Unibank-da mini MBA təhsili (FOTO)

Unibank-da mini MBA təhsili (FOTO)
12:31 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Unibank-ın əməkdaşları MBA təhsili alacaq. Amma bunun üçün Amerikaya, Avropaya və digər ölkələrə getmək lazım deyil, çünki dünyanın ən qabaqcıl biznes məktəblərinin praktiki məşğələlərindən ibarət ən yaxşı təcrübələr Unibank-ın özündə tədris olunacaq, həm də interaktiv şəkildə. Bankda yeni yaradılan “Unibank Akademiya” Departamenti menecerlər üçün Mini MBA proqramının tədrisinə başlayıb.

Proqramın açılış mərasimində Unibank-ın CEO-su Cəlal Qasımov bildirib ki, bank 2014-cü ili yüksək uğurlarla başa vurur: “Uğurlarımız, inkişafımız bizi arxayın salmamalıdır, daim üzərimizdə işləməli və daha çox şey öyrənməli, müasir biznes çağırışlarına cavab verməliyik. Elə Mini MBA proqramının əsas məqsədi də hər zaman yeni biliklər öyrənmək və ən yaxşılardan olmaqdır”.

Uniakademiyanın rəhbəri Aygün Babazadənin fikrincə isə yeni biliklər yüksək potensiallı orta kəsim menecerlərə daha yaxşı qərarlar qəbul etməkdə köməklik edəcək və bu da nəticədə maliyyə göstəricilərinə çevriləcək: “Unibank-ın Mini MBA proqramı əməliyyatların idarə olunmasından maliyyə funksiyaları, korporativ strategiyadan insan kapitalınadək bütün aspektlər üzrə məsələləri əhatə edir.

Proqram klassik MBA kurikulumuna əsaslanaraq akademik konsepsiyaların real biznes kontekstində tətbiqini önə çəkir. Kursu uğurla bitirmiş iştirakçılar Mini MBA proqramını bitirmə Sertifikatı ilə təmin olunacaqlar. Mühazirəçilərimiz dünyanın qabaqcıl universitetlərində təhsil almış və respublikanın ən aparıcı ali təhsil ocaqlarında akademik tədris verən peşəkarlardır”.

Mini MBA proqramının tədrisi ilə məşğul olacaq mühazirəçilər Unibank-da Mini MBA proqramının tədrisinin həm iştirakçılar və bank, həm də ümumilikdə cəmiyyət üçün çox faydalı olacağını bildirdilər.

Uniakademiyanın tərkibində “Mini MBA və Fundamental Biznes Bilikləri”, “Yumşaq Bacarıqlar”, “Proses və məhsullar üzrə təlimlər” və “Tədqiqat və Təqaüd Proqramları” şöbələri mövcuddur. Bu şöbələr bankın orta kəsim menecerləri ilə yanaşı, müştərilərlə ünsiyyətdə olan əməkdaşlara, yeni qəbul olmuş işçilərə treninqlər keçirəcək, bakalavr və magistrların tədqiqat və təqaüd proqramlarında iştirak etmələri üçün layihələr keçirməklə məşğul olacaq.

Unibank-hər kəsin bankı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR