​Ürəyimiz bulanır, yoxsa mədəmiz?

“Ürək bulanması deyə bir şey yoxdur, mədəmiz bulanar. Sadəcə bəzi terminlər dilimizə düzgün tələffüz olunmadığından belə qalıb”.

Bunu Metbuat.az-a açıqlamasında kardioloq Aynur Məmmədova deyib. Onun sözlərinə görə, mədə bulanması müxtəlif səbəblərdən ola bilər:

"Əgər dəniz havası və ya avtomobil sizi tutubsa, müalicəyə ehtiyac yoxdur. Amma heç bir səbəb olmadan mədəniz bulanırsa, mütləq həkimə müraciət etməlisiniz. Bu həzm orqanları xəstəliklərinin əlaməti ola bilər.

Hamiləlik zamanı qadınların çoxu mədə bulanması halları ilə üzləşir. Adətən bulantı qadınlarda hamiləliyin əvvəlində olur və bu simptom baş vermiş hamiləliyin ən birinci simptomlarından sayılır. Bulantının qarşısını almaq üçün 1-2 nanə yarpağı çeynəmək və ya nanə çayı içmək olar. Zəncəfil avtomobil tutan insanlara yaxşıdır. Hamilələr bulantı zamanı limon istifadə edə bilər".

Həkimin sözlərinə görə, badam və fındıq bulantıya yaxşıdır:

"Maye itkisi mədə bulantısını şiddətləndirən faktorlardan biridir. Xüsusilə, mədə bulantısı yaşadığınız günlərdə içdiyiniz suyun miqdarına diqqət edin. Alma lifli tərkibi ilə mədə bulantısına yol açan toksinlərin bədəndən xaric olmasını sürətləndirir".

Qeyd edək ki, bulantı ağır xəstəliklərin əlaməti ola bilər, həkimə müraciət etməkdə fayda var.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR