Mövsümi meyvə-tərəvəz zəhərlənmələrindən necə qorunaq?

Meyvə-tərəvəz zəhərlənmələri ildən-ilə daha çox aktuallıq qazanır. Amerikada CDC-nin məlumatına əsasən, ildə 76 mln qida zəhərlənməsi hallarına rast gəlinir ki, bunun da əsas hissəsi meyvə-tərəvəzin payına düşür.

“Əsas səbəb meyvə-tərəvəzin yetişdirilməsi və daşınması zamanı kimyəvi maddələrin istifadəsinin və miqdarının artması, sanitar gigiyenik normativlərin pozulması, yeməkxanalarda kontaminasiyadır”.

Bunu Metbuat.az-a açıqlamasında həkim-qostroentroloq Habil Hüseynov deyib: “Meyvə-tərəvəz əsasən termiki emaldan keçmədən çiy halda istifadə edildiyinə görə, bulaşmış bakteria, virus və göbələklərin ötürülməsində aktiv rol alır. Əsasən Shigella, Noroviruslar, A hepatiti, Giardia lamblia və Rotaviruslar çiy meyvə-tərəvəz vasitəsi ilə yoluxur”.

Sirr deyil ki, meyvə-tərəvəz artıq piştaxtalarda bütün il boyu dolu olur. Bunun səbəbi istilikxanalarda hər mövsümdə yetişdirilməsi, uzun müddət saxlanılması və satış görüntüsünü qorumaq üçün toksik kimyəvi qarışıqların istifadə edilməsidir. Nitratların, pestisidlərin, böyümə hormonlarının, parafin və difenilin və s. bol-bol istifadə edilməsi məhsulu nə qədər böyük və cazibədar etsə də, bir o qədər də təhlükəli edir. Çünki bu vasitələr məhsulun içərisində yüksək konsentrasiyada toplanmağa başlayır. Axar su altında və hətta qaynar suda belə yumaq kifayət etmir.

Həkim meyvə-tərəvəz zəhərlənmələrindən qorunmaq üçün bunlara diqqət etməyin vacibliyini bildirib: “Əsasən mövsümündə və təbii şəraitdə yetişmiş, coğrafi əraziyə məxsus olan məhsulların istifadəsinə üstünlük verin. Çox böyük və cəlbedici meyvələrdən ehtiyatlı olun. Aldığınız məhsulu istifadə etməzdən əvvəl qaynar və axar su altında yuyun. Yuyularkən diqqət edilsin ki, qabıq üzərində yağla bulaşıq görüntü varsa, tam təmizlənsin və ya qabığı soyulduqdan sonra istifadə edilsin. Kontaminasiyadan qaçmaq üçün yeməkxanalarda gigiyenik normativlərə ciddi əməl etmək lazımdır. Qida sektorunda işləyən xəstə və daşıyıcılar zamanında aşkarlanıb müalicə üçün kənarlaşdırılmalıdır”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR