Azərbaycanda kəskin hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıq yayılıb

14:42 7 Yanvar 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 14:36 ]

Yanvarın 10-dək Azərbaycanda hava şəraiti çox kəskin dəyişəcək, havanın temperaturu 10-15 dərəcə düşəcək, çovğun olacaq, soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, Bakı və Abşeron yarımadasında yanvar ayının 7-si gecəyə doğru hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Yanvarın 8-9-da havanın temperaturu ötən günlə müqayisədə 10-15 dərəcə düşəcək. Yanvarın 8-də, 9-u gecə və səhər saatlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 8-də şimal küləyinin şiddətlənəcəyi və çovğun olacağı ehtimalı var.
 

Havanın temperaturu yanvarın 8-də gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 1-4 dərəcə şaxta olacağı gözlənilir.
 

Azərbaycanın rayonlarında isə yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 10-dək hava şəraitinin şaxtalı, qarlı keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı gözlənilir. Bəzi rayonlarda qərb küləyi güclənəcək. Yollar buz bağlayacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, qeyd olunub ki, yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15 dərəcə aşağı düşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir.

 

Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və yanvarın 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR