"Azərbaycan xalqı öz gələcəyini özü müəyyən edir" - Prezident

"Azərbaycan xalqı öz gələcəyini özü müəyyən edir" - Prezident
15:34 18 Mart 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

 

“Azərbaycanın iyirmi beş illik müstəqillik dövrü onu göstərir ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər və o dövlətlərin gələcəyi var”.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev Novruz şənliyində çıxışı zamanı deyib.

 

İlham Əliyev deyib  ki, Azərbaycan dövləti möhkəm milli-mənəvi dayaqlar üzərində qurulub və Azərbaycan xalqı öz mədəniyyəti, incəsənəti, ana dili, bayramlarını qoruyur, yaşadır: “ Azərbaycan dəyərləri, milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsil də bu ruhda, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır və bu gün Vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Vətəni ilə fəxr edir.

Azərbaycanda əldə edilmiş uğurlar ölkəmizi gücləndirir, gələcəyə nikbinliklə baxmaq üçün əsas verir, eyni zamanda, dünya miqyasında qiymətləndirilir. Daxili vəziyyətimiz sabitdir. Bu sabitliyin qarantı, təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və sabitliyin əsas amili də məhz budur. Hər şey müqayisədə ölçülür”.

 

Dövlət başçısı qeyd edib ki, ölkədə yaşanan sabitlik, əmin-amanlıq, vətəndaş birliyi, həmrəyliyi böyük sərvətdir: “ Bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr, əlbəttə ki, bizi çox narahat edir. Çünki biz təcridolunmuş vəziyyətdə yaşamırıq, bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risklər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Ona görə bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq, vətəndaş birliyi, həmrəyliyi əlbəttə ki, bizim böyük sərvətimizdir və biz bunu qoruyuruq. Yenə də qeyd etmək istəyirəm, bunu ancaq xalq-iqtidar birliyi qoruya bilər.

Azərbaycanda təhlükəsizlik təmin edilib, xalqımız rahat şəraitdə, təhlükəsizlik şəraitində yaşayır. Qurub-yaratmaq üçün bütün imkanlar var. İndiki dövrdə həm bölgəmizdə, həm Avrasiya qitəsində vəziyyət əfsuslar olsun ki, gərginləşib. Biz əlbəttə ki, ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq”.

 

 

“Azərbaycan xalqı bu 25 il ərzində açıq-aydın görür ki, bizim siyasətimiz ən düzgün siyasətdir. Biz öz taleyimizin sahibiyik. Biz siyasətimizi özümüz müəyyən edirik. Biz hər hansı bir kənar təsirə davam gətirə bilirik və yaxın tarix bunu göstəribdir. Eyni zamanda, yaxın tarix onu da göstərib ki, biz əgər hansısa kənar qüvvənin istəyi, diktəsi ilə hərəkət etsəydik, böyük problemlərlə üzləşə bilərdik” –deyə, İlham Əliyev qeyd edib.

 

İlham Əliyev  vurğulayıb ki, ölkədə yürüdülən müstəqil siyasət bizi mövcud olan risklərdən də qoruyur: “ Bizim müstəqil siyasətimiz qürur mənbəyimizdir. Bu, onu göstərir ki, Azərbaycan xalqı öz gələcəyini özü müəyyən edir. Eyni zamanda, müstəqil siyasətimiz bizi mövcud olan risklərdən də qoruyur. Hələ 5-6 il bundan əvvəl yaxın bölgələrdə vəziyyət tam başqa idi. Heç kim təsəvvür edə bilməzdi ki, bu bölgələrdə münaqişə, müharibə ocaqları yaranacaq, yüz minlərlə insan həlak olacaq, milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşəcək. Ancaq bütün bunlar artıq reallıqdır. Nəyə görə bu, baş verdi?! Əlbəttə ki, xarici müdaxiləyə görə. Biz bunu bilirik və mən həmişə bütün bu məsələlərlə bağlı öz mövqeyimi bildirmişəm. Eyni zamanda, o ölkələr müstəqil həyata hazır deyildilər. O ölkələrdə xalq-iqtidar birliyi yox idi. O ölkələrdə kütləvi narazılıq var idi. Ona görə belə acınacaqlı, bədbəxt hadisələr baş verdi. Bütün bunlar bizim gözümüzün önündə baş verir və bir daha həm xalqımıza, həm bütün dünyaya göstərir ki, bu gün Azərbaycan doğrudan da dünya miqyasında öz siyasəti ilə fərqlənən və bir çox ölkələr üçün nümunəyə çevrilən bir ölkədir”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR