x
Loading...

Nazir: "Azərbaycan-İran arasında ticarət dövriyyəsi 70 faiz artıb" - FOTO

Nazir: "Azərbaycan-İran arasında ticarət dövriyyəsi 70 faiz artıb" - FOTO
11:52 24 Fevral 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində Ərdəbildə biznes forum keçirilib.

Milli.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi, kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.

Biznes forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illərdə Azərbaycan-İran əlaqələri strateji səviyyəyə yüksəlib. Vurğulanıb ki, son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub.

Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 500-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 70 faizə yaxın artıb. Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanmış "Xudafərin" və "Qız Qalası", eləcə də "Ordubad" və "Marazad" sazişləri hər iki tərəfdən qüvvəyə minib. 2017-ci ilin yanvarında Azərbaycan Respublikasının prezidenti tərəfindən 36 mVt gücündə Ordubad SES-in təməli qoyulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda 8,3 km-lik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Hazırda İranda 1,7 km dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90%-dən çoxu tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq. Ötən il 330 kVt Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

2016-cı ildə Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun, bu ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub. Ötən il həmçinin, Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq.

Ş.Mustafayev diqqətə çatdırıb ki, təkcə 2016-cı ildə iş adamlarının iştirakı ilə 15 biznes forum, işgüzar görüş və sərgilər keçirilib. Viza rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala bilir. Prezident İlham Əliyevin yeni sərəncamı ilə bütün sərhəd-keçid məntəqələrində viza verilməsi təmin ediləcək, turistlərin sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq, sərhəd məntəqələrinin iş saatları artırılacaq. Bütün bunlar isə iş adamları arasında əlaqələrin genişlənməsinə imkanlar açır.

Ş.Mustafayev bildirib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Şeyx Səfi məqbərəsini, Şah İsmayıl Xətainin məzarını ziyarət edib və bu bizdə böyük təəssürat yaradıb. Bu gün inkişaf edən dostluq, mehriban qonşuluq münasibətləri, tarixi köklər xalqlarımızı bir-birinə bağlayır, yaxın mədəniyyət və eyni dinə mənsubuq. İranın Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş Azərbaycanla iqtisadi əməkdaşlığın Ərdəbil vilayəti üçün böyük maraq kəsb etdiyini deyib. Qeyd edib ki, bu əlaqələr daha da genişləndirilməlidir. Turizm, kənd təsərrüfatı, xüsusilə əkinçilik və emal sahəsinin inkişaf etdirilməsi üçün biznes-forumun rolu böyükdür.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, sənaye, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb.

Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən iş adamları arasında əməkdaşlıq imkanlarına, Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatlar keçirilib. Sonra AZPROMO və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR