosərgisinin təşkilini planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, dünyada, xüsusən Qərbdə gündən-günə artan islamofobiya meyllərinin qarşısını almaq üçün İslam dinini olduğu kimi dünyaya çatdırmaq çox vacibdir: "Şübhəsiz ki, bu sahədə Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində davamlı və ardıcıl işlər aparıb və cari ildə bu işlərin daha fərqli sferada, intensiv davam etdirilməsi ən vacib məqsəddir".

M.Qurbanlı qeyd edib ki, İslam həmrəyliyi ənənələrinin inkişafı, möhkəmləndirilməsi üçün ən effektiv yol bu sahədə maarifləndirmə işinə daha çox yer ayırmaqdır: "Bu baxımdan Dövlət Komitəsi maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq, demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, "dəyirmi masa"lar təşkil etməyi planlaşdırır. Bu tədbirlər, əsasən, fərqli din və məzhəb mənsubları arasında dözümlülüyün, dini icmaların fəaliyyətində həmrəyliyin gücləndirilməsi, ayrı-seçkilik hallarına yol verilməməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədini daşıyacaq".

Qeyd edək ki, Tədbirlər Planına əsasən, il ərzində "Heydər Əliyev və İslam həmrəyliyi", "İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar", "Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq", "İslam Həmrəyliyi İli-2017" və s. mövzularda konfrans, tədbir və "dəyirmi masa"ların keçirilməsi planlaşdırılır. Adıçəkilən tədbirlər Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi, həmçinin digər dövlət qurumları ilə birgə həyata keçiriləcək.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR