Bu günlərdə Azərbaycan Dəmir Yolları QSC Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tariflərinin aşağı salınması ilə bağlı məlumat yaymışdı.
Lent.az-ın məlumatına görə, həmin açıqlamada hər kəsdə sual doğuran bir məqam isə İsveçrə frankı detalı olub.
Dəmiryol idarəsi Lent.az-a verilən məlumata görə, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 1994-cü ildə Odessada keçirilən iclasında dəmir yolu rəhbərləri tərəfindən “Dövlətlərarası sərnişin qatarlarında gediş haqqı” cədvəlləri İsveçrə frankı ilə təsdiq olunub və 1 mart 1995-ci ildən qüvvəyə minib.
Həmin cədvəllərə uyğun olaraq, MDB və Baltikyanı ölkələrin dəmir yolunda beynəlxalq sərnişin daşımalarında tariflər İsveçrə frankının məzənnəsinə uyğun olaraq müəyyən olunur.
Qeyd edək ki, aprelin 1-dən etibarən 38/37 №-li Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq. Gediş haqqları aşağı salındıqdan sonra isə bu günə olan məzənnə ilə gediş haqqı plaskart vaqonda – 24,54 AZN, kupe vaqonda –35,32 AZN və SV vaqonda -58.43 AZN təşkil edəcək.