Azərbaycanda toy karvanları ilə bağlı YENİLİK

Azərbaycanda toy karvanları ilə bağlı YENİLİK
13:24 7 Yanvar 2015
144 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi toy edənlərə xəbərdarlıq edib. Bu dəfə yol polisi toy karvanlarının bütün hərəkətini izləmək qərarına gəlib. Özü də kameralar vasitəsilə.

İdarənin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, toy mövsümünün başlaması ilə əlaqədar bir sıra narahatlıqlar yaranıb. Belə ki, bəy-gəlin cütlüyünün müşaiyəti zamanı avtomobil karvanında iştirak edənlərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması hallarının çoxalması DYP-ni sərt addımlar atmağa vadar edib: “Belə qayda pozuntuları Dövlət Yol Polisinin kameraları vasitəsilə aşkar olunduğu üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilk növbədə ailə quranları təbrik edir, onların valideynlərinə gözaydınlığı verir. Lakin eyni zamanda, xahiş və tələb edirik ki, qaydalara əməl edilməlidir. Bakı şəhəri ərazisində quraşdırılmış kameralar vasitəsilə hərəkətə tam nəzarət edilir. Kimliyindən asılı olmayaraq, yol hərəkəti qaydalarını pozanlar mütləq cəzalandırılacaq”.

Vaqif Əsədov bildirib ki, qayda pozuntusuna yol verən sürücülərin idarə etdiyi avtomobillər toy karvanından çıxarılacaq və cərimə meydançasına aparılacaq: “Toy karvanında avtoxuliqanlıq edənlərin maşınları cərimə meydançasına aparılacaq, özləri isə məhkəmə qərarı ilə həbs cəzası alacaqlar. Bildirmək istəyirik ki, toy karvanlarında səs siqnallarından lüzumsuz yerə istifadə edənlər, qarşı yola çıxanlar, süni sıxlıq yaradanlar, yolun hərəkət hissəsini bütövlükdə tutanlar, yol kəsişmələrində hərəkəti dayandıranlar, svetoforun tələbinə əməl etməyənlər, sürət həddini aşanlar, habelə, pərdə və plyonka, sayrışan işıqlarla avtomobil sürənlər tərəfimizdən ciddi cəzalandırılacaqlar. Bundan sonra kameralar vasitəsilə toy karvanlarının bütün hərəkəti izləniləcək və aşkar olunan qayda pozuntuları ilə bağlı tədbirlər görüləcək”.

Vaqif Əsədov bildirib ki, toy karvanlarına qarşı bu addımların atılması tıxacların və qəzaların qarşısının alınması, sürücülük mədəniyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Yeri gəlmişkən, Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında necə hərəkət etməyi öyrədən animasiya hazırlayıb. Animasiyada toy karvanlarında hərəkət qaydaları izah olunur. Burada həm də Azərbaycandakı toy karvanlarında xarakterik qayda pozuntuları da əksini tapır və bunun təhlükəli tərəfləri izah olunur. Məsələn, svetoforun qırmızı işığında hərəkət, yolun hərəkət hissəsini nizamsız şəkildə zəbt etməklə və qarşı yola çıxmaqla digər avtomobillərə təhlükə yaratmaq kimi təhlükəli əməllər toy karvanlarında tez-tez rast gəlinən hallardır. Son vaxtlar toy karvanlarında baş vermiş qəzalarda bu amillərin də rolu az deyil. Odur ki, DYP bu filmdə həmin qayda pozuntularının hansı nəticələrə gətirib çıxara biləcəyini izah edir və sürücüləri bundan çəkinməyə çağırır. Bu filmdə DYP sürücülərin və toy sahiblərinin nəzərinə çatdırır ki, yollardakı sıxlığı və toy mərasimi yerinə qədər olan məsafəni nəzərə alaraq toy karvanında maşınların sayını 6-dan çox etməsinlər. Eyni zamanda, toy karvanında olan avtomobillər mütəşəkkil şəkildə hərəkət edərkən yan-yana, dağınıq formada yox, yolun sağ hərəkət zolağı ilə bir cərgədə hərəkət etməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR