Bakıda bıçaqlanan peşəkar boksçunun atası danışdı - TƏFƏRRÜAT

Bakıda bıçaqlanan peşəkar boksçunun atası danışdı - TƏFƏRRÜAT
12:12 7 Yanvar 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

Bıçaqlanan Orxan Məmmədzadə peşəkar boksçu Əli İsmayılovun tələbəsidir
Dünən axşam saatlarında dostu ilə birlikdə “Sahil” metrosu yaxınlığında bıçaqlanan Orxan Məmmədzadənin valideyni anspress-lə əlaqə saxlayıb. O, bildirib ki, oğlu və dostu heç nəyin üstündə hücuma məruz qalıblar.

“Dostu ilə parkda it gəzdirirmişlər. İt yoldan ötən birinə hürüb. Bu da həmin insanın xoşuna gəlməyib. Mübahisə zamanı o, bıçaq çıxarıb. Görünür, şizofrenik olub. Ağıllı adam da boş-boşuna adam öldürər? İndi həmin adamı axtarırlar”, - deyə Orxan Məmmədzadənin valideyni bildirib.

Qeyd edək ki, ötən gün Bakının Səbail rayonu ərazisində iki dost bıçaqlanıb. Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsindən verilən məlumata görə, hadisə saat 18:54-də, “Sahil” metrosu yaxınlığında, Bülbül prospektində, “Sahil bağı” adlanan parkda baş verib. Bıçaqlanan şəxslərdən biri, 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənov hadisə yerində dünyasını dəyişib. Onun ürək nahiyəsində və boğazında bıçaq xəsarətləri olub.

Digər yaralı, 22 yaşlı Orxan Məmmədzadə isə qarın boşluğundan bıçaqlanıb. Onu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriblər. Xəstə həkim Mahir Mahmudovun iştirakı ilə əməliyyat edilib.

Mahir Mahmudovun verdiyi məlumata görə, xəstə uğurla əməliyyat olunub. Bu gün onu reanimasiya şöbəsindən palataya keçürəcəklər.

“Hazırda yaralının vəziyyəti stabil orta-ağırdır. Bıçaq xəstənin qarın nahiyəsindən dəydiyi üçün belə yaralar tədricən sağalır”, - deyə Mahir Mahmudov bildirib.

Orxan Məmmədzadənin peşəkar idmançı olduğu bildirilir. O, boksçudur və tanınmış idmançı Əli İsmayılovun yetirməsidir.

Hadisəni törədən gənc isə hadisə yerindən qaçıb.

Onun tapılması istiqamətində axtarışlar davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/317699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR