Prezident İlham Əliyev: "Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur"

Prezident İlham Əliyev: "Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur"
15:32 10 Aprel 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu ilin birinci rübündə Bakıda keçirilən və 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının iştirak etdiyi V Qlobal Forum, ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında belə deyib.

Bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, 2017-ci il bizim üçün uğurlu il olacaq. Dövlətimizin başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd etdi, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü söylədi.

Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdəki iştirakından danışan Prezident İlham Əliyev bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmini vurğuladı. 2017-ci ilin ilk 3 ayında Azərbaycana 7 dövlət başçısının səfər etdiyini xatırladan Prezident İlham Əliyev bunu ölkəmizə olan hörmətin göstəricisi kimi qiymətləndirdi. 

İqtisadiyyatımızın əsas göstəricilərinə nəzər salan Prezident İlham Əliyev ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığını bildirdi. Birinci rübdə valyuta ehtiyatlarımızın 1 milyard dollar səviyyəsində artdığını və bu gün valyuta ehtiyatlarımızın 38,5 milyard dollar təşkil etdiyini deyən dövlətimizin başçısı bunu önəmli məsələ adlandırdı. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.

Bu göstəricilərin iqtisadi inkişafımızı aydın əks etdirdiyini, gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyimizi deyən Prezident İlham Əliyev birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını da diqqətə çatdırdı. Yeni iş yerlərinin yaradılmasının təkcə dövlət sektorunda deyil, özəl sektorda da davam etdiyini, özəl sektorda 40 mindən çox yeni iş yerinin yaradıldığını deyən dövlətimizin başçısı bunu iqtisadi inkişafın təzahürü adlandırdı.

Bu il Cənub Qaz Dəhlizi ilə bağlı önəmli hadisə kimi Bakıda artıq üçüncü dəfə keçirilən Məşvərət Şurasının iclasını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, bu iclasın yekunu olaraq ölkəmizin liderlik rolunun qeyd edildiyi qətnamə qəbul olunub. Bildirdi ki, Cənub Qaz Dəhlizinin tezliklə istifadəyə verilməsi həm bizim, həm layihədə iştirak edən, həm də gələcəkdə bu layihədən xeyir götürəcək ölkələr üçün önəmlidir.

Prezident İlham Əliyev nəqliyyat sektorunda da bu ilin əvvəlində yaxşı nəticələrin qeyd edildiyini bildirdi, Astaraçay çayı üzərindən keçən körpü vasitəsilə mart ayında Azərbaycandan İrana birinci qatarın yol salındığını diqqətə çatdırdı, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də bu il istifadəyə verilməsinin nəzərdə tutulduğunu dedi.

Dövlətimizin başçısı bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərində 25 faiz artımın olduğunu qeyd edərək, bunu Azərbaycanda mövcud olan sabitlik, yaradılan müasir infrastruktur, ölkəmizdəki 6 hava limanı, gözəl yolların, otellərin inşası, müalicəvi turizmin inkişafı ilə əlaqələndirdi. Bildirdi ki, 3 ay ərzində "ASAN viza" xətti ilə 40 min viza verilib. Səksəndən çox ölkə vətəndaşı elektron vizalar alır. Bu gün Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyən Prezident İlham Əliyev gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini dedi və bunun böyük idman bayramı olacağını vurğuladı.

Sonra müdafiə sənayesi naziri Yavər Camalov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev çıxış etdilər.

İclasa yekun vuran Prezident İlham Əliyev 2017-ci ilin ilk aylarının yaxşı nəticələrlə yekunlaşdığını bildirdi. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsini önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğuladı ki, süni qiymət artımına yol verilməməlidir. Dövlət büdcəsinin icrasının uğurla getdiyini, builki investisiya proqramının tam şəkildə icra edilməsinin vacibliyini, ölkə üçün ən lazımlı layihələrə vəsaitin ayrıldığını, maliyyə vəziyyətimizin yaxşı olduğunu bildirən dövlətimizin başçısı valyuta ehtiyatlarımızın xarici borcumuzdan 5 dəfədən çox olduğunu söylədi və bunu yaxşı nəticə adlandırdı. Diqqətə çatdırdı ki, bu il inşaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir. Bakıda 300-dən çox yeni hündürmərtəbəli bina tikilir və minlərlə yeni iş yeri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür, həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, yaxud da kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi. Bu prosesin artıq geniş vüsət aldığını, mikrorayonlarla bağlı da layihənin icra ediləcəyini deyən Prezident İlham Əliyev binaların birinci mərtəbələrində uşaq bağçalarının inşa edilməsini tapşırdı və bu yolla da uşaq bağçası probleminin həll ediləcəyini söylədi.

Prezident İlham Əliyev sənaye istehsalı və kənd təsərrüfatı sahələrini prioritet sahələr adlandırdı. Rayonlarda sənaye zonalarının yaradıldığını deyən dövlətimizin başçısı kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılmasının nəzərdə tutulduğunu, yeni zavodların istifadəyə veriləcəyini qeyd etdi və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğuladı.

Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlətimizin başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, müxtəlif ölkələrdə ticarət evlərinin yaradıldığını, ticarət-ixrac missiyalarının həyata keçirildiyini qeyd etdi. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılmasının, yeni ixrac bazarlarına çıxışın təmin edilməsinin, logistika mərkəzlərinin yaradılmasının vacibliyini söylədi. Prezident İlham Əliyev bildirdi ki, il ərzində infrastruktur layihələrinin icrasına diqqət yetiriləcək. Bunlar elektrik enerjisi ilə təminat, qazlaşdırma, içməli su, yolların inşası layihələridir. "Sovetski" adlanan ərazinin abadlaşacağını, yeni gözəl istirahət məkanının yaradılacağını qeyd edən dövlətimizin başçısı sosial-infrastruktur layihələrinin icra olunduğunu, modul tipli 3 məktəbin tikildiyini, əlavə 12 belə məktəbin inşasının nəzərdə tutulduğunu söylədi. Bu ilin birinci rübündə 13 tibb müəssisəsi də tikilib və ya əsaslı təmir edilib. Bu il Abşeron və Ağcabədi olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Bölgələrdə məşğulluğun artırılmasının daim diqqətdə saxlanılmasının vacibliyini bildirən dövlətimizin başçısı sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesinin davam edəcəyini diqqətə çatdırdı. Qeyd etdi ki, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır. Bu il Quba və Mingəçevirdə "ASAN xidmət" mərkəzlərinin açılacağını deyən Prezident İlham Əliyev Şəki və İmişlidə də belə mərkəzlərin binalarının tikintisinin aparıldığını diqqətə çatdırdı.

Sonda dövlətimizin başçısı bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılmasının vacibliyini vurğuladı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR