Hava şəraitinin kəskin dəyişməsi ehtimalı ilə əlaqədar “Azəryolservis” sutkalıq növbətçilik təşkil edib

13:37 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 13:34 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC havaların soyuq keçməsi və qarlı havanın olacağı ilə əlaqədar öncədən hazırlıq işləri görüb.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, ASC-nin tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə hazırlıq məqsədilə əmr hazırlanıb. Əmrə əsasən, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə ASC-nin mərkəzi aparatında qərargah yaradılıb.

 

Bundan başqa, yol istismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planı hazırlayaraq icrasına başlayıb. Buraya avtomobil yollarının və yol avadanlıqlarının texniki vəziyyətinə baxış, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların, küvetlərin təmizlənməsi, qum, texniki duz, yanacaq-sürtgü materialları ehtiyatının yaradılması və s. daxildir.

 

P. Mürsəliyev qeyd edib ki, ehtiyac yaranacağı təqdirdə, yollara səpilməsi üçün 25 min kubmetrdən çox qum, 1700 ton texniki duz ehtiyatı yaradılıb. Habelə 1 047 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib: “Zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşın-mexanizmlər və nəqliyyat vasitələrinin sayı da artırılacaq. Həmçinin sutkalıq növbətçilik də təşkil olunub”, - deyə P.Mürsəliyev əlavə edib.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 7-dən etibarən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, sulu qar və qar yağacağının gözlənildiyini xəbər verib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR