Amerikalı siyasi icmalçı Ermənistanın Azərbaycana qarşı işğalından və Xocalı soyqırımından yazdı

Amerikalı siyasi icmalçı Ermənistanın Azərbaycana qarşı işğalından və Xocalı soyqırımından yazdı
11:23 7 Yanvar 2015
388 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

“The Hill” qəzetində amerikalı siyasi icmalçı Raul Kontrerasın “Böyük Yaxın Şərqdə başqa müttəfiq axtarışında” sərlövhəli məqaləsi dərc edilib.

Trend xəbər verir ki, məqalədə ABŞ-ın müasir xarici siyasətində qarşılaşdığı çətinliklər, mürəkkəb beynəlxalq problemlərin həllində Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşları ilə qarşılıqlı münasibətləri və Birləşmiş Ştatların bu regiondakı etibarlı müttəfiqləri ilə yaxınlaşmasının zəruriliyi haqda söhbət gedir.

Müəllif yazır ki, bəzən ABŞ-ın dünya arenasında maraqlarını təyin etmək çətin olur. Kontreras yazır: “Bu baxımdan ABŞ-ın iki seçimi var – ya Respublikaçılar Partiyasından ABŞ prezidenti vəzifəsinə namizədlərdən biri, Kentukki ştatından olan senator Rend Polun tövsiyə etdiyi kimi, Amerikanı Kanada və Meksika sərhədləri ilə təcrid etmək və dünyanın qalan hissəsini, onun problemlərini və beynəlxalq iqtisadi münasibətlərini unutmaq; ya da elə həmin Respublikaçılar Partiyasından ABŞ prezidenti vəzifəsinə digər potensial namizəd, Florida ştatından olan Marko Rubionun məsləhət gördüyü kimi, bütünlüklə dünya problemlərinin həllinə qoşulmaq lazımdır”.

Müəllif qeyd edir ki, ABŞ dəniz gəmiçiliyi və daşımalar məsələlərində öz maraqlarını, Yaxın Şərqin və onun neftinin qlobal əhəmiyyətini nəzərə alaraq həm bu regionda iştirak etməli, həm də etibarlı dostlarına köməyi təmin etməlidir. Kontreras yazır: “Biz neft hasil edən dost ölkələri daxili və xarici düşmənlərdən qorumalıyıq. Amerikanın neft ehtiyatlarının dünya bazarlarına nəqlinin müdafiəsi üçün qeyd-şərtsiz məsuliyyət daşıyır”.

İcmalçı daha sonra vurğulayır ki, bu cür mühüm tərəfdaşlardan biri Azərbaycandır. Müəllif “The Hill” qəzetinin oxucularına Azərbaycan haqqında coğrafi məlumat verərək respublikamızın nümayiş etdirdiyi tolerantlıq nümunəsi, ölkə əhalisinin müsəlman çoxluğu ilə sayı 30.000 nəfərə çatan Azərbaycan yəhudilərinin dinc yanaşı yaşaması barədə söhbət açır.

Kontreras vurğulayır ki, Azərbaycan İsrailin idxal etdiyi neftin 50 faizini təchiz edir, özü isə İsraildən silah alır. Müəllif yazır: “1992-ci ildə Azərbaycan ərazilərinin təqribən 20 faizini işğal etmiş qonşu Ermənistanla hələ də davam edən münaqişə üzündən Birləşmiş Ştatlar Azərbaycana silah satmır”.

Kontreras Azərbaycan ərazilərinin Ermənistan tərəfindən ilhaq edilməsi mövzusunu davam etdirərək yazır ki, 23 il bundan əvvəl erməni silahlı dəstələri öz müstəqilliyini yenicə elan etmiş, hələ öz ordusu olmayan Azərbaycana hücum edərək ölkə ərazisinin bir hissəsini işğal ediblər. Ermənistan işğal edilmiş ərazilərdə bir milyona yaxın etnik azərbaycanlını öz doğma yurdlarından qovub və Xocalı şəhərinin dinc sakinlərinə qarşı qırğın törədib. Kişilərin, qadınların və uşaqların qətlə yetirilməsi, onların cəsədlərinin eybəcər hala salınması kimi dəhşətli faciənin şahidləri olmuş amerikalı və avropalı jurnalistləri vaxtilə bu qanlı səhnəni təsvir ediblər. Kontreras vurğulayır: “Bu faciəyə yalnız bir ad vermək olar – soyqırımı”.

Müəllif yazır ki, Azərbaycan İsraillə olduğu kimi, Birləşmiş Ştatlarla da dostluq münasibətləri saxlamaq istəyir, “lakin Prezident Obama Administrasiyası məntiqi ardıcıllığa məhəl qoymadan İsrailin dostu ilə əlaqə saxlamamağı üstün tutur”.

2013-cü ildə Azərbaycanda Prezident seçkiləri məsələsinə də toxunan Kontreras yazır ki, qərbli müşahidəçilərin məruzələri bir-birinə ziddir, Obama Administrasiyasının bu seçkilərə münasibəti isə müşahidəçilərin yalnız mənfi rəylərinə uyğundur. Müəllif nümunə kimi göstərir ki, müşahidəçilər missiyasında iştirak etmiş ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, Nyu-York ştatından olan Maykl MakMeyxon həmin seçkiləri “düzgün, ədalətli və səmərəli seçkilər” adlandırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR