Energetika Nazirliyində Bolqarıstanın energetika naziri ilə görüş keçirilib

Energetika Nazirliyində Bolqarıstanın energetika naziri ilə görüş keçirilib
17:02 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Bolqarıstanın energetika naziri Nikolay Pavlovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 
Bu barədə “Report”a Energetika Nazirliyindən bildirilib. 
Məlumata görə, “Bulgarian Energy Holding”, “Bulgargaz”, “İGB” şirkətləri və Bolqarıstanın Energetika Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçən görüşdə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasını zəruri edən amillər, layihənin icra vəziyyəti və gələcəkdə genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.
N. Əliyev Bolqarıstanın belə geniş bir tərkibdə Məşvərət Şurasının iclasında təmsil olunmasını “Cənub Qaz Dəhlizi“ layihəsinə yüksək müansibətin göstəricisi kimi qiymətləndirərək, enerji əməkdaşlığının iki ölkə münasibətlərinin mühüm istiqaməti olduğunu deyib. O,“Cənub Qaz Dəhlizi“ layihəsinin vaxtında başa çatdırılmasının layihə üzrə əməkdaşlıq edən ölkələrin münasibətindən xeyli dərəcədə asılı olduğnu qeyd edib. Nazir Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb. O, Bolqarıstanın bu layihədə önəmil mövqeyə malik olduğu vurğulayaraq, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) Azərbaycan qazının gələcəkdə daha geniş coğrafiyaya nəqlinə töhfə verəcəyini bildirib. 
Azərbaycanın enerji təhlükəsizliyi, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfələrini yüksək dəyərləndirən N. Pavlov iki ölkənin enerji əməkdaşlığını möhkəmləndirəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun icra vəziyyəti, maliyyələşdirmə məsələləri ilə bağlı ətraflı məlumat verib. O, bildirib ki, IGB vasitəsilə 2020-ci ildə layihə çərçivəsində “Şahdəniz” yatağından hasil olunan qazın illik 1 milyard kubmetri Bolqarıstana çatdırılacaq. Bundan başqa, Bolqarıstan və Serbiya qaz kəmərlərini birləşdirən qaz kəmərinin (Bolqarıstan-Serbiya qaz interkonnektoru) 2019-cu ilin may ayınadək tikintisinə başlanması və 2020-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Beləliklə, “Abşeron” və digər yataqların ehtiyatları hesabına əlavə qaz həcmləri ilə yanaşı, birləşdirici kəmərlər də “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətli dərəcədə genişlənməsini təmin edəcək.
Görüşdə həmçinin "Balkan" qaz anbarı layihəsi, Bolqarıstanın neft məhsulları bazarında Azərbaycanın iştirakı ilə bağlı da fikir mübadiləsi aparılıb. 





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/energetika-nazirliyinde-bolqaristanin-energetika-naziri-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR