Oksana Çusovitina: "Ötənilki nailiyyətimi təkrar etmək istəyirəm" - FOTO

Oksana Çusovitina: "Ötənilki nailiyyətimi təkrar etmək istəyirəm" - FOTO
19:37 15 Mart 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

"İdman gimnastikası üzrə yarışlarda "AGF Trpophy"nin ötənilki qalibi, Özbəkistanı təmsil edən Oksana Çusovitina öz nəticəsini təkrar etmək niyyətindədir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə idmançı özü deyib.

Onun sözlərinə görə, o öz çıxışlarını başa vurmağa hazırlaşmır: "Demək olar ki, bu mənim işimdir, mən bunu sevə-sevə edirəm. İstənilən an, yorulduğumu hiss etsəm, mən dayana bilərəm. İndi hələlik məndə digərlərindən pis alınmır, niyə də davam etməyim".

Gimnast bildirib ki, bu il o dayaqla tullanmada və tir üzərində çıxış edəcək. Nəticələrə gəldikdə isə idmançı öz gözləntilərini açıqlamayıb: "Mən əvvəlcədən danışmaq istəmirəm. İstəyirəm elə çıxış edim ki, bu həm zala, həm də mənim məşqçimə xoş getsin. Bu il kifayət qədər ciddi rəqabət var. Hər bir gimnast potensial rəqib ola bilər. Ona görə meydançada bütün qüvvə ilə çıxış etmək lazımdır".

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR