​ABŞ donanması Şimali Koreyaya istiqamətləndi

ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, raket sınaqlarını davam etdirən Şimali Koreya Donald Trampın növbəti hədəfinə çevrilib.

Trampin əmri ilə USS Karl Vinson təyyarə gəmisinin rəhbərlik etdiyi hücum donanması Koreya Yarımadasına getmək üçün Sakit Okeana doğru yola çıxıb. ABŞ Müdafiə Nazirliyi qaynaqları USS Karl Vinson təyyarə gəmisinin rəhbərliyindəki hücum donanmasının Sinqapurdan Koreya yarımadasına gedəcəyini açıqlayıb.

Suriyadan sonra hədəf Şimali Koreyadırmı?

Mövzu ilə bağlı Metbuat.az-ın suallarını cavablandıran millət vəkili Elman Nəsirli bildirib ki, Birləşmiş Ştatlara məxsus hərbi gəmilərin Şimali Koreya istiqamətində yönəldilməsi ABŞ-ın sərt bir siyasət həyata keçirdiyini göstərir:

“Son hadisələr onu göstərir ki, Tramp adminstrasiyası özü üçün təhlükə mənbəyi hesab etdiyi dövlətlərlə bağlı radikal addımlar atmağa başlayıb. Bir çox hallarda ABŞ-ın müəyyən siyasi dairələri Tramp –ın bu addımlarından təəccübləndiklərini gizlətmirlər. Çünki Tramp seçkiqabağı kompaniyası zamanı Suriyaya qarşı yumuşaq mövqeyi ilə diqqəti cəlb edirdi. Şimali Koreya ilə bağlı da elə bir sərt ittihamları yox idi. O, Bəşər Əsədin hakimiyyətdən getməsi ilə bağlı olduqca yumuşaq mövqedən çıxış edirdi. Hətta son vaxtlar Əsədin hakimiyyətdən getmə məsələsi ABŞ-ın gündəliyində dayanmadığını qeyd etmişdi. Bu reallıqlar fonunda, Suriyaya qarşı “Tomaqavk” raketlərinin istifadə edilməsi və Bəşər Əsəd hakimiyyətinə məxsus bir çox obyektlərin hədəf seçilməsi bu qənaətə gəlməyə əsas verir ki, Trampın fikirlərində köklü dəyişikliklər baş verməkdədir. Bir çox hallarda isə Respublikaçılar üçün ənənəvi olan “əzələ nümayişi” siaysəti Trampın siyasi gedişlərində son günlər özünü daha çox göstərməyə başlayıb. Bu konteksdə, Şimali Koreya ilə bağlı Trampın çox sərt bir siyasət yeritdiyinin şahidi olmaqdayıq”.

Şimali Koreyaya münasibtədə də “Tomaqavk” raketlərindən istifadə oluna bilərmi?

Millət vəkili qeyd etdi ki, Suriya ilə Şimali Koreyanı qarışdırmaq olmaz:

“Məsələ ondadır ki, Şimali Koreya nüvə silahlarına malikdir. Bu nöqteyi nəzərdən, nüvə dövləti olan Şimali Koreyaya raketlə istiqamətlənmək tragedik mənzərədir. Bir çox siyası təhlilçilərin ümumi qənaəti ondan ibarətdir ki, ABŞ nüvə dövlətləri ilə sakit dildə danışır. Raketlə həmin ölkələrin hədəf alınması qeyri-real səslənir. Bu mənada hesab etmək olar ki, Şimali Koreyaya müəyyən təziqlər ola bilər. Amma onların raketlə vurulması inandırıcı görünmür. Necə deyərlər, Şimali Koreya Suriya deyil”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR