"Başımıza hər gün daş yağır" - Köçkün yataqxanasından REPORTAJ

"Başımıza hər gün daş yağır" - Köçkün yataqxanasından REPORTAJ
12:49 24 Fevral 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

 

 

"Fövqəladə Hallar Nazirliyi deyir ki, hər an binanız çökmə vəziyyətindədir. Orada yaşamaq qeyri-mümkündür. Özləri də akt tərtib ediblər 26 yanvar 2017-ci ildə. Hər şey burada öz əksini tapıb". Söhbət Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən, məcburi köçkünlərdən ibarət 114 ailənin məskunlaşdığı beşmərtəbəli yataqxana binasından gedir.

 

İnşasına 1964-cü ildən başlanan, 1967-ci ildə təhvil verilən binanın yaşayış üçün yararsız olmasını 2014-cü ildə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi müvafiq rəylə təsdiqləyib, özü də düz üç dəfə. Agentlik hətta binanın ətrafını xüsusi lentin köməyİ ilə əhatəyə alıb.

 

Qurum mütəxəssislərinin rəyində həmçinin binanın elektrik enerjisi və təbii qaz təchizatının dayandırılmalı olduğu öz əksini tapıb.

 

Binanın düşdüyü vəziyyətin qorxunc olmasını, hər saniyə qoparaq yerə tökülən daş parçaları da göz önünə sərir. Əgər bu daşlar kiminsə başına düşərsə, bunun doğurduğu təhlükənin miqyasını qiymətləndirmək üçün ekspert olmağa qətiyyən ehtiyac yoxdur.

 

Sakinlər binadan demək olar ki, hər gün daşların töküldüyünü deyir: "Səhər gəlib çəkərdiniz. Mətbəxin panelinin üzü var ey, bu qalınlıqda sement elə-belə töküldü yerə. Bir addım şans oldu. Keçdik qabağa, düşdü yerə. "

 

Binanın acınacaqlı vəziyyəti sakinləri hər gün gözləyən təhlükədən xəbər verir. Şikayətçilər bildirir ki, döşəməsi sıradan çıxan dəhlizlərdə dəfələrlə yıxılaraq xəsarət alanlar olub. Elektrik xətlərinin nasazlığı binada bir neçə dəfə yanğın da törədib. Birgə istifadə üçün nəzərdə tutulan mətbəxin də vəziyyəti ürəkaçan deyil.

 

Tavan hissəsi hər an sakinlərin başına uçmağa hazır mətbəxdəki anti-sanitar şərait və ötən əsrdən qalan kanalizasiya borularının üfunət qoxusu nəfəsimizi kəsir, buranı tərk edirik.

 

Natəmizliyin qabardığı bu dörd divar isə ümumi istifadədə olan hamamdır. Bu şəraitdə necə yuyunub-təmizlənmək olar, ancaq yaşayanlar bilər.

 

Çarəsiz yataqxana məskunlarına məlum olmayan həm də ömrünü çoxdan başa vuran binadan nə zaman köçürüləcəkləridir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, Babək prospektindəki yataqxana binası sakinlərinin köçürülməsi hələ nəzərdə tutulmayıb. İlkin mərhələdə Xəzər rayonundakı "Energetik" pansionatı, eləcə də Gəncə prospektində yerləşən yarımtikilinin sakinlərinə Ramana və Masazırda tikiləcək binalarda mənzil ayrılacaq.

 

Bu yataqxanada məskunlaşanlar isə əgər bina başlarına uçmazsa, bir qədər də gözləməli olacaq. Bəlkə onlara da növbə çatdı...

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR