Buraxılış imtahanlarında esselərlə bağlı tələblər açıqlandı

Buraxılış imtahanlarında esselərlə bağlı tələblər açıqlandı
15:23 24 Fevral 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil səviyyəsi (IX və XI siniflər) üzrə buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər haqda məlumat yayıb.

DİM-dən Publika.az-a verilən məlumata görə, essede şagirdlərə iqtisadi, mədəni həyat sahələri, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunacaq.

İnşa yazıda (essedə) şagird öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşanı (esseni) yazarkən şagird-mövzunun adını qeyd etməli, mövzuya uyğun ən azı 3 bənddən ibarət (giriş, əsas hissə və nəticəni əhatə etməklə) plan tərtib etməli; plan əsasında mövzunu dolğun yazmalı, yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli , fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə ifadə etməli, ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya, durğu işarələri qaydalarına uyğun ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, elmi və bədii parça, həyat hadisəsi və s.) istifadə etməlidir. İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmunu, həm də yazı savadı nəzərə alınmaqla verilir. Yazı işi bir sıra meyarlar əsasında “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndiriləcək.

“Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyi və ya heç bilmədiyi, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, dil və nitq səhvi olan yazılara verilir. Yazı işi qiymətləndirilən zaman seçilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələri bilmə, şagirdin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması, çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi, yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması. Yazı işində şagirdlərin özlərini tanıtmaqla bağlı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş şagirdlərin yazı işləri qeyri-məqbul kimi qiymətləndiriləcəkdir.

İnşa bir A4 səhifə həcmində (180 və ya daha çox söz) olmalıdır. sətirdən (90 sözdən) az yazılan və ya seçilmiş mövzuya uyğun yazılmayan inşa qeyri-məqbul qiymətləndirilir. Qeyd edək ki, inşanın yazılması üçün ayrılan müddət 30 dəqiqədir

Xatırladaq ki, ümumi təhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparıl¬ması qaydalarına əsasən şagirdlər ümumi və tam orta (9-cu və 11-ci sinif) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil (9-cu sinif) haq¬qında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir. Qeyd edək ki, imtahanlarda inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.

2017-ci ildə 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə yazacaqları inşalara verilən tələblər, həmçinin inşa (esse) mövzularına aid nümunələrlə (azərbaycan və rus dilində) Dövlət İmtahan Mərkəzinin rəsmi saytında məlumat əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/189164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR