Türkiyəyə bomba ilə xəbərdarlıq etdilər

Türkiyəyə bomba ilə xəbərdarlıq etdilər
14:57 7 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən İstanbulun turizm mərkəzində qadın intiharçının özünü partlatmasını müxtəlif cür qiymətləndirmək olar. Lakin hadisənin kim tərəfindən törədilməsindən asılı olmayaraq, bu, ilk növbədə, Türkiyə üçün xəbərdarlıqdır.

Bunu ən azından terror aktının ölkənin hüquq-mühafizə orqanlarına qarşı törədilməsi təsdiq edir, yəni terror aktı kütləvi insan ölümü (üstəlik, xarici turistlər arasında) olmadan lokal xarakter daşıyıb.

Hazırda Türkiyə Suriya prezidenti Bəşər Əsədin devrilməsinin qatı tərəfdarıdır ki, bu da ölkəni Suriyada indiki rəhbərliyə qarşı döyüşən bütün qüvvələrin özünəməxsus "müttəfiqi" edir. Bu, onu göstərir ki, Türkiyəyə qarşı terror aktı həmin qüvvələrin marağında deyil. Üstəlik, qadın intiharçının pərəncədə olmasına görə bu terror aktını dərhal həmin qüvvələrin üzərinə atmaq lazım deyil.

Ankara və Kürd Fəhlə Partiyası (PKK) arasında ənənəvi qarşıdurmaya gəlincə, burada hər şey o qədər də asan deyil. Son zamanlar Türkiyənin rəsmi hakimiyyəti və kürdlər arasında əlaqələr isinib və Ankara onlara müəyyən siyasi və iqtisadi yardım göstərir. Ona görə də kürdlər qarşısında açılan perspektivlər bu terror aktını onlar üçün sərfəli etmir. Bundan başqa, PKK terrorçu-intiharçıdan istifadə etməklə qarşıdurma metodlarını tətbiq etmir.

Türkiyə son illər bir çox dəyişikliklər yaşayıb. Ankara regionda və onun hüdudlarından kənarda nüfuzlu oyunçulardan birinə çevrilib. Ölkənin daxili siyasətində də əhəmiyyətli dəyişikliklər baş verib. Xüsusilə hazırda ölkənin indiki rəhbərliyi və ABŞ-ın fəal dəstəklədiyi din xadimi Fətullah Gülən hərəkatı arasında qarşıdurma müşahidə olunur. Bununla da Ankara çox inadkar olub və onun siyasi maraqları çox vaxt dünyanın iri siyasi oyunçularının maraqları ilə toqquşur. Baş vermiş partlayış Türkiyə üçün xəbərdarlıq ola bilərdi.

Terror aktının polis əməkdaşlarına qarşı həyata keçirilməsi az əhəmiyyətli faktor deyil. Son illər Gülən hərəkatı ilə qarşıdurma çərçivəsində İstanbul və digər iri şəhərlərin polis əməkdaşları bu hərəkatla əlaqə qurmaqda ittiham olunub və kadr dəyişiklikləri nəticəsində onlar ya işdən azad edilib, ya da əyalətlərdə işləməyə göndəriliblər. Hazırda Türkiyə KİV-ləri terror aktını "gözdən qaçıran" hüquq-mühafizə sisteminin zəifləməsindən yazırlar.

Araşdırma zamanı müəyyən edilib ki, intiharçı sol radikal terror qruplaşması olan "İnqilabi xalq azadlıq partiyası-cəbhəsi"nin (DHKP-C) üzvüdür. Məhz bu təşkilat 2013-cü ilin mayında Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində 56 nəfərin ölümü, 155 nəfərin yaralanması ilə nəticələnən terrror aktlarına görə təqsirkardır. Qruplaşmanın üzvləri daha əvvəl Ankarada ABŞ səfirliyinin binasında terror aktı törətmişdilər. O zaman mühafizə əməkdaşı ölmüş, daha bir nəfər isə yaralanmışdı. Bu hadisələr zamanı intiharçılardan istifadə olunmamışdı.

Terrorçu-intiharçının şəxsiyyətinə gəlincə, bu, Əlif Sultan Kalsendir. O, Kocaeli Universitetinin Beynəlxalq əlaqələr kafedrasının tələbəsidir. 2012-ci ildə Əlif Sultan Kalsenin adı Türkiyə Baş Polis İdarəsinin dərc etdiyi 9 "canlı bomba" siyahısına daxil edilib. Siyahı dərc edildikdən sonra Kalsen dərhal bunu təkzib etdi. Həmin vaxt müxalif Cümhuriyyət Xalq Partiyası onun müdafiəsinə qalxdı. Məhz dünən İstanbulda terror aktını Kalsen törətdi.

Rufiz Hafizoğlu
Trend

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR