Bakının böyük təhlükəsi

Bakının böyük təhlükəsi
10:06 7 Yanvar 2015
280 Sosial
Ölkə mətbuatı
A- A+

Son dövrlər baş verən zəlzələlər dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də hündürmərtəbəli tikililərin seysmoloji dayanıqlığı və təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlamağa məcbur edir. Əvvəllər paytaxt Bakıda ucaldılan binaların zəlzələyə davamlı olmadığı barədə müxtəlif fikirlər səsləndirilib.

Təbii ki, indi bu sahədə problemlər yoxdur demək, doğru olmaz, lakin hazırda ciddi təhlükə ilə üzləşmək ehtimalı azdır. Çünki binalar yüksək texnologiya əsasında, yüksəkballı zəlzələlərə davamlı şəkildə inşa olunur.

Azərbaycanda tikilən çoxmərtəbəli binaların zəlzələyə davamlılığı, seysmoloji vəziyyəti yoxlanılacaq, monitorinqlər aparılacaq. Bakıdakı çoxmərtəbəli binalarda Seysmik Monitorinq Sistemi (SMS) qurulacaq. Yaponiya hökumətinin dəstəyi ilə Azərbaycanda ilk dəfə Bakı ərazisi üçün seysmik mikrorayonlaşdırma xəritəsi də hazırlanacaq. Bu barədə bir müddət əvvəl mətbuata AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli məlumat vermişdi.

Ümumiyyətlə, paytaxtdakı çoxmərtəbəlilərin seysmoloji monitorinqlərin aparılmasının, SMS sisteminin tətbiqinin əhəmiyyəti nədən ibarətdir?

Respublikanın Əməkdar memarı Feyzulla Quliyev ANS PRESS-ə deyib ki, monitorinq keçirmək bü gün üçün çox yaxşı haldır. Çünki dünyanın çox regionlarında, Ermənistanda və digər ölkələrdə seysmik ballıq, dərəcəlik yüksəlib. Əvvəllər, bu, şkala üzrə 6-7 bal idi. Sovet dövründə Bakı 6-7 ballıq region sayılırdı. İndi 8-9 ballıq region sayılır. Dünyada bəzi fəlakətlər baş verir. Bununla əlaqədar bizdə monitorinq keçirilir ki, şəhərdə tikilən binaların davamlılığı, tikilən binaların yüksək ballığa uyğunluğu yoxlanılır. Belə monitorinqlər vaxtilə də olub.

Seysmoloji monitorinq xüsusi avadanlıq vasitəsi ilə eksperiment aparılır. Adətən bina tikilib başa çatandan sonra, sakinlər yaşamamışdan əvvəl orada müəyyən məsafədən xüsusi yüklər atılır. Fundamentdə zəlzələ gücünə uyğun gərginlik yaradılır. Bununla da binanın zəlzələyə davamlılığı yoxlanılır.

Onun sözlərinə görə, Seysmik Monitorinq Sisteminin tətbiqi də çox lazımlıdır. Onlayn formada paytaxtdakı binalardakı vəziyyətlə bağlı əhaliyə gündəlik məlumat vermək çox yaxşı işdir. Bu, gələcəkdə binaların qorunması üçün də yaxşıdır. Bir neçə il əvvəllər Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi qrupları binaların zəlzələyə davamlılığı yoxlamaq üçün monitorinq keçirirdi və neqativ məqamlar tapıldıqda tikilən binalar istifadəyə verilmirdi. Doğrudan da, öyrənildi ki, bir neçə binanın tikintisində qüsurlar var. Sonra bəzi yerlərdə əlavə gücləndirmə işləri görüldü.

Əməkdar memar deyib ki, son dövrlər tikilən binaların zəlzələyə davamlılığını nəzərə almadan tikinti aparmaq mümkün deyil. Birincisi, buna layihə institutları cavabdehdir. Əvvəlcə inşaat gedəcək yerin zəlzələyə davamılığı öyrənilir, geoloji kəşfiyyat işləri aparılır və buna uyğun layihə hazırlanır. Bu, FHN-nin ekspertiza komissiyasında yoxlanılır. Sonra tikinti prosesində işlərin layihəyə, konstruksiyaya uyğun aparılmasına müəlliflik nəzarəti aparılır. Layihənin biri nüsxəsi onu hazırlayan institutda, digəri isə tikinti təşkilatında olur. O, bina tikilib qurtaranadək əsaslı şəkildə nəzarətdə saxlanılır. FHN-nin komissiyası bir daha yoxlma apardıqdan sonra, hər şey qaydasında olarsa, bina təhvil alınır və ünvan verilir.

F.Quliyevin fikrincə, paytaxtda inşa olunan çoxmərtəbəli binaların əksəriyyəti seysmoloji baxımdan təhlükəsizlik tələblərinə, fövqəladə hadisələrə dair tələblərə cavab verir.

Şəhərsalma üzrə ekspertlər bildiriblər ki, indi ölkə paytaxtı geniş tikinti sahəsinə çevrilib. Təbii ki, bu sektorda görülən bütün işlər müasir standartlara əsaslanır, əvvəldən layihələndirmə işləri aparılır. Bu gün müasir binaların istismar müddəti 150 il götürülür. Bu ildən sonra həmin binanın hər il monitorinqi aparılmalıdır. Bianın yükdaşıyıcı konstruksiyaları kifayət qədər aşınmaya məruz qalmayıbsa, xırda aşınmalar aradan götürülür və istismarı davam etdirilir.

Onların fikrincə, əvvəllər Bakıda binaların zirzəmiləri su içində idi, nəticədə bünövrə boşalırdı. Zirzəmilərdu su olmamlıdır. Çünki, bu, həm ekoloji cəhətdən pisdir, həm də təməli yuyub apara bilər. Birinci mərtəbələrdə, zirzəmilərdə yeni tikintilər aparılırdı. Amma indi vəziyyət tamamilə başqadır. Şəhər İcra Hakimiyyəti tərəfindən bu işlərə nəzarət gücləndirilib. Əksər, təqribən 80 faizə yaxın binaların zirsəmisi tamamilə təmizlənib, əlavə möhkəmləndirmə işləri aparılır. Binaların xarici görkəmi ilə yanaşı, təməli də xüsusi texnologiyalar əsasında gücləndirilir.

Geoloqlar isə paytaxtdakı binaların 9 bal gücündə zəlzələyə davamlı olduğunu vurğulayıblar: "Binaların seysmik vəziyyəti ilə bağlı layihələr hazırlanarkən ilk növbədə, həmin tikilinin zəlzələyə davamlılığı, binanın möhkəmliliyi nəzərə alınır, binanın inşaasında hansı tikinti materiallardan istifadə olunduğu, hansı layihəyə əsasən tikilməsi göstərilir. İndi tikilən binaların hamısı 9 bala hesablanıb. Bəzi ərazilərin seysmoloji vəziyyətinin çoxmərtəbəli binaların tikintisinə xələl gətirmə ehtimalı olduğu üçün indi tikinti prosesinə çox ciddi nəzarət var. Bakının yuxarı və su çıxan hissələrində 8-9 bal gücündə zəlzələ üçün yeni şkala qəbul olunub."

Ümumiyyətlə, SMS sivil ölkələrin hamısında mövcuddur. Bu sistem vasitəsilə 20 mərtəbədən yuxarı olan binalardakı vəziyyətlə bağlı onlayn formada məlumatlar veriləcək. Mərkəz tərəfindən yüksək mərtəbəli binalarla bağlı RSXM tərəfindən Azərbaycan hökumətinə təkliflər verilib. Layihədə pilot formada ilkin olaraq “Üç Alov” qülləsi götürülüb, yeni sistemin müəyyən mərtəbələrdə quraşdırılması göstərilib. Hazırda bu işlərə başlanılıb və yeni sistemin quraşdırılma işlər gedir.

Körpülərdə, tunellərdə, metroda, su hövzələri ətrafında bu cür monitorinq sistemi yaradılacaq. Çünki binalara təkcə zəlzələ təsir etmir, ətraf mühitin - külək, ağır nəqliyyat vasitələri, yeraltı qrunt suları da təsir göstərir. Binada monitorinqin aparılması nəticəsində hansısa mərtəbədə nasazlıq varsa, bu barədə öncədən xəbər veriləcək və problem vaxtında aradan qaldırılacaq.

Xatırladaq ki, çoxmərtəbəli binaların inşa olunduğu ərazinin maksimal zəlzələyə davamlılıq gücü AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən müəyyən edilir. Bu sahədə Fövqəladə Hallar Nazirliyi də ciddi fəaliyyət göstərir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR