Yaz süfrəsi

Yaz süfrəsi
22:47 24 Fevral 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Yazda torpağın sinəsindən təzə cücərtilər dənzərən kimi kənd yerlərində deyirlər ki, kasıbın çörəyi çıxdı. Köhnə kişilər danışırdılar ki, aclıq-qıtlıq vaxtı çox adam çöldə-düzdə bitən ot-pencəri yeyə-yeyə xilas oldu.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, torpaq qar yorğanını üstündən atan kimi, bənövşə çıxan vaxtlarda ilkin olaraq incələnqoz ağızları dada gətirir. Onun dalınca da hər birinin öz dadı-tamı olan digər bitkilər çıxmağa başlayır: quşəppəyi, qazayağı, quzuqulağı, qırxbuğum, qulançar, bağayarpağı, qanqal, əvəlik, yemlik, kətəsaqqalı, pərpətöyün, cincilim, dağ kişnişi, yarpız, nanə, qıcı, şüyüd, vəzəri, cəfəri... Obrazlı desək, elə bil ana təbiət nəhəng bir göy-göyərti süfrəsi açır.

Tənəyin, böyürtkənin təzə çıxan zoğları, fındığın təzə açılan yarpaqları da kənddə yaşayanların yaz azuqəsidir. Yal-yamacda bitən qanqalın özəyini tikandan təmizləyib yemək yəqin ki, hər kəs üçün əvəzolunmaz təamdır. Axı yüz illər boyu indiki iynə-dərmanlar olmayanda babalarımız bu bitkilərlə müalicə alır, sağlamlıqlarını onların vasitəsi ilə qoruyurdular. Elə bil onda insanlar həkimin, dava-dərmanın nə olduğunu da xatırlamırdılar. Bəlkə də indi həb kimi, iynə kimi qəbul etdiyimiz vitaminlər elə həmin nemətlərin tərkibində olduğuna görə ağrı-acının nə olduğunu bilmirdik.

Təbiətin bu gözəl nemətləri mətbəxə də gəlib çıxardı. Yaz gələndən nənələrimizin dovğa qazanı ocağın üstündən düşməzdi. Sacın üstündə çiriş kətəsini oyan-bu yana çevirər, qazanda buğlanan göy-göyərtinin xoş ətri aləmi başına götürərdi.

Bitkilərdən, göy-göyərtidən hazırlanan yeməklərin adını saysaq, yəqin ki, uzun bir siyahı alınar: qatıqlı aş, çiriş kətəsi, kükü, çoban dürməyi, şüyüdlü aş, şüyüd dolması, buğlama, ispanaq qovurması, köməc qaynatması, əvəlikli umac, səbzi qovurma, qutab, dovğa, ayranlı aş...

...Süfrədə hər xörəyin öz dadı, öz ləzzəti var. Amma bəlkə də bir boşqab çobansalatı orqanizm üçün dünyanın ən ləziz xörəyindən faydalıdır. Bir dərin boşqab çoban salatı, üstündə də nanə, reyhan...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR