Cənubi Qafqazın geosiyasi statusu dəyişirmi?

Cənubi Qafqazın geosiyasi statusu dəyişirmi?
11:37 7 Yanvar 2015
281 Dünya
Ölkə mətbuatı
A- A+

Müxtəlif regionlarda mürəkkəb proseslərin getdiyi bir zamanda həmişə diqqət mərkəzində olan Cənubi Qafqaza böyük dövlətlərin münasibətinin məzmunu maraq doğurur. Ekspertlər hesab edirlər ki, son illərdə baş verən geosiyasi dəyişikliklər bu bölgəni geosiyasətin "əyaləti"nə çevirməkdədir. İndi ABŞ, Aİ və Rusiya üçün Ukrayna faktoru daha çox önəmlidir. Lakin bu zaman unudulur ki, Cənubi Qafqaz dünyanın digər regionlarından geosiyasi təcrid vəziyyətində deyil. Bu səbəbdən Yaxın Şərq və ya Ukrayna amilinin əhəmiyyətinin artması dolayısı ilə Cənubi Qafqazdakı vəziyyətə də təsir göstərir. Digər tərəfdən, bu regionda yerləşən dövlətlərin daxili imkanları və xarici siyasət kursları fərqlidir və həmin məqam böyük dövlətlər tərəfindən nəzərə alınmalıdır. Ancaq təəssüf ki, hələlik bu, hiss edilmir. Bu vəziyyət bütövlükdə regionu haraya aparır?

Yeni şərait: region "geosiyasi əyalətə" çevrilir?

Geosiyasi məkan kimi Cənubi Qafqaz böyük dövlətlərin maraq dairəsində qalmaqdadır. Zaman-zaman onların bu bölgəyə yanaşmasında fərqlər üzə çıxır, lakin bütövlükdə regionun əhəmiyyəti dərk olunur. Maraqlıdır ki, bir sıra mütəxəssislər indi regional dinamikanın əvvəlki qaynaqlarının tükəndiyini, yenilərinin isə hələ formalaşmadığını vurğulayırlar ki, bu da, onların fikirlərinə görə, Cənubi Qafqazda özünəməxsus sabitliyin qərarlaşmasına təkan verə bilər (bax: Актуальные проблемы современной мировой политики. Ежегодник ИМИ – 2014 / Гл. ред. А.А. Орлов, ред. выпуска П.Б. Паршин. – М.: МГИМО-Университет, 2014. Вып. 2 (8). c. 8).

Bunun səbəbi kimi qlobal maliyyə-iqtisadi böhran və dünyanın böyük geosiyasi oyunçularının maraqlarında müşahidə edilən dəyişikliklər göstərilir. Həmin keyfiyyətdə əsasən ABŞ, Avropa İttifaqı və Rusiya arasında qarşılıqlı münasibətlərdə özünü göstərən ziddiyyətlər, İran və Türkiyənin regiondakı maraqlarında baş verən dəyişikliklər diqqətə alınır.

Bütün bunlara əsasən iddia edilir ki, Cənubi Qafqazın "geosiyasi əyalətləşməsi" prosesi getməkdədir (bax: əvvəlki mənbəyə). Bu, üç faktorun fonunda baş verir. Birincisi, ABŞ-ın Cənubi Qafqazdakı hadisələrdə iştirakının miqyası azalır. Onun əsas diqqəti Asiya-Sakit okean hövzəsi istiqamətinə yönəlir. Vaşinqton buraya böyük hərbi qüvvələr göndərir. Hərbi büdcənin həcmi isə bu il son dövrlərlə müqayisədə ən aşağı səviyyədə olub.

İkincisi, İranın nüvə proqramı ilə bağlı razılaşmaların əldə edilməsi şansının qalması Tehrana qarşı hərbi əməliyyatların keçirilməsi ehtimalını minimuma endirir ki, bu da özlüyündə İrana yaxın olan regionların Amerika üçün geosiyasi əhəmiyyətini azaldır.

Üçüncüsü, Ukrayna hadisələri Qərb üçün Cənubi Qafqazı sanki bir qədər arxa plana atıb. Eyni zamanda, ABŞ konkret olaraq Gürcüstana diqqətini artırmağa çalışır ki, bunu da bütövlükdə bölgəyə aid etmək çətindir. Bunlarla yanaşı, həmin regionun Amerikanın maraq dairəsindən çıxacağını təxmin etmək böyük yanlışlıq olardı. Sadəcə, hazırda formalaşmış bir sıra geosiyasi faktorların fonunda Vaşinqton fəallığını bir qədər azalda bilər.

Son vaxtlar müşahidə edilən proseslər mütəxəssislərin bu proqnozlarının da tam doğru olmadığını göstərir. Vaşinqton müxtəlif bəhanələrlə regionun lider dövləti olan Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır, bunun fonunda isə Ermənistan və Gürcüstana loyallıq nümayiş etdirir. Vaşinqton erməni lobbisinin, obrazlı desək, "nazı ilə oynamaqda" davam edir, Tbilisi ilə münasibətlərə daha çox önəm verir. Deməli, söhbət reallıqda Amerikanın region dövlətlərinin hər biri istiqamətində yeritdiyi siyasətində etdiyi müəyyən düzəlişlərdən gedə bilər.

Təqribən eyni vəziyyət Avropa İttifaqının Cənubi Qafqaz siyasətində də hökm sürür. Təşkilatın xarici siyasətində bu regionun əhəmiyyətinin azaldığı bildirilir (bax: əvvəlki mənbəyə). Ermənistanın assosiativ üzvlüklə bağlı sazişdən imtina etməsi və Azərbaycanın müstəqil mövqeyini ortaya qoyması Aİ-nin bu bölgədəki mövqeyinə təsir etməkdədir.

Mürəkkəb vəziyyət: 5 qüvvə arasında sıxıntılar

Doğrudur, Gürcüstanın yeni rəhbərliyi Amerikadan çox Avropa İttifaqına maraq göstərir. Lakin bu, sistemli xarakter daşımır və Brüssel üçün NATO faktorunun Cənubi Qafqazla bağlı əhəmiyyətini artırır. İndi Aİ region dövlətləri ilə münasibətlərin perspektivinə daha çox NATO-nun genişlənmə imkanları müstəvisində yanaşır. Bu tezisin tam doğruluğunu qəbul etmək bir qədər çətindir. Çünki bütün hallarda Brüsselin regionda öz maraqları var və Aİ onları müdafiə etməyə çalışacaq. Məsələn, təşkilat enerji sahəsində böyük fəallıq nümayiş etdirməklə, özünün bu sahədəki təhlükəsizliyinin təmin edilməsinə həyati məqam kimi yanaşır.

Avropa İttifaqının regionun geosiyasi dinamikasına təsir etmək cəhdlərini davam etdirəcəyini təxmin etmək olar. Onun ABŞ-la Rusiya arasında qalmaq istəmədiyi aydındır. Üstəlik, region uğrunda mübarizədə bu qüvvələrdən heç biri tam üstünlük əldə etməyib. Belə bir qeyri-müəyyən vəziyyətdə Brüsselin geri çəkilmək niyyətində olması inandırıcı deyil. Deyilənləri Ermənistanla əlaqələrin davam etdirilməsi, müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı danışıqların aparılması və s. təsdiq edir.

Eyni zamanda, burada Aİ-nin regiondakı mövqeyini zəiflədən bir məqamı da unutmamalıyıq. Məsələ təşkilatın bu bölgədə ikili standartlar siyasəti yeritməsindədir. İşğalçı Ermənistana yardımlar edilməsi, onunla əlaqələri genişləndirmək niyyətləri və bunun fonunda Azərbaycana qarşı müəyyən ittihamların irəli sürülməsi – bütün bunlar Avropa İttifaqının nüfuzunun əleyhinə olan proseslərdir. Bu yanaşma ilə çox əhəmiyyətli bir dövrdə Cənubi Qafqazda geosiyasi mövqeyi möhkəmlətmək olduqca çətin olardı. Lakin hələlik Brüsselin hansısa yeni addım atmaq istədiyini təsdiq edən fakt yoxdur.

Qərbin bu cür siyasəti fonunda regionda Rusiya amilinin əhəmiyyəti yüksəlməkdədir. Rəsmi Tbilisi Brüssellə əlaqələrə daha çox diqqət yetirsə də, Moskvanı unutmur. Son zamanlar iki ölkə arasında əməkdaşlıqla bağlı müzakirələr müəyyən nəticələr verməkdədir. Ancaq hələlik Gürcüstan-Rusiya münasibətlərinin strateji məzmun aldığını demək çətindir. Əvəzində Ermənistanın Kremldən asılılığı daha da çoxalıb.

Məsələ burasındadır ki, İrəvan Avrasiya İqtisadi İttifaqına üzvlük haqqında qərara gəldikdən sonra, Qərbin ona təsir imkanları minimuma endi. İndi Vaşinqton və Brüsseli Ermənistanı tam uzaqlaşdırmamaq istiqamətində addımlar atmaq maraqlandırırsa, Rusiya həmin ölkəni faktiki olaraq özünün bir əyaləti hesab edir ki, bu da regionda geosiyasi qeyri-müəyyənliyi artırır. Moskvanın təşəbbüsü əldən verəcəyini gözləmək əbəsdir.

Rusiyanın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğu aydındır. Azərbaycan regionda yeganə dövlətdir ki, özünün böyük şimal qonşusu ilə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında əlaqələr qurur. Azərbaycanın iqtisadi potensialı, həyata keçirdiyi səmərəli enerji və müstəqil xarici siyasəti bu ölkənin daha əhəmiyyətli tərəfdaş olduğunu təsdiq edir.

Mütəxəssislər vurğulayırlar ki, Qərb və Rusiyanın Cənubi Qafqazda nüfuz uğrunda apardıqları mübarizənin fonunda İran və Türkiyənin də burada fəallığı artmaqdadır. Həmin prosesdə Ankaranın imkanları daha yüksək qiymətləndirilir. Tehranın nüvə proqramı ilə bağlı müzakirələrin intensivləşməsi, onun da bu bölgədə şansını artırır. Lakin hələlik nə Türkiyə, nə də İran Qərb və Rusiya qədər güclü təsir mexanizmlərinə malik deyillər. Həmin aspektdə bu iki dövlətin regionda liderliyə can atmalarının bir nəticə verə biləcəyini demək çətindir.

Bunlar Cənubi Qafqazda sabitliyi təmin edən yeni şəraitin tam formalaşmadığını göstərir. Belə çıxır ki, bölgə hələlik geosiyasi qeyri-müəyyənlik zolağında qalmaqdadır. Bu isə bütövlükdə təhlükəli bir mənzərənin mövcudluğunu ortaya qoyur. Münaqişələrin həll edilməməsi bu aspektdə əlavə ciddi təhdidlər yaradır. Təəssüf ki, bu istiqamətdə böyük dövlətlər real addımlar atmır, Ermənistanı təcavüzkar siyasətindən döndərməyə çalışmırlar. Regionda hələlik öz maraqlarını təmin etmədiklərindən, onların bunu edəcəklərinə ümid azdır.

Beləliklə, Cənubi Qafqazın dünyanın böyük geosiyasi gücləri üçün "əyalət" statusuna keçməsi, bizcə, müvəqqəti xarakter daşıyır. Yaxın perspektivdə bu regionun daha kəskin mübarizə məkanına çevrilə biləcəyini istisna etmək olmaz. Bu cür vəziyyət bölgə xalqlarını təhlükəyə atmaqla yanaşı, qlobal geosiyasi proseslərə də mənfi təsir göstərə bilər.

Newtimes.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR