Paris Bakıya xüsusi önəm verir və Qarabağda mövcud status-kvonu qəbul etmir

Paris Bakıya xüsusi önəm verir və Qarabağda mövcud status-kvonu qəbul etmir
18:28 15 Mart 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin Fransa səfəri iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edirdi. Fransa-Azərbaycan münasibətlərinin qurulmasından 25 il ötür və bu müddət ərzində ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan Prezidentinin Fransada qarşılanma mərasimi, keçirdiyi görüşlər də Parisin Bakıya xüsusi önəm verdiyini açıq şəkildə göstərir.

Publika.az
xəbər verir ki, Prezident İlham Əliyevin Fransa səfəri bir sıra aspektdən əhəmiyyətli idi.

Azərbaycan Prezidentinin Fransa səfəri bu ölkənin biznes dairələrində maraqla qarşılandı. Dövlət başçısı Parisdə “Total”, “Thales İnternational”, “Airbus”, “CİFEL”, DCNS, “Credit Agricole SA”, “Vivaction”, “SEUZ” kimi nəhəng şirkətlərin rəhbərləri ilə təkbətək görüşlər keçirtdi. Hər bir şirkətlə müəyyən müqavilələr imzalandı. Bu, Azərbaycana yenin investisiyaların cəlb edilməsi baxımdan mühümdür.

Bu gün Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu, həm Azərbaycanın potensialını, həm də fransız biznes dairələrinin Azərbaycanda fəaliyyət göstərməyə marağını nümayiş etdirir. Təbii ki, burada əsas faktor Azərbaycanda əlverişli biznes və yüksək investisiya mühitinin, ölkənin böyük inkişaf potensialının olmasıdır. Məhz bu amillər dünyanın aparıcı iqtisadi və maliyyə qurumlarının diqqətini cəlb edir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda yeni reallıq və qonşularla yeni əməkdaşlıq formatı yaradıbdır. XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir. Əlverişli coğrafi mövqeyə malik, Asiya və Avropanın arasında yerləşən və müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan regionun nəqliyyat qovşağına çevrilibdir. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın göstərdiyi səyləri yüksək qiymətləndirir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin tərəfdarıdır. Azərbaycan istəyir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilsin, münaqişəyə son qoyulsun, bölgədə sülh təmin edilsin.

Prezident İlham Əliyev Fransa səfərində narahatlıq doğuran bir məsələni də diqqətə çatdırdı. Belə ki, bəzi xarici şirkətlər Azərbaycanın işğal olunmuş ərazilərində risk altında, qanunsuz fəaliyyət göstərir. Həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər bu fəaliyyətlə bağlı riskləri göz altına almalı və belə fəaliyyətdən çəkinməlidirlər. Bəzi Fransa şirkətlərinin həmin ərazilərdə iş qurması Azərbaycanla Fransa arasında dost münasibətlərinə uyğun deyil.

Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında bildirib ki, Fransa və Azərbaycan arasında konstruktiv münasibətlər mövcuddur: “Fransua Ollandın dəvəti ilə İlham Əliyevin Parisə səfər etməsi hər iki ölkənin maraqlarına cavab verir. Parisdə prezidentlər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə qərar verdilər. Bununla yanaşı, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və onun Qarabağla bağlı mövqeyi əhəmiyyətlidir. Münaqişənin həll olunmasında onun da mövqeyindən çox şey asılıdır”.

Politoloq Prezident İlham Əliyevlə Fransua Ollandın görüşündə Fransa prezidentinin “status-kvo qəbuledilməzdir” sözlərinə diqqət çəkib.

“Bu əhəmiyyətli məqamdır. Olland bu sözlərlə öz ölkəsinin siyasi elitasının ümumi fikrini ifadə edir. Azərbaycan Prezidenti də Fransada ölkəmizin mövqeyini aydın şəkildə ortaya qoydu”, - deyə o vurğulayıb.

Publika.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR