Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinə ŞAD XƏBƏR

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinə ŞAD XƏBƏR
10:49 7 Yanvar 2015
152 Sosial
Ölkə mətbuatı
A- A+

Ölkə prezidentinin “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi" haqqında fərmanı bu il yanvarın 1-dən qüvvəyə minib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, ƏƏSMN rayon (şəhər)  Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan hərbi qulluqçuların ailə üzvlərinin müraciətləri əsasında onlara Prezident təqaüdünün təyin olunmasına başlanıb.

Aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilir və onların sayına bərabər bölünməklə ödənilir. Respublikadan kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülə bilər.

Sözügedən təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Müraciət edilərkən təqdim edilməli sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt-bölümündə yerləşdirilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR