Vaqif Cavadov: "Messiyə çatan futbolçu yoxdur"

Vaqif Cavadov: "Messiyə çatan futbolçu yoxdur"
19:17 24 Fevral 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Vaqif Cavadovu tanımayan Azərbaycan azarkeşi çətin tapılar.

Millimizin Rusiya ilə oyunlarında vurduğu qollar, Avropada legioner həyatı yaşaması, maraqlı obrazı onu futbolsevərlərin maraq dairəsində saxlayıb.

Milli.Az bildirir ki, hazırda karyerasını AZAL klubunda davam etdirən Cavadov goal.az-a müsahibəsində bir sıra maraqlı məqamlara toxunub, həmçinin azarkeşlərin ona ünvanladığı suallara da cavab verib. 

- AZAL-da ilk oyununu son komandan "Sumqayıt"a qarşı oldu və məğlub oldunuz...

- AZAL-da ilk oyun idi. Hələ təzə qoşulmuşam. Komandaya öyrəşməyə çalışıram. Həmin oyunda hesab belə olmalı deyildi. Qarşıda hələ 9 oyun var. Çalışacağıq yaxşı oyun göstərib, qələbələr qazanaq.
 
- Növbəti turda rəqib "Neftçi" olacaq. AZAL-la "Neftçi" arasında son qarşılaşmalar gərgin keçir. Bu dəfə necə olacaq?

- Rəqibin adı çox şey deyir. Qışda etdikləri transferlər özünü doğruldur. Çalışacağıq mübarizə aparıb qalib gələk. Çətin oyun olacaq.
 
- AZAL-ın sənin üçün son dayanacaq olacağı barədə fikirlərə münasibətin necədir? 

- Mənim hələ 28 yaşım var və karyeramı bitirmək barədə düşünmürəm. Belə düşünənlər yanılır.
 
- Rusiya və Türkiyə klublarından birinə transfer olunma ehtimalı barədə demişdin. Keçidinə nə mane oldu?

- Keçmişə qayıtmağı sevmirəm. Alınmama səbəbləri çox idi. Bəzi yerlərdə baş məşqçi dəyişdi. Bəzi klublarla menecerlər düzgün razılığa gəlmədilər. Bəzi nöqsanları da açıqlamaq yaxşı çıxmaz. Yenə də deyirəm, qismətdir. Qismətdən artıq getmək olmaz. Allah bilən məsləhətdir. Yayı gözləyərəm. İndi AZAL-dayam. Çalışırıq ki, komandanı bu vəziyyətdən çıxaraq.
 
- Son müsahibələrin birində zarafatla klub tapmasan jurnalist işləyəcəyini demişdin. Maraqlıdır, karyeranı bitirəndən sonra nə işlə məşğul olmağı planlaşdırırsan?

- Hələ o barədə düşünməmişəm. Məndən yaşlıları var. Bu sualı onlara verməyiniz daha yaxşı olar. Mən də onların yaşına çatanda karyeramı bitirəndən sonra nə işlə məşğul olacağım barədə fikirləşərəm.
 
- Milli komandada yenidən oynamaq ehtimalın var?

- Ürəyim həmişə milli komanda ilə döyünüb. Orda olsam da, olmasam da. Neçə illər şərəfini qorumuşam. Hər futbolçuda elə vaxt olur ki, milliyə çağırılırsan, ya da çağırılmırsan. Qərarı məşqçi verir. Yaxın zamanda oyunumuzla özümüzü sübut etsək, ədalətli qərar verilər və milliyə dəvət alaram.
 
- Milli komandada ən yadda qalan oyunun və qolun hansı olub?

- Öz oyunum və qollarım barədə danışmağı sevmirəm. Yaxşı oyunlarımız, qollarımız çox olub. Bunu azarkeşlər daha yaxşı bilir.
 
- Son günlər Premyer Liqada hakim səhvləri gündəmdədir...

- AZAL - "Sumqayıt" oyununu izləyən olubsa, mənə qarşı olan kobudluğu görüb. Mənim futbol biliyimə görə, həmin epizodda cərimə zərbəsi təyin olunmalı, rəqib futbolçuya da sarı vərəqə göstərilməli idi. Bəlkə də penalti idi. Sadəcə olaraq, mən həmin epizodla bağlı bu məsələdə yanıla bilərəm. Çünki cərimə meydançasının içində, yoxsa kənarında olduğunu əminliklə deyə bilmərəm. Formam cırılmışdı. Hakim yaxınlaşıb onu dəyişməyimi deməli idi, onu da demədi. Oyunun 7 dəqiqəlik video icmalında da həmin epizod yerləşdirilməmişdi. Çox maraqlı idi ki, niyə həmin epizod yerləşdirilməyib. Mən özüm də hakimə etiraz etmədim. Çünki, hakim qərar vermirsə, onunla boş-boş mübahisə edib vərəqə almaq yersizdir. Son günlər hakim səhvləri çoxdur. Futbolçu bu barədə fikir bildirməməlidir. Klubların rəhbərləri, baş məşqçilər deməlidirlər. Ümid edirəm gələcəkdə hakim səhvlərinə rast gəlinməz.
 
- Azərbaycanlı futbol azarkeşləri arasında ən çox simpatiya bəslənilən futbolçulardansan. Demək olar ən müxtəlif mövzulu xəbərlərdə belə səni xatırlayırlar. Səncə bunun səbəbi nədir?

- Hər futbolçunun öz oyunu, öz üslubu və davranışları var. Məni də tanıyanları yəqin ki, onları oyunumla sevindirmişəm. Çox şadam ki sevənlər çoxdur. Əlbəttə ki, sevməyənlər də var. Təşəkkür edirəm hamısına. İnşallah bizdə azarkeşlərin sayı da artar, stadiona daha çox gələrlər. Bundan sonra da çalışacağıq ki, oyunumuzla onları sevindirək. 

- Özün haqda yazılan fikirləri izləyirsən, yoxsa "yazırlar da" prinsipilə yanaşıb önəmsəmirsən? 

- Mən haqqımda yazılanları normal qarşılayıram. Dünyanın hər yerində belə hallar olur. Tək futbolçular yox, böyük vəzifədə olan şəxslərə, siyasətçilərə qarşı da zarafatlar edirlər. Bu baxımdan normal sayıram. Ancaq xətti keçməmək şərti ilə. Açığı çox da maraqlanmıram. Heç nə deyə də bilmərəm. Düzdür görmüşəm şəkilləri, dostlarımız da göndərib. Ancaq buna heç bir reaksiya verə bilmərəm. Öz işləridir. O yazıların mənimçün heç bir problemi yoxdur, heç nə deyə bilmərəm. Çünki hərənin öz şəxsi fikri var və buna hörmətlə yanaşıram. Onlar da etikanı gözləmək, çərçivədən çıxmamaq şərtilə etsələr daha yaxşı olar.
 
- Sənlə bağlı hansı zarafat özünü də güldürüb? 

- Bəziləri çox pis, düzgün olmayan şeylər yazırlar. Tənqid olanda normal qarşılamaq olur. Ancaq tənqid ayrı, təhqir ayrı. Tənqidə cavab vermək lazım deyil. Yaxşı olar ki, öz işinlə məşğul olasan. Çalışıram ki, mətbuatdan uzaq olum. Dövlət səviyyəsində gündəlik xəbərləri - həm dünyada, həm də ölkədə baş verənləri əlbəttə ki oxuyuruq. Amma sırf özüm haqqımda çalışıram ki, oxumayım.
 
- Sənlə rastlaşanda insanların reaksiyaları necə olur?

- Mən də onlar kimi adi insanam. Rastlaşdığım insanlardan heç bir fərqim yoxdur. Ya onların mənə, ya da mənim onlara başqa bir pis rəftarım ola bilməz. Məni tanıyanlar bilir necə insanam. Dostlarım da nə nazirdir, nə də böyük adamlar. Kimsə yaxınlaşanda buna biz də sevinirik. Həm futbola sevgiləri var, tanıyırlarsa demək oyunumuzu da izləyirlər. Tək futbolçulara aid deyil bu, başqa idmançılara və tanınmış insanlara da aiddir. Demək ki, o nəsə edib ki, insanların rəğbətini qazanıb.
 
- Dünya futbolu haqqında danışaq. İndi ən güclü futbolçu kimdir?

- Son illərin ən yaxşısı Messidir. Nə qədər Ronaldo öz oyunu, qolları ilə yaxın olsa da, Messiyə çatan futbolçu yoxdur. Hazırda yaxşı formada olan futbolçuların da sayı kifayət qədərdir. Ancaq söhbət ən yaxşı futbolçudan gedirsə, Messiyə çatmaq çox çətindir.
 
- Öz oyun tərzini hansı kluba uyğun hesab edirsən?

- Mənim oyun üslubuma "Arsenal"ın keçmiş vaxtları uyğundur, xüsusilə də Anrinin çıxış etdiyi vaxtlar. İndiki vaxtımla bağlı müqayisə aparmaq istəmirəm. İndi sevdiyim komandalar "Chelsea" və "Barcelona"dır. Hər 2 komanda çox gözəl oyun nümayiş etdirir. Baş məşqçiləri də çox güclüdür, xüsusilə də Konteni qeyd etmək olar. Çox gözəl oyun nümayiş etdirir və qısa vaxtda İtaliya çempionatından İngiltərə Premyer Liqasına uyğunlaşa bilib.

Cavadov Goal.az-ın facebook səhifəsində ona ünvanlanan sualları da cavablandırıb:
 
Zamiq Orucov: Niyə "Twente"də karyerası alınmadı?

Vaqif Cavadov: "Twente"də karyeram uğursuz alındı deməzdim. Hər adama o kluba keçmək nəsib olmur. Bu barədə dəfələrlə demişəm. Zədə üzündən alınmadı. İnşallah, yaxın 1 ildə yenidən belə bir klubda çıxış etmək imkanı qazanaram.
 
Elnur Yusifov: Azərbaycan Premyer Liqasında ən çox ehtiyat etdiyi komanda hansı olub? Yəni bu komandaya qol vurmaqda çətinlik çəkib.

Vaqif Cavadov: "İnter" klubunun adını çəkə bilərəm. Xüsusi ilə Kankovun, Sxadadzenin vaxtında çətin olub. Çünki 5 müdafiəçi ilə oynayırdılar. Qol vurmaq çətin olurdu. Həm də "Simurq" komandası vardı, o kluba qarşı da oynamaq çətin idi.
 
Kənan Kərimov: İndi "Qarabağ" və "Qəbələ" arasında seçim etməli olsaydı hansını seçərdi?

Vaqif Cavadov: "Qəbələ" ilə "Qarabağ"a gəlincə isə, hər 2 klubda oynamışam. "Qarabağ"da neçə illər oynamışam deyə bu klub mənə daha doğmadır. Bu baxımdan "Qarabağ" deyərdim. Həm orda çoxlu dostlarım var, azarkeşlərini də çox sevirəm. Hər 2 komandaya uğurlar arzulayıram
 
Elşad Qasımov: Qarşılaşdığı ən güclü müdafiəçi kim olub?

Vaqif Cavadov: Çox olub. Azərbaycan Çempionatını götürəndə Rəşad Sadıqov, Maksim Medvedyevlə bir müddət eyni komandada oynasam da rəqib olduğumuz oyunlar da olub. Elnur Allahverdiyev, Mahir Şükürov və Rail Məlikovun adını çəkə bilərəm.
 
Tamerlan Kazımzadə: Azərbaycanda gənc futbolçulara nə vaxt dəstək olacaq? "Neftçi", "Bakı", "Xəzri" və "Vətən"də oynamışam. İndi 25 yaşım var, hara getsəm deyirlər yaşın keçib.

Vaqif Cavadov: Bizim futbolun ən pis tərəflərindəndir biri budur ki, gənc futbolçular yetişmir. Hanısısa yaş həddinə çatandan sonra da lazım olmurlar. Məktəbi seçirlər və görürlər ki, müəyyən məqamda sıxışdırılırlar.Bu da inkişafa pis təsir edir. İnanıram ki, gələcəkdə hər yaş qrupuna, yerlilərə yol açılacaq. Bizdə indi 2 liqa var, necə ki, İngiltərədə, Rusiyada və bir çox xarici ölkələrdə var, elə liqaların sayı artar. Bu futbolun inkişafına da öz təsirini göstərəcək.
 
Əhməd: "Qarabağ"dan ayrılmasının səbəbi nə idi?

Vaqif Cavadov: Heç bir səbəb yox idi. Sadəcə vaxtı gəlmişdi. "Tvente"yə, "İnter"ə keçdiyim zaman da həm baş məşqçinin, həm də mənim qərarım üst-üstə düşüb və ayrılmışam.
 
Rais Əhmədli: Ən sevdiyi klub hansıdır, hansı klubda oynamaq istərdi və kumiri kimdir?

Vaqif Cavadov:  Ən sevdiyim klub, həmişə demişəm "Barcelona"dır. Bunu heç vaxt dəyişməmişəm. Kumirim isə atam olub. Həm futbol, həm insanlıq, həm də həyat tərzində idealım atam olub. Xoşladığım futbolçular da olub, Del Piero, Anri, Roberto Bacco.
 
Elnur - Şans olsa hansı komandanı seçərdi: "Real" yoxsa "Barcelona"nı?

Vaqif Cavadov: - "Barcelona"nı seçərdim.
 
Murad Nağızadə - Azərbaycan futbolunda day-day lazımdır?

Vaqif Cavadov: - Bİlmirəm kimə day-day lazımdır, kimə yox. Ancaq inanmıram ki, futbolda bu keçsin. İndiki zəmanədə hamı deyir var, inanmaq istəmirəm buna. Çünki, 10 milyona yaxın azərbaycanlı görür. Meydanda olub, pis oynadığın zaman day-dayın yox sən oyun göstərə bilmirsənsə bunu hamı görür, tənqid edir. Heç olmasa 1 milyonun rəğbətini qazana bilmək futbolçu üçün yaxşıdır. Mən özüm də oyunumla insanların rəğbətini qazanmışam, day-dayım olmamağı səbəbindən buna şadam.
 
Fərid Yusifzadə: Ricard Almeydanı Azərbaycan Millisində gormək istəyir?

Vaqif Cavadov: Almeyda çox yaxşı futbolçudur. "Qarabağ"dan tanıyıram. İnsan kimi də yaxşı insandır, futbolçu kimi də. Ancaq bir şeyi deyərdim ki, mən hələ Berti Foqtsun vaxtında da jurnalistlər məndən soruşmuşdular. Fikrimi bildirmişdim ki, buna rəhbərlik qərar verir. Mən istiyərəm ki, millidə azərbaycanlılar oynasın. Çünki, uduzanda da, udanda öz həmvətənlərimiz udur. İndi də bu fikirdəyəm.
 
Vaqif Cavadov sonda bütün sual verənlərə təşəkkürünü bildirdi: Sual verən hər kəsə təşəkkür edirəm. Məni sevənlərə də, sevməyənlərə də uğurlar arzulayıram. Futbolu sevməyə, izləməyə davam etsinlər. Azərbaycan futbolu siz azarkeşlərlə daha gözəldir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR