Yarıqaranlıq mətbəxdən 25 milyarda doğru: Məşhur brendlər necə yarandı? - TARİXÇƏ

Yarıqaranlıq mətbəxdən 25 milyarda doğru: Məşhur brendlər necə yarandı? - TARİXÇƏ
12:34 7 Yanvar 2015
190 Dünya
Ölkə mətbuatı
A- A+

Nəfəsimizi təravətləndirmək istəyəndə saqqız, əhvalımızı yüksəltmək və ağzımızın dadını dəyişmək üçün şokolad yeyirik. Çeşid bol, seçim çoxdur. Amma biz daha məşhur və "özündən sonraların banisi" olan brendlərdən yazacağıq.

 

"Orbit", "M&M S", "Mars", "Snickers"... Nəinki adları, yəqin,  dadları da çoxlarına məlumdur. Əgər pul qıtlığı çəkməsək, demək olar ki, hər marketdə asanlıqla tapa və ala biləcəyimiz bu qida məhsullarının yaradıcısı amerikalı Frenk Marsdır.

 

Franklin Klerens Mars 1882-ci ildə Minnesota ştatında doğulub. Gələcəyin böyük biznesmeninin ailəsi kasıb olub. Ona görə də yetkinlik yaşına çatan kimi Franklin ailəsinə  dəstək olmaq üçün cipsi satmağa başlayır. On doqquz yaşlı gənc "əli tutan" kimi sevdiyi Etel Kissak adlı xanımla ailə qurur. İki ildən sonra, yəni 1894-cü ildə cütlüyün oğlu doğulur. Ona Forest Franklin Mars adını verirlər. Lakin onların izdivacı uzun çəkmir. Franklin ikinci dəfə eyni adlı xanımla, yəni Etel Hili ilə ailə qurur. Bu birlik onun üçün həm yeni sevgi, həm də "şirin" həyat qazandırır. Məhz xanımının dəstəyi ilə Frenk şirniyyat biznesinə başlayır. 1911-ci ildə o, Etel ilə birgə Takoma şəhərində şəxsi mətbəxlərini açırlar.  Yarıqaranlıq mətbəxdə yağlı kremlə şirniyyat resepti hazırlayıb satmağa başlayırlar.

 

1923-cü ildə Marsın kiçik fabriki yeni baton şokolad , "Milky Way" istehsal edir. Bu şokolad  "Mayalanmış süd tərkibli şirin baton" sloqanı altında satışa çıxarılır. Məhz bu şokoladın sayəsində fabrikin gəlirləri demək olar ki, səkkiz dəfəyədək artır. O, yeni işçilər götürür, mağazaların sayını artırır.

 

Frenk Mars səhmlərini artırmaq üçün yeni yatırım yerləri axtarmağa başlayır. Ailə 1929-cu ildə  Çikaqoya gəlir, lakin burada biznesin ona baha başa gələcəyini görüb İllinoys ştatına üz tutur. Və bu ştat ona daha böyük gəlir qazandırır. Getdikcə işləri böyüyən Mars ailəsi həm də yeni şirniyyat reseptləri düşünüb hazırlamağa qərar verirlər. Beləcə, 1930-cu ildə "Snikers"  ərsəyə gəlir. Bu şokoladın bir dənəsi həmin dövrdə beş sentə satılırdı.

 

1932-ci ildə ata Mars oğlu Forest Marsa 50 min dollar və "Milky Way"in sirli reseptini hədiyyə edir. Pulu və resepti əldə edən Forest öz fabrikini açmaq üçün İngiltərəyə yollanır. O, burada yeni şokoladı "Mars" adı ilə satışa çıxarır.  Fabrikə də "Mars Limited" adını verir.

 

1934-cü ildə Frenk Mars ölür. Oğul Forest fabrikləri tək idarə etməyə başlayır və biznesini genişləndirərək 1936-cı ildə "Chappie Bros Ltd" ni alır. 1939-cu ildə İngiltərə ilk dəfə olaraq "Kitikat"ın reklamını görür. Günü gündən gəliri artan Forest Mars 1940-cı ildə Amerikaya dönür və Cersi ştatında yeni şokolad fabriki- "M&M S" i yaradır. Bu rəngli şokoladlar tezliklə alıcıların, xüsusən də uşaqların sevimli şirniyyatına çevrilir.

1950-ci illərdə Forest daha bir biznes fəndi işlədərək fabriklərinin məkanlarını dəyişir. Məsələn, "Chappie" ni Amerikaya daşıyır və adını dəyişərək "Pedigree" qoyur. "Whiskas"ı Böyük Britaniyaya köçürür. Beləcə yenilik edərək insanlarda maraq yaradır.

Forest Mars 1960-cı illərdə fabrikin istehsalını genişləndirərək it və pişiklər üçün yeməkləri satışa çıxarır.

1973-cü ildə isə "Klix" içkisi alıcılara təqdim olunur. 1977-ci ildə isə "Mars Ltd" beş prinsipi başlıca tutaraq dünyada öz sözünü deməyə başlayır. Keyfiyyət, məsuliyyət, qarşılıqlı anlaşma, səmərəlilik, azadlıq...

1980-ci ildə yeni içki – “Flavia” istehsal olunmağa başladı. Hətta 1982-ci ildə ilk dəfə kosmonavtlara özləri ilə şirniyyat götürməyə icazə veriləndə, onlar məhz "M&M S" i seçirdilər. Artıq Avstraliya, Belçika, Braziliya, İngiltərə və digər ölkələrində "Mars" fabrikinin məhsullardan geniş istifadə olunurdu.

1991-ci ildə isə Rusiya, Çexiya, Polşa "Mars Ltd"nin şirniyyatları ilə tanış oldu. Təxminən həmin dövrlərdən bu şokoladlar Azərbaycanda da satılmağa başladı.

1999-cu ildə 96 yaşlı Forest Mars ölür və şirkət nəvə Frenk Marsın əlinə keçir. Hazırda şirkətlərin taleyini nəvələr - Jaklin, Con və Forest həll edir. Ancaq şirkətlərin idarəsini nəvələrin birgə razılığı ilə Mars nəslinə heç bir qohumluğu olmayan Pol Maykls həyata keçirir.

 

"Mars Ltd" yarandığı ilk gündən indiyədək uğurunu qoruyub saxlaya bilib. 2007-ci ildə şirkətin gəliri 25 milyard dollar olub. Bu neçə illər ərzində KİV-də, sosial şəbəkələrdə həmişə reklamlarına xüsusi diqqət ayıran şirkət aktuallığını qoruyub saxlamaqdadır

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR