Bakı. 23 fevral. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeşt 2024-cü il Yay Olimpiya Oyunlarının keçirilməsi hüququ uğrunda seçkilərdə iştirakdan imtina edib.
"Report" xəbər verir ki, müvafiq qərar macar hökumətinin başçısı Viktor Orban, Budapeşt meri İştvan Tarloş və ölkənin Olimpiya Komitəsinin rəhbəri Jolt Borkai arasında baş tutan görüş zamanı qəbul olunub.
Qeyd olunur ki, belə bir qərarın qəbul edilməsinə 266 mindən çox yerli sakinin 2024-cü il Yay Olimpiya Oyunlarının Budapeştdə təşkil olunmasına qarşı referendumun keçirilməsini tələb etdiyi ictimai aksiyalar səbəb olub.
Beləliklə, yarışların keçirilməsi uğrunda mübarizədə Paris və Los-Anceles qalıb. Oyunların paytaxtının seçilməsi üzrə final 13 sentyabr 2017-ci il tarixində Perunun paytaxtı Limada keçiriləcək.